İraq türkmənlərinin lideri, Türkməneli Partiyasının sədri Riyaz Sarıkahyanın qardaşı Ziyad Camal Sarıkahya 59 yaşında vəfat edib.
Hafta.az-a Kərkükdən verilən məlumata görə, 29 avqust 1963-cü il doğumlu mərhum Ziyad Camal Sarıkahya da qardaşı Riyaz Sarıkahya kimi, həyatını türkmənlərin milli mücadiləsinə sərf etmiş, könlü-gözü açıq, sakit, mədəni və ziyalı bir şəxs olub.

Onun gənclik illəri o qədər də rahat keçməyib. Riyaz Sarıkahyanın türkmən milli hərəkatına liderlik etməsi Səddam Hüseyn rejimini bərk narahat etdiyi üçün onun ailə üzvlərini, o cümlədən Ziyad Camal Sarıkahyanı daima təqib edib. O vaxt həyatına yaranmış təhlükənin fərqinə varan Riyaz Sarıkahya müvəqqəti olaraq, özü üçün daha təhlükəsiz məkan bildiyi Ərbilə getsə də, Ziyad Camal Sarıkahya heç vaxt doğma Kərkükü tərk etməyi ağlına gətirməyib. Hansı ki, kölgə olub onu izləyən İraq Kəşfiyyat İdarəsinin əməkdaşları dəfələrlə istintaq qurub, sorğu-sual ediblər, lakin ondan istədikləri bilgiləri ala bilməyiblər. Hətta onu saatlarla, günlərlə təcridxanalarda saxlayıblar, amma o, türkmən millətçiliyindən dönməyib.

Ziyad Camal Sarıkahya millətçi olduğu qədər də dinə, imana bağlı biri olub. Başından aşan işini də görər, namazlarının vaxtıda da qaçırmazdı. Müqəddəs məkanları, o cümlədən Məkkə və Mədinəni bir neçə dəfə ziyarət edib.
O, aktiv siyasi xadim olmasa da, türkmən milli hərəkatına aid bütün tədbirlərdə iştirak edərmiş. Kərkükdə keçirilən istər mitinq və nümayişlər olsun, istər hər hansı siyasi-sosial, mədəni mahiyyətli toplantılar, müzakirələr, istərsə də müxtəlif türkmən partiyalarında keçirilən görüşlər, hamısında maksimum iştirak etməyə çalışarmış.
Beləliklə, tarix boyu başı müsibətlər çəkmiş türkmən xalqı daha bir millətsevərini ömrünün orta çağlarında itirdi.
Allah rəhmət eləsin!