İraqda “Qarabağ: münaqişənin tarixi” adlı kitab nəşr olunub. İraqlı professor doktor Mutəzz Muhy Əbdülhəmidin müəllifi olduğu kitabda Qarabağın tarixinə, münaqişənin yaranmasından 2020-ci ildə həll olunmasınadək keçən bütün mərhələlərə geniş şəkildə nəzər salınır.
Hafta.az xəbər verir ki, “əs-Seyma” nəşriyyat evində ərəb dilində çapdan çıxan əsər Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımızın üzləşdiyi faciələrin və problemlərin İraq, ümumilikdə isə digər ərəb ölkələrinin oxucularına yaxından tanıdılması baxımından əhəmiyyətli nəşrdir.
Kitabda, həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistanın zəbt etdiyi Qarabağ torpaqlarında törətdiyi cinayətlər, etnik təmizləmə siyasəti və qırğınlar, tarixi-dini abidələri dağıtması və məscidləri təhqir etməsi haqqında faktlar da yer alıb.
Müəllif Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar, həyata keçirdiyi islahatlar barədə də məlumat verir, Prezident İlham Əliyevin apardığı uğurlu və uzaqgörən daxili və xarici siyasətindən danışır.
Qeyd edək ki, kitabda AZƏRTAC-ın da materiallarından istifadə edilib, istinadlar verilib.
Müəllifin çapa hazırlanan növbəti kitabı isə Azərbaycan torpaqlarının işğaldan azad olunması, tarixi ədalətin bərpası ilə nəticələnmiş Vətən müharibəsi və postmünaqişə dövrü ilə bağlıdır.