Qlobal Media Forumunun Şüşada keçirilməsi, Prezidentin çıxışı, toxunduğu məsələlər dünyaya verilən mühüm mesaj idi. Dostlar sevinməli, düşmən bundan nəticə çıxarmalıdır. Bu fikirləri hafta.az-a deputat Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, bir dövlət olaraq hər zaman sülhün tərəfdarıyıq və Cənubi Qafqazda sülhü bərqərar etmək üçün heç bir dövlətin vasitəçiliyinə ehtiyacımız yoxdur. Sülh üçün həm Ermənistan, həm Azərbaycanın birgə müraciəti əsasında ATƏT Minsk Qrupu ləğv olunmalı, Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir.
“30 ilə yaxın bir müddətdə ATƏT-in Minsk Qrupu yaranma məqsədinə uyğun heç bir fəaliyyət göstərməyib. Bu müddət ərzində təşkilat gündəliyində olan tapşırıqları doğru yerinə yetirməmişdi. Azərbaycanın işğal altında olan torpaqlarını öz gücü ilə azad etməsi sözügedən təşkilatın heç bir işə yaramadığını düşünməyə əsas verir”.
A.Nağıyev əlavə olaraq qeyd edib ki, bu təşkilatın tərkibinə daxil olan dövlətlər Ermənistanın dəstəkçiləridir. Ona görə də bu məsələdə heç bir şəffaflıqdan söz gedə bilməz. Zaman özü də bunu sübut etdi.
“Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var. Burada olan bəzi müstəqillik haqqında müddəalar Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddir. Əlbəttə ki, sülh bağlamaq istədiyin ölkəyə qarşı konstitusiyada ərazi iddiasının olması absurd məsələdir. Ona görə də bu məsələnin həlli sülhə gedən yolda önəmli addımlardan biri ola bilər”.
A.Nağıyev qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyanın İlham Əliyevlə bir araya gəlməkdən imtina etməsinin kökündə məhz bu məsələ durur.
“Ancaq rəsmi İravan başa düşməlidir ki, bu, həll edilmədən heç bir sülhdən söz gedə bilməz. Prosesin reallaşması üçün Ermənistan hakimiyyəti erməni cəmiyyətinə ideoloji təsir etməlidir. Sülhün bərqərar olması, gələcəkdə yeni hərbi münaqişələrin yaranmaması üçün Ermənistan bu danşıqlara getməlidir.
Bütün dünya bilir ki, Ermənistanın daxili və xarici siyasəti Fransa kimi dövlətlərdən asılıdır. Bununla yanaşı bilirlər ki, sülh müqaviləsi bağlanarsa, sarkisyanlar, köçəryanlar həbs olunmalıdır. Ona görə də bu prosesdən yayınırlar. Amma bilməlidirlər ki, sühdən başqa yolları yoxdur. Sülhdən imtina Ermənistanı uçuruma aparır”.