İrəvana COP29 dəvəti - AKTUAL

11:41 29.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin payızında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim konfransı ərəfəsində Bakı növbəti dəfə üzv olduğu beynəlxalq təşkilatların norma və prinsiplərinə sadiqliyini nümayiş etdirib.

Azərbaycan Ermənistanı COR29-a dəvət edib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu Şuşada keçirilən II Qlobal Media Forumuna bildirib.

Hikmət Hacıyev COP29-un Prezidenti Muxtar Babayevin Ermənistan xarici işlər nazirinə rəsmi dəvət məktubu ünvanladığını nəzərə çatdırıb: "Biz Ermənistanı rəsmən COP29-a dəvət etmişik. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş iradəsini və inklüziv yanaşmasını göstərir. İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb".

Göründüyü kimi, Ermənistanla Azərbaycan arasında hələ də sülh müqaviləsinin olmaması, işğal faktı və digər amillərin mövcudluğuna baxmayaraq Bakı ev sahibi qismində bütün ölkələrə bərabər şərait yaratmağa hazır olduğunu bəyan edir. Bu mövqe tək bəyanatlarla yox, həm də əməli addımlarla təsdiqlənir. 

Qeyd edək ki, qarşıdan gələn Qlobal İqlim Konfransı Birləşmiş Millətlər Təşkilatının tədbiri olduğundan Azərbaycan tədbirə ev sahibliyi edən ölkə kimi BMT-nin bütün üzv dövlətlərinə dəvət göndərir. Bu baxımdan Ermənistana göndərilən dəvətdə də heç bir siyasi çalar yoxdur. Bu, sadəcə BMT normalarına uyğun olaraq atılmış addımdır.

Hələlik rəsmi İrəvanın Bakının dəvətinə hansı reaksiyanı göstərəcəyi məlum deyil. Erməni KİV-nin Xarici İşlər Nazirliyinə ünvanladığı sorğular da cavabsız qalmaqdadır. Bununla belə, Ermənistanın bu dəvət məktubundan da özünün siyasi dividentləri məqsədi ilə yararlanmağa çalışacağının işartıları artıq görünməkdədir. İrəvandan daxil olan məlumatlara əsasən, Ermənistan bu məsələni birbaşa olaraq Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi ilə əlaqələndirərək, məhz siyasi müstəviyə keçirməyə çalışır.

Diqqət edək, Ermənistan parlamentinin müdafiə komitəsinin sədri Andranik Köçəryan öz düşüncəsində İrəvanın Bakının dəvətinə müsbət cavab verməsi və Ararat Mirzoyanın Bakıya səfər etməsinin bəzi "şərtlərə" bağlı olduğunu açıqlayıb. Onun sözlərinə görə, dəvətin cavabsız qalmaması üçün Bakı "onun məqsədlərində və planlarında sülhün dominant olduğunu sübut etməlidir". Köçəryan Bakının dəvətini “normal” adlandırıb, lakin qeyd edib ki, Ermənistan nümayəndəsinin iştirak etməsi üçün Bakı öz ritorikasını dəyişməlidir.

Qeyd edək ki, erməni müxalifəti Ararat Mirzoyanın Bakıya dəvətini “macəra” adlandırıb və bunu qəbul etməklə İrəvanın heç bir dividend ala bilməyəcəyini bəyan edib.

Bununla belə, Köçəryan müxalifətin mesajını tənqid edərək, onun nümayəndələrinin Ermənistanın təhlükəsizliyi və milli maraqları ilə bağlı məsələlərdən çoxdan geri çəkildiyini qeyd edib.

Beləliklə, İrəvan öz xarici işlər nazirinin COP29 konfransında iştirakı ilə bağlı sövdələşməyə başlamaq niyyətini gizlətmir. Ararat Mirzoyanın Bakıya gəlişi naminə Azərbaycan Ermənistanla sülhün əldə edilməsi məsələsində öz mövqelərinə düzəliş etməyəcəyindən ölkəmiz növbəti dəfə Ərəvanın primitiv və açıq-aydın əks-məhsuldar taktikası ilə üzləşib.

Bakıya qarşı beynəlxalq məhkəmədə ermənilərin ruporuna çevrilən keçmiş "prokuror" Luis Moreno Ocamponun da bu dəvətdən sonra səsləndirdiyi fikirlər söylədiklərimizi təsdiqləyir. O bildirib ki, BMT-nin noyabrda keçirilməsi planlaşdırılan İqlim Konfransı hazırda Azərbaycanda həbsdə olan separatçıların "azad edilməsi üçün görünməmiş şans" adlandırıb. O, bu məqsədlə xüsusi kampaniyaya başlamaqğa çağırıb.

Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edib-etməyəcəyini avqustda açıqlayacaq. Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb. Nəşr yazır ki, Paşinyan avqust ayında mətbuat konfransı keçirəcək və burada Ermənistanın Azərbaycan tərəfindən COP29-a dəvət olunması məsələsinə toxunacaq.

Bütün bunların fonunda dəyişməyən tək bir reallıq var. Azərbaycanın sülh üçün irəli sürdüyü tələblər. Bu tələblər ölkəmizə qarşı ərazi iddialarına birdəfəlik son qoyulması ilə bağlıdır. Hansı ki, Ermənistan Konstitusiyası və daxili qanunvericilik aktlarının dəyişdirilməsindən keçir. Həmçinin artıq heç bir əhəmiyyəti qalmayan, tarixdə işğala haq qazandıran bir format kimi ad çıxaran ATƏT-in Minsk qrupunun ləğv edilməsi də Bakının əsas sülh şərtlərindən biridir. Göründüyü kimi, bu tələblərin noyabrda keçirilməsi planlaşdırılan Beynəlxalq İqlim Konfransına heç bir aidiyyatı yoxdur. İrəvanın iki məsələni bir-biri ilə əlaqələndirərək hansısa dividentlər götürmək cəhdləri isə əvvəldən uğursuzluğa məhkumdur. Bakının sülh gündəliyi dəyişməz olaraq qalır. Əgər Ermənistan öz Xarici İşlər Nazirliyinin rəhbərini Bakıya göndərmək niyyətindədirsə, o zaman bu məsələni siyasiləşdirmədən və xüsusən də heç bir şərt irəli sürmədən bunu etməlidir. Əks halda noyabrda bütün dünya ən azı iki həftə Bakının, Azərbaycanın adını hallandıracaq. Dünyadakı əsas proseslərin qəlbi Bakıda döyünəcək. Ermənistan isə bütün bunları hər zaman olduğu kimi, yenə də kənardan izləyərək qalacaq.

Ləman Əliyeva