İşləməyən elektrikdoldurma aparatları

12:10 05.04.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycanda vətəndaşların elektrikli avtomobillərə marağını artırmaq üçün bir sıra addımlar atılır. Ölkəyə gətirilən elektromobillərlə yanaşı, onların elektrik doldurucuları da vergidən azad edilib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” üzrə altqrupunun növbəti iclasında isə bu istiqamətdə yeni qərarlar qəbul olunub. İclas zamanı ölkəmizdə ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat şəbəkəsinin genişləndirilməsi, elektrikdoldurma infrastrukturunun mövcud vəziyyəti, qanunvericilikdə təsbit olunana qədər elektrikdoldurma xidməti sahəsində bazar iştirakçıları arasında münasibətlərin tənzimlənməsi, müvafiq sahədə tətbiq edilməsi planlaşdırılan müqavilələr, əməkdaşlıq sənədləri, eləcə də 2025-ci il üçün Yol Xəritəsində nəzərdə tutulan digər tapşırıqlar barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, elektrikdoldurma xidməti bazarı üçün vahid platformanın hazırlanması və elektrikdoldurma xidməti göstərən məntəqələrin sözügedən platformaya inteqrasiyası məsələləri də müzakirə edilib.

Butün bu addımlara baxmayaraq elektromobil sahiblərinə elektrik doldurma xidməti göstərən bir qrup sahibkar “Azərişıq” ASC-dən narazıdır. Üzləşdikləri problemlər barədə mediaya danışan iş adamları deyib ki, səhmdar cəmiyyəti onların fəaliyyətinə əngəl törədir, ölkənin müxtəlif ərazilərində quraşdırdıqları elektrik stansiyalarına görə texniki şərt almağı tələb edir. Buna əməl etmədikdə isə stansiyaların elektrik enerjisi təchizatı dayandırılır. Artıq Rusiya ilə dövlət sərhədinə qədər olan magistral yolda, eləcə də Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Şəkidə quraşdırılmış onlarla stansiya söndürülüb.

“Azərişıq”ın idarə rəisi Vaqif Mustafayev isə deyib ki, əlavə elektrik güclərinin hamısı dövlət qeydiyyatına alınmalıdır: “Nəzərə alınmayan güclər şəbəkəyə qoşulduqda gözlənilməz açılmalar, izafi yüklənmədən qəza halları baş verir ki, bu da həmin zonada digər istehlakçıların, xüsusilə vətəndaşların elektrik enerjisi ilə təchizatında fasilələr yaradır”.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, əslində ölkəmizdə enerjidoldurma məntəqələrinin sayı kifayət qədər deyil: “Xüsusilə bölgələrdə məntəqələrin sayı artırılmalıdır. Cihazların bir hissəsini sahibkarlar, özəl qurumlar digər hissəsini isə dövlət qurumları təşkil edir. Ümid edirəm ki, dövlət stimullaşdırıcı tədbirlər həyata keçirəcək. Bunlar regionlarda enerjidoldurma məntəqələri, cihazları quraşdıran sahibkarlara müəyyən subsidiyaların verilməsi, güzəştlərın tətbiqi ola bilər. Çünki artan tələbat fonunda infrastrukturların buna uyğun şəkildə genişləndirilməsi vacibdir”.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da elektromobillər artır: “Eyni zamanda da ölkənin müxtəlif yerlərində bu barədə tədbirlər görülür. Cənab Prezidentin sərəncamı ilə infrastruktur yaradılır. Quraşdırılan elektrik yükləmə məntəqələri isə kifayət qədər bahalı mexanizmlərdir. Kiminsə quraşdırması və oradan pul qazanması real görsənmir. Bunu etmək üçün dövlətin dəstəyi lazımdır. İstifadə edilən elektrik enerjisinində qiyməti nisbətən baha olduğu üçün vətəndaşlara biraz sərf etmir. Normalda bizdə ən baha elektrik enerjisi 20 qəpikdir. Vətəndaşlar üçün limit tətbiq edilir. Bu isə enerjidoldurma məntəqəsində nisbətən daha bahadır. Təxminən, 1 kilovatı 25-30 qəpiyə çıxır. Düşünürəm, bu enerji ən aşağı tariflə olmalıdır”.