Qəzəblənən sakinlər Malaqa şəhərinin mərkəzindəki binaların xarici görünüşünə düşmən mesajları yapışdıraraq turistləri “evə getməyə” çağırıblar.
Hafta.az-ın yazdığına görə, turistlərin mənzillərinə yapışdırılan stikerlərdə “Buradan turist iyi gəlir”, “Burada bir ailə yaşayırdı”, “Bura əvvəllər mənim evim idi” kimi ifadələr yer alıb.
Qeydlər ilk dəfə Dani Drunko kimi tanınan bar sahibinin binalardakı mənzil lövhələrinin müxtəlif yazılarla dəyişdirilməsi ideyasını irəli sürməsindən sonra ortaya çıxıb.
Ramon Franquelo küçəsindəki bir barın sahibi olan Drunko, Malaqa mərkəzli xəbər saytı “Sur”a deyib ki, 10 ildir yaşadığı evdən çıxarılıb, çünki ev turistlərə icarəyə verildiyi üçün müqaviləni yeniləyə bilməyib.
Drunko stikerlər yazaraq mənzillərə yapışdırmaq haqda ideya ilə çıxış etdikdən sonra cəmiyyət "çox yaradıcı" bir şəkildə bu prosesə qatılıb və artıq məsələ nəzarətdən çıxıb.
“Hamı bu işə qoşularaq əlindən gələni elədi ki, onları çap edib mərkəzin bütün küçələrinə yapışdırsınlar. Mən bu cür yazıları getdikcə daha çox görürəm”, - Drunko deyib.
Bununla belə, Drunko "turistlərlə heç bir probleminin olmadığını" deyib və icmanın mənzil probleminin tənzimlənməsini istədiyini vurğulayıb.
İspaniya Sosialist İşçi Partiyasının (PSOE) əyalət katibi Dani Peres “X”dəki səhifəsində yazaraq bu fikri təşviq edib: “Yazılanlarda da deyildiyi kimi, əvvəllər Centro var idi. Bu gün Malaqa küçələrində gəzərkən kilidi və şifrəsi olmayan mənzil tapmaq demək olar ki, mümkün deyil”.
Peres Malaqanın sağçı meri Pako de la Torreni də tənqid edərək, "Malaqalılar üçün barmağını belə qaldırmır və onları doğulduğu şəhərdən qovmağa davam edir" deyib.
Bununla belə, Malaqada yaşayan vəkil Xuan Luis Qomez kampaniyanı tənqid edib: “Turizmin əleyhinə olan eyni adamlar o zaman iş istəyirlər, sanki biz yaşayışımızı aerokosmik sənayedən əldə edirik. Turizmi tənzimləməklə ləğv etmək tamam başqa şeylərdir”.