İsrail əsgəri: "Niyə bizə nifrət etdiklərini başa düşürəm"

09:50 06.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

CNN telekanalı siyasi baxışları ilə müharibə mühiti arasında ziddiyyət yaşayan İsrail əsgərləri ilə danışıb.

Hafta.az-ın yazdığına görə, İsrail əsgəri Amos Şani Atzmon Qəzzadakı fələstinliləri İsrailə nifrət etməkdə günahlandırmadığını deyib.

"Onların bunun üçün yaxşı səbəbləri var. Siz görürsünüz ki, şəhərlər bombalanır və alovlanır... Qəzzada yaxın dostum öldürüldü və mən bütün ailəsi bombalanan insanlar haqqında düşündüm", - Atzmon deyib.

Keçən yayı minlərlə insanla baş nazir Benyamin Netanyahuya və onun məhkəmə islahat planına etiraz etdiyini ifadə edən Atzmon, "solçu əsgər" olduğunu söyləyib.

İsrailin iki dövlətli həll üçün çalışması lazım olduğunu bildirən Atzmon, "Fələstinlilər öz azadlıqlarına sahib olana qədər bizimlə mübarizəni dayandırmayacaqlar. İnanıram ki, son məqsəd bu olmalıdır" deyə bildirib.

O bildirib ki, onun siyasi ideyaları və dəstəkləmədiyi hökumət uğrunda mübarizə müharibə mühitinin reallıqlarına uyğunlaşmağı çətinləşdirir.

7 oktyabr hücumlarından saatlar sonra hərbi xidmətə çağırıldığını bildirən Atzmon, "Qəzzada uşaq və qocaların ölümünə görə çox üzgünəm. Eyni şey mənim kimi gənclər üçün də keçərlidir. Ölmək istəmirik. Lakin mənim özümü, ailəmi, dostlarımı və yaxınlarımı qorumaq hüququm var. Bu, mürəkkəb vəziyyətdir. Demirəm ki, belə deyil, amma mən 100 faiz əminəm ki, özümü müdafiə edirəm. Tarixin sağ tərəfi - mən xalqımı qorumağa çalışıram" deyib.

Özünü sağçı kimi təqdim edən 35 yaşlı əsgər Emmanuel isə İsrailin uzun illər Qəzzanı nəzarətdə saxlaması lazım olduğunu müdafiə edib. O, Qərb Şeriya modelinin Qəzza üçün nümunə ola biləcəyini bildirib.

"Fələstinlilər İordan çayının qərb sahilindəki kimi öz ərazilərinə nəzarət etməlidirlər, lakin İsrailin hər şəhər və kəndə çıxışı olmalıdır. Ramallaha daxil olmaq istəyiriksə, bu problem deyil. Biz girib təhlükəni aradan qaldıra bilərik", - Emmanuel bildirib.

35 yaşlı İsrail əsgəri də "Yeni qəsəbələr salmalıyıq. Xeyr, ona görə deyil ki, fələstinliləri məhv etmək istəyirik. Düşmənlərimizə qarşı hər kəsin qəbul edəcəyi açıq bir qələbə qazanmalıyıq” deyib.

Digər 19 yaşlı əsgər Mendel siyasi fikir ayrılıqlarının hazırda mənasız olduğuna diqqət çəkib.

Mendel, "Siyasət həqiqətən əhəmiyyət kəsb etmir. Biz ictimaiyyəti və bir-birimizi qorumaq üçün buradayıq. Nə düşündüyünüz, necə göründüyünüz, haradan gəldiyinizin əhəmiyyəti yoxdur" deyib.