Təl-Əvivdəki hərbi dairələr hərbi performansla bağlı şiddətli fikir ayrılıqlarının şəxsi döyüşlərə çevrilməsi ilə bağlı qapalı otaqlardan çıxmağa başlayan “generallar müharibəsi” təhlükəsi barədə xəbərdarlıq ediblər. Həmin dairələr bəzi keçmiş ordu generallarının mübahisələri çözmək üçün müdaxilə etdiyini bildirərək, baş verənlərin müharibələrdə əsgərlərin mənəviyyatına “strateji ziyan” vurduğunu bildiriblər.
Hafta.az-ın yazdığına görə, ehtiyatda olan general-mayor Yisrael Ziv, "Bu atmosfer siyasi səviyyədə qərarların qəbulu prosesində qərarsızlığın nəticəsidir" deyib. “Bu, ordunun imkanlarını və səriştəsini zəiflədir, məqsədlərinə çatmaq imkanlarını azaldır və nailiyyətlərini puç edir” deyən daha əvvəl Baş Qərargahda əməliyyat idarəsinin rəisi vəzifəsində çalışmış Ziv bunun əsas səbəbini hərbi səviyyə üçün real və konkret hədəflərin müəyyən edilməməsində görüb.
İsrail mediası, ordu komandirləri arasındakı fikir ayrılığının Baş Qərargah rəisi Herzi Halevi ilə Baş Qərargah üzvlərinə qədər uzandığı və Həmas-ın hücumundan sonra Qəzza zolağında müharibənin uğursuzluğuna "şəxsən" cavabdeh olan generallardan tələb etdiyinə dair sızıntılar yayımlayıb.
“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Halevi və digər generallara ünvanlanan tənqidlər “son dərəcə obyektiv, peşəkar və qanuni” olsa da, ciddidir və orduya pis təsir göstərir. Daha təhlükəlisi isə ordu rəhbərliyi tərəfindən bunlara məhəl qoyulmamasıdır. Qəzet Halevinin Şimal Korpusunun komandiri general Saar Tzuru vəzifəsindən uzaqlaşdırmaq, ordudan tərxis etmək və yerinə 98-ci diviziya komandiri briqada generalı Den Qoldfus təyin etmək qərarından sonra Halevi ilə Saar Tzur arasında “birbaşa münaqişə”yə toxunub. Baş Qərargahdakı zabitlər Hizbullah-a qarşı daha geniş müharibə ehtimalı fonunda Tzurun tərxis edilməsinin "yaxşı fikir olmadığını" düşünsələr də, bu zabitlərdən bəziləri "Tzurun Korpus Komandanlığında göstərdiyi performansa görə yüksəlməyə layiq olduğunu" söyləyib.
İsrail mediası Tzurun Halevi ilə görüşü zamanı dediyini sitat gətirib: “Uğursuzluğa uğrayan və ayrılmalı olan mənəm? Uğursuzluğa görə hələ də öz vəzifələrində olan insanlar var".
Halevi Hərbi Kəşfiyyat rəisinin istefa verdiyini cavablandırdıqda, Tzur “Bəs digərləri?” deyə soruşub. Tzur, oktyabrın 7-də uğursuzluğa görə məsuliyyət daşıdığını açıqlayan, lakin hələ də istefa verməyən Haleviyə istinad edib.
Batalyon komandirləri kursunda iştirak edən zabitlər uğursuzluğa görə məsuliyyət daşısalar da, istefa verməyən zabitləri sərt şəkildə tənqid ediblər. “Haaretz”in verdiyi məlumata görə, yüksək rütbəli zabit “Uğursuzluğa görə Baş Qərargah rəisi cavabdehdir. İsrail ordusu özəl təşkilat deyil. Baş Qərargah rəisi üzərinə düşən vəzifəni yerinə yetirməli, İsrail ordusu və dövlətinin rifahı üçün kreslosunu boşaltmalıdır. Yaxşı rəhbər, cəsur və yaxşı insan olan Haleviyə yazığım gəlir, amma bacarmadı. Orduya başqası rəhbərlik etməlidir. Uğursuzluqda birbaşa əli olan hər kəs evinə getməlidir. Biz bu hərəkətlərlə gənc zabitlərə və ictimaiyyətə hansı mesajı veririk?” deyib.
İsrailin “Kanal 12” televiziyası bildirib ki, Baş Qərargahda keçirilən iclasda ordu generalları ilə Baş Qərargah rəisi Halevi arasında 241 günlük müharibə çərçivəsində ordunun "durğunluğu" ilə bağlı müzakirə aparılıb.
“Kanal 12”nin verdiyi xəbərdə, çərşənbə axşamı Baş Qərargahda "həssas" danışıqlar zamanı Halevi ilə bir sıra generallar arasında görüş "kəskin və sərt" keçirib, çünki onlar İsrail ordusunun Qəzza müharibəsindəki əməliyyatlarının idarə edilməsinə və effektivliyinə etiraz edib. Ordunun "Qəzza zolağında qələbə qazana bilmədiyi"ni hiss edən generallar zabitlərin "digər danışıqlara" diqqət yetirərkən aktual məsələləri müzakirə edə biləcəyi "kifayət qədər məsləhətləşmələrin" olmamasına etiraz bildiriblər Kanal Halevinin Baş Qərargahda həftəlik iclas keçirdiyini, lakin bu, narazı zabitlərin Baş Qərargah rəisini sərt tənqid etməsinə mane olmadığını qeyd edib.
Xəbərə görə, Halevi generallara belə cavab verib: “Müharibənin ilk günlərində məsuliyyəti öz üzərimə götürdüm. Mən açıq şəkildə etiraf etdim ki, məsuliyyət daşıyıram və məsuliyyət hissi hər zaman, müharibə kontekstində hər qərarı verərəkən məni müşayiət edir. Bu mərhələdə müharibənin məqsədlərinə çatmağa fokuslanmışam və bu masanın ətrafında oturan hər kəsin mənim kimi düşünməsini və hərəkət etməsini gözləyirəm".