İran-Azərbaycan münasibətlərində yaranan gərginlik və bununla əlaqədar İran rəsmilərinin davamlı açıqlamaları və Azərbaycan rəsmilərinin, konkret olaraq ölkə başçısının bu istiqamətdə önə çəkdiyi fikirlər çox mühüm məqamlardan xəbər verir. İran İsraili önə çəkərək, artıq 3-cü ölkələrin Azərbaycanda olduğunu və ərazidə təlimlər keçirməsindən narahat olduğunu ifadə edir. Ölkəmizin başçısı açıq şəkildə bildirdi ki, nə İsrail burda var, nə də başqaları. Əgər fakt varsa, ortaya çıxarsınlar. Prezidentin İranın iddialarına qarşı bu bəyanatı qonşu ölkəyə açıq mesajdır.
Bunu hafta.az-a politoloq, Demokratik Dəyişim Platformasının rəhbəri Əli Mustafa deyib.
Qeyd edib ki, ran Azərbaycanı daha çox İsraillə əməkdaşlıqda qınayır, ittiham edir. Onun sözlərinə görə, İranın bu yanaşması əslində öz gerçək niyyətini gizlətməyə xidmət edən bir prinsipdir.
“Söhbət ondan gedir ki, həm İranın içində, həm Azərbaycanda, həm də bütövlükdə İslam aləmində İranın Azərbaycana yönəlik niyyətlərinin farş olunması bütövlükdə onun nüfuzunu sarsıdar. Çünki bu niyyətlər son dərəcə saf, xoş olmayan niyyətlərdir. Bu niyyətləri ört-basdır eləmək üçün elə bir tezis düşünülməliydi ki, bu coğrafiyada anlaşılsın, təqdir olunsun. Bu baxımdan da, İran tərəfindən İsrail-Azərbaycan əlaqələrində “sionizm” tezisi qabardılır”.
Politoloq bildirib ki, İranın uzun illərdir Amerika ilə də belə bir ritorikası var. Buna baxmayaraq, həm Amerika, həm İsraillə müəyyən əlaqələrinin olması heç kəsə sirr deyil. O, hesab edir ki, İsraillə bağlı əməkdaşlıq məsələsində İran özü Azərbaycandan da daha dərinə gedir.
“İran bu məsələdə səmimi deyil. Onlar yəhudilərə, İsraillə münasibətlərə, sionizmə qarşı təbliğat aparsalar da, İran dövlətinin fəaliyyətini araşdırsaq görəcəyik ki, bu elementlər onun özündə kifayət qədərdir. Digər tərəfdən, İranın apardığı siyasətə baxsaq, görəcəyik ki, onun hədəfində əsasən İslam ölkələridir.Hətta mən deyərdim ki, İsrailin İslam ölkələrinə münasibəti daha xoşdur, nəinki İranın. Ona görə də, İranın Azərbaycanı İsraillə münasibətlərə görə hədəfə götürməsi son dərəcədə qeyri-səmimi yanaşmadır. İran Azərbaycan dövlətinin müstəqilliyini istəmir, Azərbaycan türklərinin dünya birliyində mövcudluğunu özünün mövcudluğuna təhdid kimi görür. Biz İrana dost münasibətində olsaq da, hər zaman dəstəkləsək də, qonşuluq münasibətləri göstərsək də, bütün hallarda o, Azərbaycan dövlətinin varlığına bir təhdid kimi baxır”.
Politoloq bildirib ki, Prezidentin İranla bağlı sərgilədiyi fikirlərin ideyasında qonşu dövlətin Azərbaycana qarşı haqsız ittihamlar sərgilədiyini nümayiş olunur. Onun fikrincə, əgər İran işğaldan azad ölunmuş bölgələrdə İsrailin mövcudluğunu irəli sürürsə, Prezident İlham Əliyev isə onları bölgəyə gəlib işğaldan sonra ermənilərin yaratdığı vəziyyəti öz gözləri ilə görməyə dəvət edir.
“Prezident bəyan edir ki, gəlin görün burda nə var. Burda nəinki İsrail var, hətta Qarabağın özü belə yoxdur. Burda Cəbrayıl yoxdur, Füzuli yoxdur. Bir dənə yaşamaq üçün ev yoxdur, bir insan yoxdur. Ermənistan İranın dəstəyi ilə bu yerləri viran qoyub. Minlərlə kənd, qəsəbə darmadağın edilib. Burda bəşəriyyətin ən böyük cinayəti törədilib. Bütün bunlara rəğmən burda hansısa İsrail izi axtarmaq, Azərbaycanı nədəsə ittiham etmək absurddur. Qonşuluq münasibətlərinə uyğun deyil. Prezident İranın bu məsələdə əsassız olduğunu bəyan etdi. Bu kifayət qədər ciddi arqumentdir”
Politoloq hesab edir ki, İranla münasibətlərdə yeni bir mərhələnin başlanması mümkündür. Düşünürəm ki, biz İranla nə qədər qonşuluq, dostluq münasibətlərinə önəm versək də, Tehranın indiyə qədər gizli davam etdirdiyi anti-Azərbaycan münasibəti də aktiv fazaya keçib.
“Ola bilər ki, İran Azərbaycana qarşı xoş olmayan münasibətlərindən imtina edəcək və Azərbaycana olan niyyəti dəyişəcək. Amma bunun qısa müddətdə baş verəcəyini düşünmürəm”.
Ə.Mustafa hesab edir ki, İranla münasibətlərdə daha çox müdafiənin təşkilinə üstünlük vermək, Türkiyə-Pakistan ikilisi ilə əməkdaşlığını dərinləşdirmək lazımdır.
“Vaxt itirmdən Türkiyənin Azərbaycanda hərbi bazalarını qurmaq lazımdır. Çünki İran, Rusiya kimi dövlətlər güclə hesablaşırlar. Bunlar yalnız güclünün qarşısında geri çəkilirlər. Düşünürəm ki, İranın bu həmləsi yalnız Azərbaycanla bağlı deyil. İranın başı qalmaqaldadır”.