Gələn il Ağcabədidə yeni müasir suvarma sistemləri quraşdırılacaq

14:39 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayonunda buğdanın orta məhsuldarlığı son 10 ildə 10 sentner artaraq 47,8 sentnerə, arpanın məhsuldarlığı isə 9,6 sentner artaraq 39,3 sentnerə çatıb. Bu, o deməkdir ki, Ağcabədi artıq Dövlət Proqramında buğda istehsalında qarşıya qoyulan 50 sentner hədəfinə çox yaxındır.

Hafta.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədidə keçirilən regional müşavirədə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda rayonda bütün əkinlərin 16 faizi, o cümlədən taxıl əkinlərinin 26 faizi müasir suvarma qurğuları altındadır:

"Kiçik təsərrüfatlarda 2000 hektardan artıq sahədə fermerlər damcı və çiləmə suvarma texnologiyası tətbiq edirlər. “Gələn ilin əkinlərinin daha 5000 hektarında yeni müasir suvarma sistemləri quraşdırılacaq. Dövlət başçısının müəyyən etdiyi 300 min hektarlıq müasir suvarma sistemləri hədəfinə Ağcabədi ən böyük töhfəni verən rayonlardan biri olacaq. Xüsusilə Qarabağ kanalının yenidən qurulması rayonun su təminatında tarixi dönüş yaradacaq”.