"TələbəPlus"kartı ilə ölkənin ali təhsil müəssisələrinin tələbələri üçün müəyyən güzəştlərin həyata keçirildiyi layihə çərçivəsində bakalavriat, magistratura və doktorantura üzrə bütün kurslarda təhsil alan tələbələrə xüsusi 10%-lik nəqliyyat güzəştləri hazırlanır.
Bəs ictimai nəqliyyatda güzəşt məsələsi daha kimlərə şamil olmalıdır?
Hafta.az xəbər verir ki, deputat Naqif Həmzəyev açıqlamasında bildirib ki, şəhid ailələrinə, təqaüdçülərə, şagird və müəllimlərə də buna bənzər güzəştlərin gələcəkdə tətbiq olunması məqsədəuyğun olardı:
"Çünki bu kateqoriyalara aid vətəndaşlar ictimai nəqliyyatdan ən çox istifadə edən qruplar sırasındadır. Xüsusilə şagird və tələbələrin, eləcə də təqaüdçülərin gündəlik nəqliyyat xərclərinin azaldılması onların sosial rifahına müsbət təsir göstərə bilər. Eyni zamanda, şəhid ailələri və qazilər üçün nəqliyyat güzəştlərinin genişləndirilməsi dövlətin sosial dəstək siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər. Müəllimlərə belə güzəştlərin tətbiqi isə onların əməyinə verilən dəyərin göstəricilərindən biri olar"./redaktor.az/