İşsiz əfqanlar dağlarda tunel qazaraq qızıl axtarırlar

10:05 13.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda bir qrup işsiz kişi Bədəxşan bölgəsindəki dağlarda qızıl axtarışına başlayıb.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, xəbərdə təxminən 10 nəfərlik qrupun öz səyləri ilə kiçik bir mədən quraraq qızıl axtarışına başladığı bildirilir.

Əvvəllər Feyzabadda mexanik olaraq çox az iş tapa bilmiş 30 yaşlı Homayon AFP-yə "5-6 nəfərimiz işsiz idi. Ona görə də bura gəlib nə tapa biləcəyimizi görmək istədik" deyib.

Qrupdakılar yanacaq, işçi qüvvəsi və istifadə etdikləri alətlərə sərmayə qoyduğu, ancaq qazdıqları 4 tuneldə heç nə tapa bilmədikləri deyiblər.

Bölgədəki digər mədənlərin də məhsuldar olduğunu bildirən Homayon, bu səbəbdən qazma işlərini davam etdirdiklərini və sərvət tapma ehtimalının borca ​​girmək riskindən daha çox olduğunu qeyd edib.

Başqa bir mədənçi Qədir Xan, "İnsanlar var ki, borca ​​düşüb, sonra belə tunellərdə heç nə tapa bilməyiblər və nəticədə 200-300 min əfqani itiriblər. Onların borclarını ödəmək üçün pul qazanmaqdan başqa işləri yox idi” deyib.

74 yaşlı Qədir Xan yaşına baxmayaraq işləməkdən başqa çarəsinin olmadığını bildirib.

60 yaşlı fəhlə Şərif əvvəllər heyvandarlıqla məşğul olduğunu, lakin bir ildir ki, mədən sahəsinə keçdiyini bildirib. İki oğlunun İrana iş tapmaq üçün getdiyini deyən Şərif “Hələ əkinçiliklə məşğuluq, amma əvvəlki kimi yox” sözləri ilə ölkədəki quraqlığa diqqət çəkib.

Mədənçilərin tapdıqları az miqdarda qızılı daşdan-torpaqdan ayırmaq üçün ənənəvi yuma üsullarından istifadə etdikləri bildirilib.

AFP-nin hesabatında qeyd olunub ki, bu mədənçilər əhəmiyyətli miqdarda qızıl tapsalar belə, qazanclarının 20 faizini Taliban hakimiyyətinə ödəməlidirlər.

Əfqanıstandakı işsizlik səbəbindən dağlarda tunellər qazaraq qızıl axtaran işçilərin yeganə riski borc almaq deyil. Ölkə tez-tez mədənlərdə çökmə və insan itkiləri ilə gündəmə gəlir.

Homayonla işləyən mədənçilər, başqa bir ərazidə çalışan bir dostunun ötən ay çökmə nəticəsində öldüyünü söyləyib.

2019-cu ildə Bədəxşanda qızıl mədəninin çökməsi nəticəsində ən azı 30 nəfər həlak olub.