İstanbul zəlzələsindən sonra 2 ssenari xəbərdarlığı

09:05 25.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ bütün şəhərdə çaxnaşmaya səbəb olub. Zəlzələdən sonra mütəxəssislər təkanların gözlənilən böyük İstanbul zəlzələsinin bir hissəsi olub-olmadığını müzakirə etməyə başlayıblar. Alman Geologiya Elmləri Araşdırma Mərkəzindən (GFZ) professor Marko Bohnhoff iki fərqli ssenariyə işarə edib.

Hafta.az-ın yazdığına görə, professor Bohnhoff “Deutsche Welle Turkish”ə verdiyi açıqlamaya görə, birinci ehtimal bu zəlzələnin "əsas sarsıntı" olması və meydana gələcək artçı təkanların zamanla azalacağıdır. Bu ssenari o deməkdir ki, qısa müddətdə yeni güclü zəlzələ gözlənilmir.

İkinci və daha narahatedici ssenariyə görə, 6,2 bal gücündə zəlzələ əslində gələcək daha böyük zəlzələnin əlaməti ola bilər. Bohnhoff, bu ehtimalla Mərmərə bölgəsində gözlənilən zəlzələnin 7,4 bal gücünə çata biləcəyini deyib. “Bu, uzun müddətdir Mərmərə üçün proqnozlaşdırılan böyük zəlzələnin reallaşacağı anlamına gəlir” deyən ekspert, indiki mərhələdə hansı ssenarinin etibarlı olduğunu söyləməyin mümkün olmadığını vurğulayıb.

Bohnhoff həmçinin qeyd edib ki, son zəlzələ Mərmərə qırılma xəttindəki gərginliyi İstanbula doğru dəyişib. Bu, meqapolisə daha yaxın ərazilərdə yeni zəlzələ ehtimalını artırır. Bununla belə, ekspertlər hələ də ən kritik suala - “zəlzələ nə vaxt olacaq” sualına dəqiq cavab verə bilmir.