İstanbulda bu il yağıntıların azalması səbəbindən 10 su anbarından üçündə suyun səviyyəsi 3 faizə düşüb.
Hafta.az-ın yazdığına görə, son illərin ən güclü quraqlıqlarından birini yaşayan şəhərdə son illər ərzində yağıntıların orta səviyyədən aşağı düşməsi və temperaturun mövsüm normalarından yüksək olması səbəbindən meqapolisi içməli su ilə təmin edən bəzi bəndlər quruyub.
İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına görə, şəhərin əhəmiyyətli su ehtiyatlarından biri olan Büyükçəkməcə gölü quraqlıqdan daha çox təsirlənib. Ötən ilin eyni dövründə 46,64 faiz olan gölün su doluluğu indi 3,97 faizə düşüb. Sözügedən nisbət son 11 ilin ən aşağı səviyyəsi olaraq qeyd edilib.
Şəhəri su ilə təmin edən bəndlər arasında ən aşağı doluluq səviyyəsi Sazlıdərədir. Ötən il noyabrın 5-də bənddə su doluluq nisbəti yüzdə 44,02 olduğu halda, bu gün 2,77 faizə enib.
Pabuçdərə anbarı da qurumaq nöqtəsinə gəlib. Su doluluq səviyyəsi bu gün 3,45 faiz olduğu halda, ötən ilin eyni dövründə bu göstərici 3,42 faiz idi.
Keçən il noyabrın 5-də doluluq faizi yüzdə 27,01 olan Kazandərə anbarında bu nisbət indi 7,3 faizə düşüb.
Terkos anbarında su doluluq nisbəti bu gün 7,95 faizkən, ötən ilin eyni dövründə yüzdə 43,34 olaraq qeyd edilmişdi.
Ötən il noyabrın 5-də 43,58 faiz olan Elmalı anbarının doluluq nisbəti 16,04 faizlə son 6 ilin ən aşağı səviyyəsinə düşüb...
Bundan əlavə, şəhəri su ilə təmin edən 10 bənddən 7-də suyun səviyyəsi 20 faizdən aşağı düşərkən, ümumi doluluq yüzdə 17,59 olaraq ölçülüb.
İstanbul Texniki Universitetinin professoru Hüseyn Toros İstanbulu su ilə təmin edən bəndlərdə doluluğun kritik həddə düşdüyünü bildirib. Yağışların azalmasının bəndlərdəki doluluğun sürətlə azalmasına səbəb olduğunu ifadə edən professor Toros, "Ümumi doluluq 18 faizdən aşağı düşdü. Bəzi bəndlərdə demək olar ki, su qalmayıb" deyib.
Qısa müddətdə su istifadəsi ilə bağlı tədbir görülməsinin vacib olduğunu vurğulayan Toros, "Şəhərdə yaşayan insanlar istifadə etdikləri suyun 1/3-nə qənaət edə bilsələr, İstanbul susuz qalmaz. Bunu etsək , yeni yağışlar yağana qədər heç bir problem olmayacaq. Bundan əlavə, mətbəx susuz qalmayacaq. Lavaboda, duşda və yuyucuda istifadə etdiyimiz suyun miqdarını azaltmalıyıq" deyə bildirib.