İstanbulda keçirilən Rusiya-Ukrayna görüşü nə vəd edir?

09:10 03.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri atəşkəs danışıqları üçün masa arxasına əyləşdi. İndiki kritik vaxtda baş tutan görüşdən gözləntilər böyük idi, amma əsirlərin dəyişdirilməsindən başqa qulağa xoş gələn heç bir nəticə haqda eşitmədik. Düzdür, Türkiyənin XİN başçısı görüşün o qədər də məyusedici olmadığını bildirib. Amma danışıqların əsas gözləntilərə cavab verib-vermədyinə dair təfsilatlı açıqlama yoxdur.

Hafta.az-ın yazdığına görə, İstanbulgörüşü ilə bağlı fikirlərini bölüşən Yaxın Şərq üzrə ekspert Heydər Oruc bildirib ki, iki ölkə arasında müharibənin sona çatması ilə bağlı ilk ümid Donald Trampın ABŞ prezidenti seçilməsi ilə yaranıb. “Masadakı şərtlər müharibənin Trampın dediyi kimi, bir gecədə bitməyəcəyini göstərsə də, Ukraynanın arxasında ən böyük dəstək verən ABŞ-ın müharibənin sona çatması istiqamətində mövqeyini dəyişməsi çox mühüm bir inkişaf kimi qiymətləndirilə bilər. Əslində konkret dəyişikliyin ABŞ-la Ukrayna arasında imzalanan nadir metallar sazişi olduğunu söyləmək olar. ABŞ bu müqavilə ilə Ukraynaya müharibəni sona çatdırmaqda dəstək verəcəyini desə də, Tramp Putini razı sala bilmədiyi üçün bu vəd də əbəs idi. Bunun üzərinə Tramp əsəbləşərək tərəflərə "Ya anlaşın, ya da Rusiya yeni və ağır sanksiyalarla sarsılacaq" dedi. Tramp Yaxın Şərq turunda olarkən mayın 11-də İstanbulda danışıqlara başlamağa çağırıb. Zelenskinin İstanbulda Tramp, Putin və Ərdoğanın da qatılacağı dördtərəfli sammitə həvəsi Putinin manevri ilə boğuldu. Putinin gəlməyəcəyini açıqlaması ilə Tramp Vaşinqtona üz tutdu və yalnız iki tərəfin nümayəndə heyətləri qaldı. Buna baxmayaraq, faydalı danışıqlar prosesi baş verdi və məhbus mübadiləsi ilə bağlı razılığa gəlindi. Əsas odur ki, atəşkəs danışıqlarının davam edəcəyi, liderlərin müəyyən bir mətn ortaya çıxdıqdan sonra prosesə qatılaraq mətni yekunlaşdıracağına dair açıqlamalar oldu” deyən Oruc bu inkişafın bugünkü zirvə ilə bağlı gözlənti yaratdığını söyləyib.

Ekspert qeyd edib ki, lakin Ukraynanın danışıqlardan bir gün əvvəl Rusiyanın müxtəlif bölgələrindəki 4-5 hava bazasına 117 FPV pilotsuz uçan aparatla hücum etdiyini, ən azı 40 uzaq mənzilli və strateji təyyarəni məhv etdiyini açıqlaması İstanbul danışıqlarına kölgə saldı. "Çünki iki gün əvvəl xarici işlər naziri Fidan Rusiyada Putinlə, daha sonra Kiyevdə Zelenski ilə görüşdü və liderlərin 2 iyun sammiti ilə bağlı niyyət və gözləntilərini bilavasitə öyrəndi, onlar üçün yol xəritəsini formalaşdırmağa çalışdı. Əslində, Fidan onu səfərdə müşayiət edən jurnalistlərə verdiyi açıqlamalarda, hətta çox mühüm addım atılacağına ümid etdiyini söylədi. Zelenskinin hücumdan sonra sosial mediada “bu hücum çoxdan hazırlandığını və məqsədinin Rusiyanın masaya gəlməsini təmin etmək olduğunu” deməsinə baxmayaraq, hücumun vaxtı hamı üçün əhəmiyyətli idi. Üstəlik, ABŞ-ın sülhlə bağlı bəyanatlarına baxmayaraq, İngiltərənin rəhbərlik etdiyi Avropa blokunun müharibənin davam etməsini istəməsi heç də yaxşı niyyətli görünmür. Buradan başa düşülən odur ki, İngiltərə və Aİ Rusiyanın bu müharibədən qalib çıxmasını istəmir. Ona görə də hazırkı şərtlərdə Ukraynanı ərazi itirməyə məcbur edəcək atəşkəs və ya sülh sazişinin gələcəkdə onlar üçün də problem yaradacağını proqnozlaşdırırlar. Yəni Avropa heç vaxt Putinin qalib gəlməsini istəmir və bunun üçün lazım olsa, Ukraynanın tam parçalanmasına da gedəcək. Amma görünən odur ki, Rusiyanın da böyük zərər görəcəyi daha münaqişəli mühiti uzatmağa çalışırlar” deyən Oruc bildirib ki, bu nöqtədə tərəflər hər şeyə baxmayaraq atəşkəs danışıqları üçün İstanbulda bir araya gəldi. Ekspertə görə, Türkiyənin mümkün atəşkəs üçün səyləri davam edəcək. Lakin dünənki hücumdan sonra Putinin sülhə, yoxsa müharibəyə daha yaxın olması danışıqlardan sonrakı prosesin necə gedəcəyini müəyyən edəcək.

“Burada qeyd edilməsi lazım olan başqa bir məqam da odur ki, kimsə Türkiyənin vasitəçilik rolunu pozmağa cəhd etmiş ola bilər. Çünki nə vaxt bu məsələ ilə bağlı təşəbbüs ortaya qoyulsa, mütləq gözlənilməz hadisələr baş verir və danışıqlar çətinləşir. Ona görə də bu hücumun arxasında həm Rusiyaya, həm də Türkiyəyə birbaşa və ya dolayı yolla hər hansı şəkildə zərər görməsini istəyən qrupların ola biləcəyini də nəzərdən qaçırmaq olmaz. Çünki bu müharibə bəlkə də Avropadan çox Türkiyəyə ziyan vurur. Təbii ki, dünən olduğu kimi bu gün də müharibənin bitməsini ancaq Türkiyə istəyir. Bu baxımdan, hücumun Türkiyənin vasitəçilik roluna qarşı düşünülmüş ssenari olduğunu da söyləmək olar. Nəticə etibarı ilə Ukraynanın həyata keçirdiyi “Hörümçək toru əməliyyatı”ndan sonra yaşanan zəifliklər səbəbilə Putinin bəzi şəxsləri vəzifədən çıxaracağı gözlənilsə də, Ukraynadan qisas almaq istəyəcəyini də unutmaq olmaz. Dünən gecədən Odessaya edilən kamikadze dron hücumları da bunu göstərir. Bununla belə, bilmək lazımdır ki, kamikadze pilotsuz uçan aparatlar Rusiyaya dəyən ən azı 2 milyard dollarlıq ziyanın yeganə mükafatı olmayacaq”, - deyib politoloq.

Mütəxəssis əlavə olaraq deyib ki, bu gündən sonra baş verə biləcək inkişaflar həm Trampın, həm də Ərdoğanın şəxsi səylərinə baxmayaraq, müharibənin sona çatmasında irəliləyişin olub-olmadığını göstərəcək. Eləcə də, heç kim təminat verə bilməz ki, Putin danışıqlar masasına gələrək razılıq siqnalları verəndən sonra Ukraynaya böyük hücuma keçməyəcək. Ona görə də ən ağlabatan variant bütün tərəflərin sakit davranması, əvəzini ödəməsi mümkün olmayan söz və hərəkətlərdən uzaq durması olardı.