Aİ Rusiyaya sanksiya tətbiq edəcək yeni qurum tapmır

10:33 25.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Politico” jurnalı yazıb ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlamaq üçün hədəflər tapmaqda çətinlik çəkir.

Hafta.az-ın yazdığına görə, jurnalla danışan diplomatik mənbələr Rusiyanın demək olar ki, bütün böyük qurum və müəssisələrinin artıq sanksiyalar altında olduğunu bildiriblər.

“Politico”nun məlumatına görə, növbəti məhdudiyyətlər paketinin Ukrayna ərazisində hərbi əməliyyatların başlanmasının ikinci ildönümünə - fevralın 24-nə qədər həlli planlaşdırılır. Ola bilsin ki, alüminium məhsullarına sanksiyalar qoyulacaq və bu halda istehsalının azalması Rusiyanın enerji sənayesinə də təsir edəcək.

Həmçinin nüvə enerjisi və ya mayeləşdirilmiş təbii qazın (LNG) sanksiyalardan kənarda qalmağa davam edəcəyi bildirilir.

“Politico” qeyd edib ki, bir çox Şərqi Avropa ölkələri Rusiyanın nüvə sənayesinə qarşı mümkün sanksiyaların əleyhinədir. Bunlara “Rosatom”un iki nüvə reaktoru tikdiyi Macarıstan daxildir. Bəzi ölkələr, o cümlədən Almaniya Rusiyanın LNG-yə qoyulan məhdudiyyətlərə qarşıdır.

“Bloomberg” bundan əvvəl Avropa İttifaqının Rusiyaya qarşı 13-cü sanksiyalar paketini müzakirə etməyə başladığını yazmışdı. Agentliyin mənbələrinə görə, bura ticarət məhdudiyyətlərinin gücləndirilməsi, qara siyahıların genişləndirilməsi, üçüncü ölkələr və Aİ daxilindəki şirkətlər vasitəsilə sanksiyalardan yayınan Rusiyaya qarşı yoxlamaların gücləndirilməsi daxildir.

12-ci sanksiya paketi 2023-cü il dekabrın 18-də qəbul edilib. Sənəddə ilk dəfə olaraq Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması ehtimalı da qeyd edilib.