ABŞ prezidenti Donald Trampın tarif paketi ilə başlayan ticarət müharibəsində Çinlə gərginlik artır.
Hafta.az-ın yazdığına görə, Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi tərəfindən dünən yayılan açıqlamada ABŞ-a gedəcək və oradan gələn bütün yüklərin daşınmasının dayandırılacağı bildirilib.
Regional hökumətin bəyanatında deyilir: "ABŞ irrasional davranır, sataşır və tariflərdən sui-istifadə edir".
“Hong Kong Post”un dəniz yolu ilə daşınan bağlamaların qəbulunu dünəndən dayandırdığı, yük təyyarələri ilə daşınan bağlamalar üçün əməliyyatların isə aprelin 27-də dayandırılacağı açıqlanıb.
Bu qərarla Honq-Konqdakı vətəndaşlar və müəssisələr yük xidmətləri üçün FedEx və DHL kimi özəl şirkətlərə pul ödəməli olacaqlar.
Tramp aprelin 2-də açıqladığı tariflərlə bazarları sarsıtmışdı. ABŞ-la Çin arasında cavab rüsumları nəticəsində Vaşinqton Pekinə tətbiq etdiyi vergi dərəcəsini 145 faizə qaldırıb. Çin də bu yaxınlarda tarif dərəcəsini 125 faizə yüksəldib. Tramp, digər ticarət tərəfdaşları üçün əlavə tariflərin 90 günlük dayandırıldığını açıqlayıb.
Digər tərəfdən, dünyanın əsas ticarət mərkəzlərindən olan Honq-Konq ABŞ-ın Çinə tətbiq etdiyi 145 faizlik gömrük rüsumuna tabe olsa da, Pekin administrasiyası kimi qisas almadı.
CNN-in qeyd edir ki, Çinin nadir torpaq elementləri üzərində hökmranlığı ABŞ-la başlayan ticarət müharibəsində “güclü kozır”dır. iPhone-lardan tutmuş elektrik avtomobillərinə qədər bir çox cihazın akkumulyatorunda istifadə edilən bu minerallar gələcəyi təyin edəcək qabaqcıl texnologiya araşdırmaları üçün həyati əhəmiyyət daşıyır.
Bildirilir ki, nadir torpaq elementlərinin tədarükü sahəsində ABŞ-ın Çindən qisas alması ehtimalı çox aşağıdır. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Çin qlobal nadir torpaq minerallarının 61 faizini istehsal edir və bu elementlərin təxminən 90 faizini emal etmək gücünə malikdir.
Nadir torpaq elementləri samarium, gadolinium, terbium, disprosium, lutesium, skandium və yttrium Çin Ticarət Nazirliyinin cavab tədbirləri çərçivəsində ixraca nəzarəti tətbiq etdiyi minerallar sırasındadır.
Bu addım Amerikanın müdafiə sənayesi və bərpa olunan enerji sektoruna mənfi təsir göstərə bilər. ABŞ nadir torpaq elementlərinin təxminən 70 faizini Çindən idxal edir və bu minerallar F-35 döyüş təyyarələrində və Tesla mühərriklərində də istifadə olunur.
Nə Tramp, nə də Çin lideri Si Cinpin cavab tədbirindən geri çəkilməyib. İki ölkə arasında gərginlik artdıqca, Çin Kommunist Partiyasının (ÇKP) ingilisdilli nəşri olan “China Daily”də dərc olunan redaksiyalı məqalədə Vaşinqton administrasiyası sərt şəkildə tənqid edilir:
“Problem ondadır ki, Birləşmiş Ştatlar onilliklər ərzində imkanlarından kənarda yaşayır. İstehsal etdiyindən daha çox istehlak edir. O, məhsuldarlığına əsaslanaraq hüququndan daha yüksək həyat səviyyəsinə nail olmaq üçün istehsalını autsorsing edir və borc pul alır. ABŞ aldadılmaq əvəzinə, qloballaşma qatarında pulsuz gəzinti əldə edir. Birləşmiş Ştatlar qlobal ticarətin qurbanı olmaqdan sızlamağı dayandırmalı və öz şıltaq və dağıdıcı davranışlarına son qoymalıdır”.