Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) dünən verdiyi açıqlamada oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi Vaşinqton rəhbərliyinin ölkədə çaşqınlıq yaratmaq üçün etiraz aksiyaları təşkil etməyi planlaşdırdığı iddia edilib.
Hafta.az-ın “The İndependent”ə istinadən yazdığına görə, iddia edilib ki, əldə olunan kəşfiyyat məlumatları “Vaşinqtonun oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri nəticəsində bu ölkədə rejim dəyişikliyi etməkdə qətiyyətli olduğunu göstərir”.
Rusiya kəşfiyyatı həmçinin iddia edib ki, ABŞ prezidenti Co Bayden administrasiyası hakim “Gürcü Arzusu” Partiyasını gözdən salmaq üçün genişmiqyaslı dezinformasiya kampaniyası hazırlayır.
Bayden administrasiyasının artıq “düyməni basdığını” iddia edən bəyanatda “Gürcüstanda müxalifət qüvvələrinə seçkilərlə eyni vaxtda etiraz aksiyaları planlaşdırmağa başlamaq əmri verilib” bildirilib.
SVR həmçinin Gürcüstan prezidenti Salome Zurabişvilinin ABŞ-ın dezinformasiya kampaniyasında aparıcı rol oynayacağını iddia edib.
Bəyanatda deyilir ki, Vaşinqtonun rəhbərliyi altında Zurabişvili ABŞ media orqanına müsahibə verəcək və orada “Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların iflasına görə məsuliyyəti Tbilisi administrasiyasını üzərinə qoyacaq və ictimaiyyəti bu barədə xəbərdarlıq edəcək.
SVR-nin iddiaları ilə bağlı Vaşinqton administrasiyasından hələlik heç bir cavab verilməyib.
“Gürcü Arzusu” Partiyasının apreldə parlamentə təqdim etdiyi “xarici təsirin şəffaflığı” qanunu ölkədə etirazlara səbəb olub.
Hüquqi tənzimləmədə nəzərdə tutulurdu ki, Gürcüstanda vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan təşkilatlar “xarici gücün maraqlarını güdən təşkilatlar” kimi qeydiyyatdan keçməlidirlər, əks halda cərimələr gözləyir.
Qərb mediasında “Putin tipli qanun” adlandırılan qanun layihəsi Kremlin xaricdən maliyyələşən hüquq müdafiəçi qruplarına nəzarət etmək üçün 2012-ci ildə tətbiq etdiyi tənzimləməyə bənzədilir.
Mayın 14-də parlamentdə səsvermədə qəbul edilən qanun layihəsinə mayın 18-də Zurabişvili veto qoyub. Lakin mayın 28-də keçirilən səsvermədə qanun layihəsi 4 əleyhinə 84 səslə yenidən qəbul edildikdən sonra Zurabişvilinin vetosundan keçib.
Qanun layihəsinin qüvvəyə minməsindən sonra Aİ-Gürcüstan münasibətləri də gərginləşib və Avropa rəsmiləri dəfələrlə tənzimləmənin geri götürülməsini tələb ediblər.
Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski dünən ölkənin Aİ-yə üzvlük prosesinin dayandırıldığını açıqlayıb.
2022-ci ilin martında Aİ-yə üzvlük üçün müraciət edən Gürcüstana 2023-cü ilin dekabrında namizəd ölkə statusu verilib.
Vaşinqton administrasiyası da parlamentin qəbul etdiyi mübahisəli qanun layihəsinə reaksiya verib. Pentaqon iyulun 25-dən avqustun 6-dək Tbilisidə keçirilməsi planlaşdırılan “Soylu tərəfdaş” hərbi təliminin “ikitərəfli münasibətlərə yenidən baxıldığı” səbəbi ilə qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.