ABŞ ötən il 238 milyard dollarlıq silah satıb

10:25 31.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2023-cü ildə ABŞ-ın xarici ölkələrə silah satışı diqqətəlayiq səviyyəyə çatıb.

Hafta.az-ın yazdığına görə, ABŞ Dövlət Deportamentinin oktyabr ayında başa çatan maliyyə ili üçün hazırladığı hesabatda hökumətin ötən il 2022-ci ilə nisbətən 56 faiz artımla 81 milyard dollarlıq satış üçün birbaşa danışıqlar apardığı bildirilib.

Amerika müdafiə şirkətlərinin xarici ölkələrə birbaşa satışları da daxil olmaqla, keçən il ümumi satış məbləği 238 milyard dollar olaraq qeyd edilib.

Müdafiə potensialını genişləndirməyə çalışan Ukraynanın qonşusu Polşa ABŞ-dan ən böyük silah alan ölkələrdən birinə çevrilib. 12 milyard dollar dəyərində “Apache” helikopterləri alan Polşa HIMARS reaktiv yaylım atəş sistemi üçün 10 milyard dollar, M1A1 Abrams tankları üçün isə 3,75 milyard dollar ödəyib.

Polşa həmçinin inteqrasiya olunmuş hava və raketdən müdafiə döyüş sistemlərinə 4 milyard dollar xərcləyib.

Baş nazir Donald Tusk Polşanı "Avropanın ən güclü quru dövləti" etmək məqsədi daşıyan əvvəlki hökumətin hərbi modernləşdirmə proqramını davam etdirməyi öhdəsinə götürüb.

ABŞ-ın silah satışları, Ukrayna müharibəsi səbəbindən uzun illər Vaşinqtondan sonra ikinci ən böyük silah satıcısı olan Moskvadan uzaqlaşan ölkələrin hesabına artmasına səbəb olub.

Almaniya “Chinook” tipli helikopterlərə 8,5 milyard dollar xərcləyib.

Bolqarıstan “Stryker” tipli zirehli maşınlar üçün 1,5 milyard dollar ödədiyi halda, Norveç 1 milyard dollar dəyərində çoxfunksiyalı helikopterlər alıb.

Çexiya 5,6 milyard dollar dəyərində “F-35” döyüş təyyarələri və sursat alıb.

Amerika silahlarına Avropadan kənarda da böyük maraq olub.

Cənubi Koreya “F-35” döyüş təyyarələri üçün 5 milyard dollar ödədiyi halda, Avstraliya C130J-30 Super Hercules tipli təyyarələr üçün 6,3 milyard dollar xərcləyib.

Yaponiya həmçinin E-2D Hawkeye tipli müşahidə təyyarəsi üçün 1 milyard dollarlıq razılaşma əldə edib.