Amerikalı boksçu Kevin Conson və kanadalı xokkeyçi Brendan Lipsiç Rusiya vətəndaşı olublar.
Hafta.az-ın yazdığına görə, prezident Vladimir Putin ABŞ və Kanada idmançılarının Rusiya vətəndaşlığı üçün müraciətlərini qəbul edib.
Rusiya administrasiyasının qanuni tənzimləmələri ilə internet saytında dərc edilən sənədə görə, amerikalı boksçu Conson və kanadalı xokkeyçi Lipsiç rəsmi şəkildə Rusiya vətəndaşı olublar.
Conson 2023-cü ilin payızında Rusiya vətəndaşlığı üçün müraciət edib və prezident Putinin şərəfinə adını “Kevin Vladimiroviç” olaraq dəyişdirmək istədiyini açıqlayıb. 44 yaşlı boksçu Putin haqqında "Ona heyranam, o, dünyanın ən yaxşı prezidentidir" deyib.
Lipsiç də 2023-cü ilin iyulunda Putinə məktub yazaraq Rusiya vətəndaşı olmaq istədiyini bildirib.
Kanadalı idmançı 2020-ci ildən karyerasını Rusiya Xokkey Liqasında davam etdirir.