“ABŞ vətəndaşları Əfqanıstan qanunlarını pozduqları üçün saxlanılıb” - Zabihullah Mücahid

09:50 01.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid dünən verdiyi açıqlamada bəzi ABŞ vətəndaşlarının Əfqanıstan qanunlarını pozduqları üçün saxlanıldığını təsdiqləyib.

Hafta.az-ın yazdığına görə, Əfqanıstanın “Tolo News” telekanalına verdiyi açıqlamada Mücahid iki ABŞ vətəndaşı ilə bağlı amerikalı rəsmilərlə görüşlərin keçirildiyini deyib. Mücahid iddia edilən pozuntuların mahiyyəti və saxlanılanların kimliyi barədə məlumat verməyib.

Mücahid əcnəbi vətəndaşların Əfqanıstana səfər edərkən bu ölkənin qanunlarına riayət etmələri lazım olduğunu bildirib, "Qaydaları pozarlar, təbii ki, hüquqi nəticələrlə üzləşəcəklər" deyib.

Əfqanıstanda saxlanılan əcnəbilərin dəqiq sayı məlum deyil. Avstriyalı sağçı ekstremist doqquz aylıq həbsdən sonra yalnız fevralın sonunda sərbəst buraxılıb. Taliban onu casusluq ittihamı ilə həbs etmişdi.

2023-cü ilin oktyabrında Taliban Əfqanıstan qanunlarını pozduğuna görə saxlanılan 4 britaniyalını sərbəst buraxıb. Böyük Britaniya qanun pozuntularına görə üzr istəyib.