ABŞ-da bir TikTok istifadəçisinin evsiz biri üçün 400 min dollar toplaması müzakirələrə səbəb olub.
Hafta.az-ın “Fox News”a istinadən yazdığına görə, Sanay Qreden adlı TikToker, fevralda hesabında yayımladığı videoda Alonzo Duqlas Hebronla keçirdiyi bir günü paylaşıb. Evsiz Hebron üçün yemək aldıqdan sonra Qreden onu xəstəxanaya aparıb, müalicəsinin pulunu ödəyib və adam üçün oteldə bir otaq kirayə edib.
Kaliforniya Berkli Universitetində təhsil alan Qreden daha sonra GoFundMe-də Hebron üçün ianə kampaniyasına başladıb. 21 yaşlı tələbənin kampaniyasına sıx maraqla evsiz üçün qısa müddətdə 400 min dollara yaxın pul yığılıb.
Ancaq eyni ayda 64 yaşlı Hebronla bağlı irəli sürülən iddialar sosial mediada yaxından izlənilən ianə kampaniyasına kölgə salıb.
“Fox News”a danışan və şəxsiyyətinin açıqlanmamasını istəyən qadın Hebronun 2020-ci ilin iyununda ona hücum etdiyini deyib. Təhlükəsizlik kamerasına düşən hadisədə Hebron Vaşinqtonda Foundry United Metodist Kilsəsi qarşısında yatan qadını döyür.
Qadın gənc tələbənin Hebrona göstərdiyi dəstəyə hörmətlə yanaşdığını bildirərkən, yaşadığı qorxulu anları unuda bilmədiyini söyləyərək evsiz adam haqqında "Bir insanın necə davrana biləcəyini anlamıram. O, sosiopatdır, onun peşmançılıq hissi yoxdur” deyib.
ABŞ Ədliyyə Nazirliyinin “Washington Post”a istinadən verdiyi məlumata görə, Hebron 2013-cü ildə bir adamı bıçaqladığı üçün 5 il həbs cəzasına məhkum edilib. Evsizin ötən ilin iyununda qəbul olunduğu reabilitasiya mərkəzindən qaçdığı da bildirilib.
Qreden bildirib ki, o, ianə yığmağa başlayanda Hebronun kimliyindən xəbərsiz olub.
Xəbərlərdə, GoFundMe-nin ianə toplanışını dayandırdığı, onu Qreden və ya Hebrona vermədiyi bildirilib.
Vəziyyətdən xəbər tutan donorların pullarını geri istədikləri, Qredenin isə GoFundMe-yə qarşı iddia qaldırmağı düşündüyü bildirilib.
Digər tərəfdən, Qredenin vəkili Nail Benjamin, tələbənin Hebron üçün çəkdiyi xərclər üçün ilkin ödəniş olaraq GoFundMe-dən 3 min dollar istədiyini söylənib.
Kanadanın Toronto Universitetindən Martin Lukk ABŞ-da evsizlik probleminin çox böyük olduğunu və bunun GoFundMe-də başlayan həvəskar ianələrlə həll edilə bilməyəcəyini bildirib. "Milyonlarla dollarlıq ianələri idarə etmək üçün peşəkar fandreyzer üçün vaxt, səy və qayğı tələb olunur. GoFundMe-də çoxlu həvəskar var. Onda onlar beləcə problemə düşürlər", - mütəxəssis deyib.