Ağdama sovet dövründə olmayan funksiyalar verilir - Elçin Əliyev

09:21 05.06.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İndi işğaldan azad edilən ərazilərdə bərpa dövrü başlayır, “genişmiqyaslı quruculuq işləri aparılacaq” fikirləri bu gün  əminliklə gerçəkləşir. Ərazilərin bərpası, yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması və məskunlaşdırılması, regionun gələcək sosial-iqtisadi inkişafı məsələsi bu gün əsas müzakirə mövzusudur. Elə bu günlərdə Ağdam şəhərinin Baş Planı təsdiq olundu. Çox yaxın zamanda isə Şuşanın baş planının təsdiqlənməsi gözlənir.

Bu istiqamətdə hafta.az-a müsahibə verən tanınmış memar, professor  Elçin Əliyev maraqlı məqamlara diqqət çəkib.

- Elçin müəllim, məlum olduğu kimi, Ağdamın Baş Planı təsdiq olundu. Bu günlərdə isə heç şübhəsiz, Şuşanın da Baş Planının təsdiq olunması prosesinə şahidlik edəcəyik. Təqdim olunan məlum Baş Planla bağlı hansı fikirlərinz var və bu, nə dərəcədə uğurludur?

- Baş Plan elə bir sənəddir ki, şəhər onun əsasında inkişaf edir. Baş Plan 20-25 illik dövr üçün tərtib edilir və 2 hissədən ibarət olur - analitik və layihə hissəsi. Əsas tətbiq olunan hissə layihə hissəsidir. Orada kommunikasiya xətlərinin çəkilişi, işıq, qaz xətləri sistemlərinin xəritəsi, istirahət zonaları və sair ərazilər göstərilir və onun əsasında da şəhərlər qurulur. Təbii ki, Baş Plansız şəhər inkişaf edə bilməz.  Mən çox şadam ki, nəhayət, Qarabağın Ağdam şəhərində  Baş Plan təsdiq olundu və bundan sonra orda şəhərin bərpası üzrə işlər nizamla davam edəcək.  Bilirəm ki, hazırda Baş Plana əsasən Ağdamda məşhur 1 nömrəli məktəbin əsası və  Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu.  Bərdə - Ağdam dəmir yolu xətti açılacaq. O da məlumdur ki, Ağdamda Sənaye Parkı yaradılacaq, 30-40 metr enində yol çəkiləcək, ortasından tramvay xətti keçəcək, süni göl salınacaq.

Xatırladım ki, Ağdam sovet dövründə Qarabağın aparıcı iqtisadi şəhərlərindən biri idi. Təsəvvür edin ki, Bakıda bir dəmir yolu vağzalı olduğu halda, Ağdamda iki dəmir yolu vağzalı var idi. Ağdam logistika, nəqliyyat mərkəzi idi. Orada çoxlu zavod, fabrik fəaliyyət göstərirdi. Sovet vaxtında Ağdamda SSRİ-nin kosmik proqramı üçün aerokosmik avadanlığı buraxan zavod mövcud idi.  Erməni işğalçılarının vəhşilikləri nəticəsində bütün bunların hamısı dağıdıldı. Çox şadam ki, artıq şəhərin iqtisadiyyat potensialı yenidən bərpa olunacaq.  

Yeni Baş Planın təsdiq olunması siyasi nöqteyi -nəzərdən də atılan düzgün addımdır. Bundan sonra Ağdamın ölkə üçün rolu və əhəmiyyəti daha da artacaq. Ağdam Qarabağın iqtisadi-mədəni ən böyük şəhəri olacaq. Yeni yaşayış massivləri qurulacaq və faktiki qeyri-formal olaraq Qarabağın paytaxı kimi çıxış edəcək. 

- Bu kimi yenilikər Azərbaycanın və dünya ictimaiyyətinin diqqətinin cəlb olunması və turizmin inkişafı baxımından hansı üstünlükləri bizə qazandırmış olacaq?

- Ağdam yenidən qurulursa, deməli, bu şəhərə turistlərin cəlb edilməsi də əsas götürüləcək.  Turistlər o şəhərə gəlib çox gözəl mehmanxanalarda yerləşəcəklər və Ağdamdan ayrı-ayrə yerlərə səfərlər edəcəklər. Məsələn, Ağdamda məskunlaşaraq bir günlük Şuşaya, bir günlük Bərdəyə gəzintilərə gedəcəklər.  Sovet vaxtında Ağdam iqtisadiyyat mərkəzi idi, indi isə həm də turizm mərkəzi, mədəniyyət mərkəzi kimi formalaşır. Təbii ki, 30 illik işğal dövründə Azərbaycanda başqa yerlərdə də iqtisadiyyat mərkəzləri yaranıb. Ümumiyyətlə, bu şəhərləri  böyük şəhər statusuna qaldırmaq prosesi gedir və yaranır. İndi biz dərhal ora süni şəkildə əvvəlki iqtisadiyyatı qaytara bilmərik.

Ağdama bu gün sovet dövründə olmayan funksiyalar verilir. Məsələn, istirahət mərkəzi, ticarət mərkəzi, mədəniyyət mərkəzi. Bir sözlə, Ağdam özündə bütün sahələri əhatə edən böyük bir şəhərə çevrilir.

- Bu planın həyata keçirilməsində hansı memarlar işləyəcək, bir memar olaraq hansı təklifləriniz var?

- Bu barədə hər hansı tutarlı məlumatım toxdur. Təəssüf ki, bu istiqamətdə mətbuatda da xəbərlərə rast gəlməmişəm. Ümumiyyətlə, bilirəm ki,  Azərbaycan şəhərlərinin baş planları Azər Dövlət Layihə İnstitunda hazırlanır.  Orada tanıdığım neçə-neçə professional memar, mütəxəssis işləyir. Bu mənada əminəm ki, o planı çox yüksək səviyyədə işləyiblər. Planı görməsəm də, mən buna inanıram.

Təkliflərə gəlincə, elə bir təkliflərim yoxdur.  Ağdamın Baş planı hazırdır.  Kim bunu işləyib, necə işləyib, neçə vaxta işləyib, bu barədə məlumat yoxdur. Bir memar kimi bunlar mənim üçün də maraqlıdır.

Qeyd etdiyim kimi, Azərbaycanda böyük şəhərlərin Baş Planını Azər Dövlət Layihə İnstitutu işləyir. Orada çalışan memarların potensialını bildiyim üçün əminəm ki, onlar bu planı çox gözəl şəkildə işləyiblər. 

-  Bir memar olaraq Ağdamın, Şuşanın yenidənqurulması prosesində nələrin olmasını istərdiniz?

- Şuşanın Baş Planını İngiltərənin məşhur memarlıq şirkəti işləyir. Onlar Bakıda bir neçə sifariş həyata keçiriblər.  Bilirəm ki, çox gözəl, professional memardırlar və əminəm, Şuşanın Baş Planı çox gözəl səviyyədə işlənəcək.

Bütün hallarda bir memar olaraq birinci istəyim budur ki, şəhərləri qurarkən tələsməyək. Mən çox narahatam. Məsələn, 1945-ci ildə Almaniyanın çox şəhəri, kəndi bombalanıb dağıdılmışdı. O vaxtdan  70 il keçsə də, almanlar hələ də bəzi memarlıq abidələrini, şəhərləri bərpa eləməyiblər. Bilirlər ki, tələsəndə işlər çox keyfiyyətsiz görülür, bəlkə də səhvlər buraxıla bilər.  Hesab edirəm, balaca ölkəyik. Elə bir potensialımız yoxdur ki, birdən-birə dağıdılmış abidələri bərpa edək, yenidən tikək. Məsələn, Qarabağ zonasında 2500-dən çox  memarlıq abidəsi var. Onların təxminən yarıdan çoxu dağıdılıb. İndi onların hamısını bərpa edə bilmərik. Mütləq hansısa bir proqram olmalıdır. Məsələn, ildə 7-8 memarlıq abidəsini bərpa edə bilərik.  Bunun üçün də 50-100 illik bərpa layihəsi tərtib edilməli və hansı abidələrin hansı illərdə bərpa edilməsi orada göstərilməli, əhəmiyyətinə görə bölünməlidir. Bir memar kimi hiss edirəm ki, bu prosesdə tələsirik. Təbii ki, vacib olan şəhərləri bərpa etməliyik, amma dövlət tərəfindən 50-100 illik proqram tərtib edilməlidir.

İkinci məni narahat edən məsələ odur ki, Şuşada böyük ictimai binaların layihələri memarlıq müsabiqələri nəticəsində şəffaf şəkildə işlənməlidir. İctimaiyyətə bildirilməlidir ki, tutaq ki, nəyə görə bu layihələrə üstünlük verilib və yaxud niyə bu layihə əsasında tikilməməlidir. Təəssüf ki, bunu görmürük və bu məni narahat edir.