Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev hafta.az-a müsahibəsində qarşıdan gələn Ramazan ayında “COVİD-19” pandemiyasıyla bağlı sərt karantin dövrünə təsadüf etmiş ötən iki ildən fərqli olaraq bu ilki müvafiq mərasimlərdəki dəyişikliklər, işğaldan azad torpaqlarımızda nəzərdə tutulan tədbirlər, orucluğun insan orqanizminə faydalarıyla bağlı dünya alimləri və İslam ruhaniləri tərəfindən əldə edilmiş yeniliklərdən və s. bəhs etdi.
-Hacı, öncə qarşıdan gələn Ramazan ayınızı təbrik edirik. Gözəl ibadətlər diləyirik. Allah namaz, oruc və dualarınızı qəbul etsin! Çox güman ki, pandemiya, sərt karantin dövrünə düşən ötən iki Ramazandan fərqli olaraq bu dəfə Qafqaz Müsəlmanları İdarəsi müqəddəs ayda keçiriləcək tədbirlərdə, o cümlədən iftar və bayram mərasimlərində xeyli dəyişiklər nəzərdə tutub...
-Sağ olun. Biz də sizləri, kollektivinizi təbrik edirik... Öncə onu bildirim ki, martın 29-da Qafqaz müsəlmanları İdarəsində tədbir keçirildi və Ramazanın Azərbaycan üfüqünə daxil olması haqda fətva verildi. Şamaxıdakı Pirqulu rəsdxanasına göndərilmiş sorğunun əsasında rəsədxanın alimləri Azərbaycanda aprelin 2-i tarixinin Ramazan ayının 1-i olmasını təsdiqləyiblər. Yəni yeni hilal aprelin 1-də görünəcək. Və hilal görünürsə, deməli, ertəsi gün Ramazan ayı başlanır...
Şükürlər olsun ki, bu ilki Ramazanı biz, demək olar ki, sərt pandemiya dövründə qarşılamırıq. Yəni yoluxma sayının azalması nəticəsində əksər qadağalar aradan götürülüb. Və xüsusən də kütləvi toplanma qadağaları ləğv edilib. Odur ki, bu baxımdan Ramazan ayındakı bütün mərasimlər də heç bir məhdudiyyət olmadan əvvəlki illərdəki kimi tam rahat şəkildə keçirilə bilər. Xüsusən də heç bir say və məsafə məhdudiyyəti olmadan kütləvi iftar süfrələri açılmasına şanslar var. Yəni hər bir mömin belə iftar süfrələri təşkil edə bilər. Eləcə də bir-birimizin evlərində də təşkil olunmuş Ramazan süfrələrində rahatlıqla iştirak edə bilərik...
-Yəni ötən illərdəki kimi ictimai nəqliyyatın hərəkətinə mane olunmayan yerlərdə iftar çadırları da qurula bilər?
-Bəli, Əlbəttə. Çünki Nazirlər Kabineti yanındakı Operativ Qərargah tərəfindən şadlıq, yaxud yas mərasimləri üçün də çadırların qurulması, eləcə də belə tədbirlərin mərasim zallarında keçirilməsinə qoyulmuş məhdudiyyətlər də aradan qaldırılıb...
-Yəqin ki, Qədr – Əhya gecələri də məscidlərimizdə rahatlıqla qeyd ediləcək?
-Elədir. Biz düşünürük ki, artıq Qədr gecələrimizi də rahat keçirə biləcəyik...
Bütün deyilənlər səbəbi ilə biz bu Ramazan ayında Allaha daha çox dualar, zikrlər və şükürlər etməliyik. Ramazan ayının ən böyük fəziləti mənəvi fayda, ruhi qidalanmadır. Bu günlərdə oruc tutan insan yalnız mədəsini yeyib-içməkdən saxlamır ki... Eyni zamanda özünün ruhunu, mənəviyyatını qidalandırır. Odur ki, Ramazan ayındakı fürsətdən yararlanaraq xalqımız, dövlətimiz, vətənimiz, ordumuz üçün də dualar edək. Dua - möminlərin silahıdır. Allah-Taala bu uca olan bayrağımızı daim uca məkanlarda qərar versin. Şükürlər olsun ki, artıq ikinci ildir ki, biz Ramazana qalib bir xalq kimi daxil oluruq. Çünki torpaqlarımızın əksər hissəsini yağı düşmənlərdən azad etmişik...
-Yeri gəlmişkən, hacı, işğaldan azad torpaqlarımızda, o cümlədən Şuşa və Ağdamdakı məscidlərimizdə də, yəqin ki, geniş Ramazan tədbirləri nəzərdə tutulub?
-Əslində belə tədbirlər sırf idarəmiz tərəfindən yox, artıq bütün xalq tərəfindən nəzərdə tutulub. Yəni hər kəs belə tədbirlərin keçirilməsində azaddır. Əgər idarəmiz tərəfindən hansısa addımlar atılması zərurəti ortaya çıxarsa, əsirgəmiyəcəyik...
Bilirsiz, Ramazan tədbirləri könüllü, ixtiyari və azaddır. Yəni burada məxsusi qadağa yoxdur ki, bunu yalnız hansısa qurum, hansısa məsul şəxs icra edə bilər. Konstitusiyamızda da dini əqidə və etiqad azadlığı təsbit olunub. Odur ki, hər kəs bu hüququndan rahatlıqla yararlana bilər...
Və əlbəttə, biz ümidvarıq ki, inşallah, işğaldan azad torpaqlarımızdakı hərbçilərimiz, eləcə də oralarda tikinti, bərpa quruculuq işləri ilə məşğul olan insanlarımız da artıq rahat şəkildə iftar süfrələrini aça biləcəklər. Və dövlətimizin sayəsində buna da tam şəkildə imkanları var...
30 ildən çox idi ki, o yurdlarımızda qalan məscidlərimiz, ibadət məkanlarımız erməni vandalizminə məruz qalırdı. Əlbəttə, bu Ramazanda Ağdamda, Şuşada və s. bərpa edilməkdə olan məscidlərimizdə də ibadətlər, namazlar qılınacaq, dualar ediləcək, Qədr gecələri keçiriləcək və iftar süfrələri açılacaq. Bu, bizim üçün də böyük fəxarət və qürurdur. Allah şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun ki, onların şəhidliyi, qəhrəmanlığı bizlərə, nəhayət, on illər sonra Qarabağ torpaqlarında dini mərasimlərimizi də, bayramlarımızı da keçirməyi nəsib etdi. Allah bu işdə böyük xidmətləri olmuş qazilərimizə də şəfa versin! Allah ordumuza güc-qüvvət versin! Allah bu işlərə böyük siyasətlə nail olmuş dövlətimizi və dövlət başçımızı qorusun!.. Gəlin torpaqlarımızın azadlığı uğrunda mübarizədə bir olduğumuz kimi dualarımızda da bir olaq. Və dünyanın əzilən, qan tökülən ölkələri, xalqları üçün də dua edək. Allah dünyada müharibələrin alovunu söndürsün. Hazırda dost Ukraynada da savaş gedir, dinc insanların, məsum körpələrin qanları tökülür. Allahın cəlalına and veririk ki, heş bir xalqın torpağında müharibələr olmasın, insanlar, körpələr həlak olmasın! Bu Ramazana xatir bütün digər ölkələrdəki kimi Ukraynada da müharibə, döyüşlər, qətliamlar dayansın!..
-Belə anlaşılır ki, inşallah, bu ilki Ramazan bayramını da əvvəlki illərdəki kimi kütləvi şəkildə qeyd edəcək, məscidlərimizdə bayram namazlarını qılacağıq...
-Bəli, Allahın köməkliyi ilə biz bunları nəzərdə tuturuq. Və buna şanslarımız var. Çünki, dediyim kimi, qadağalar da aradan götürülüb. İnşallah, Fitrə bayramını da birlikdə keçirər və bayram namazlarını da məscidlərimizdə birgə qılarıq. Allah təki dünyamızı firavan, azad eləsin. Bu xəstəlikləri, bəlaları Allah bütün bəşəriyyət üzərindən götürsün...
- Bilirik ki, İslamla bağlı son elmi yeniliklərlə də maraqlanırsınız. Orucluğun insan orqanizminə müsbət təsirləri barədə çox deyilib. Son vaxtlar bu mövzuda hansı yeni elmi məlumatlar əldə edilib?
-Əlbəttə. Dünya alimləri İslam yönümlü bir çox məsələlərlə bağlı təqdiqatlar aparırlar. Təbii ki, biz də onları oxuyur, araşdırır və öyrənirik. Xüsusən tibb mütəxəssisləri Ramazan orucu haqda bir çox araşdırmalar aparıb və orucluğun insan orqanizminə böyük faydalarını müəyyən ediblər. Məsələn, alimlər biryönümlü olaraq bunu ortaya qoyurlar ki, insan orqanizminə bioloji, anatomik baxımdan faydalarını ortalığa qoyurlar. Ancaq İslam ruhaniləri isə Ramazanda daha çox əxlaqi dəyərləri önə çəkirlər. Məsələn, belə bir rəyə gəlinib ki, əgər insanlar bütün müsəlman ayin və ibadətlərini, o cümlədən orucluğu Allahın və onun Peyğəmbərinin(ə.s.) buyurduğu forma və məzmunda icra etsələr, dünyada bir-birinə qarşı, biganəlik, laqeydlik, nifrət olmaz və heç bir ciddi qarşıdurmalar, savaşlar olmaz. Və xüsusən də maddi imkanı olan zəngin insanlar imkansızları başa düşər, dərk edər, onlara əl tutar və yardım edərlər. Bilirsiz, belə bir məsəl var: yoxsulların, fəqirlərin ehtiyacı varlıların israf etdiyi qədərdir. Məsələn, zənginlər, dövlətlilər yemək-içməkdə və s. israf edir. Amma onlar israf etməsə, əvəzində artıq mal, pul və yemək-içməyini yoxsullara ayırsa, heç kəs kasıbçılıqdan şiklayətlənməz. Bunu Ramazan məxsusi olaraq bizlərə başa salır. Ramazan günlərində əgər sən öz evinə ərzaq alıb ailənlə birgə iftarını açarkən süfrəsindən çörəyi olmayan, ətə, meyvəyə, yaxud dərmana, qayğıya ehtiyacı olan qonşularını, yaxınlarını, şəhid, qazi ailələrini, kimsəsizləri və s. düşünürsənsə və acları doyurmaq üçün nəsə etməyə çalışırsansa, bu Ramazanın, dinimizin gözəlliyidir... Pul, qida, ərzaq verməyə gücün çatmasa da, bir kimsəsizə, bir yetimə xoş bir söz demək, başına sığal çəkmək də savabdır. Bir sözlə, biz Ramazanda böyük savablar qazanmaq şansı əldə edirik. Bunları əldən verməyək, inşallah...