Məlum olduğu kimi, ötən il aprelin 1-dən etibarən Azərbaycanda bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Amma aradan təxminən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq ölkə vətəndaşları arasında bununla bağlı hara və necə müraciət edəcəklərini hələ də dəqiq bilməyən insanlar var. Görünür, bu da icbari tibbi sığortanın tətbiqi mexanizmi barədə məlumatsızlıqdan irəli gəlir. Bu və digər məsələlələrə bağlı “Həftə içi” qəzetinin suallarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova cavablandırıb.
-Aynurə xanım, icbari tibbi sığortadan yararlanmaq istəyən vətəndaş konkret olaraq hara və necə müraciət etməlidir?
-Vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və s. tibb müəssisələri aiddir.
Vətəndaşlar yaşadıqları ərazidən asılı olmayaraq, TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ambulator yardım üçün göndəriş vərəqəsi olmadan şəxsiyyət vəsiqəsini təqdim etməklə müraciət edə bilərlər. Yəni vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər və rayonlarda istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, poliklinika, Ailə Sağlamlıq Mərkəzləri, kənd/qəsəbə məntəqələrində göstərilən tibbi xidmətlərdən istifadə etmək üçün qeydiyyatda olduğu ərazi üzrə müraciət edilməlidir.
Dövlət tibb müəssisələrində stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır.
TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa Agentliyin 43 müqaviləli tibb müəssisələrindən birinə göndəriş verilir.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən əhalini icbari tibbi sığorta sisteminin üstünlükləri, sistemdən istifadə qaydası barədə məlumatlandırmaq məqsədilə mütəmadi olaraq müxtəlif qurumların əməkdaşları üçün maarifləndirici görüşlər, tədbirlər və təlimlər keçirilir, maarifləndirici çap materialları hazırlanır. Agentliyin saytında, sosial şəbəkələrində və platformalarında mütəmadi olaraq məlumatlar paylaşılır, Agentlik tərəfindən canlı yayımlar təşkil edilir, kütləvi informasiya vasitələrində yazı və xəbərlər işıqlandırılır, KİV-dən və sosial şəbəkələrdən daxil olan sorğular cavablandırılır.
Məlumat üçün bildirək ki, hazırda əhalinin icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə görülən tədbirlər çərçivəsində 4 milyondan çox ölkə vətəndaşına SMS göndərilir. SMS-lərdə hər kəsin icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibbi xidmətlərdən pulsuz istifadə edə bilməsi ilə bağlı məlumat vurğulanır və Agentliyin rəsmi saytında yaradılan səhifəyə keçid verilib. Həmin səhifədə icbari tibbi sığorta ilə vətəndaşın bilməli olduğu bütün lazımi məlumatlar qeyd olunub və təlimat videosu əlavə edilib.
Habelə, ASAN radio ilə əməkdaşlıq çərçivəsində "1 sual, 1 cavab" rubrikasında istiqamətində dinləyicilərə icbari tibbi sığorta ilə bağlı məlumatlar təqdim olunur.
Respublika üzrə bütün 25 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki monitorlarda icbari tibbi sığorta ilə bağlı maarifləndirmə xarakterli videoçarxlar təqdim olunur. Videoçarxlarda icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə, eləcə də özəl tibb müəssisələrinə müraciət qaydaları, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əməliyyatlar və s. barədə məlumatlar, həmçinin göndərişlər, Xidmətlər Zərfi və Çağrı mərkəzi haqqında informasiyalar əksini tapıb.
Bununla yanaşı, bütün dövlət və qeyri-dövlət qurumlarına icbari tibbi sığorta ilə bağlı ödənişsiz onlayn və ya ənənəvi təlimlərin keçirilməsi barədə müraciət edilib. Müraciətlərə əsasən cari ildə 4 tədbir keçirilib. Təlimlər davam etdirilir.
-Ötən il vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı nə qədər olub? Bu xidmətlərdən yararlananlar hansı yaş kateqoriyasını əhatə edib?
-2021-ci il ərzində bütün ölkə üzrə 4 053 636 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 10 348 289 müraciət üzrə 22 954 649 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 17 675 080-i (77%) 18 yaşdan yuxarı, 5 279 569-u (23%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.
-2022-ci ilin ilk 3 ayında göstərilən tibbi xidmətlərin kəmiyyət baxımından ümumi mənzərəsi necə olub?
-Ölkə üzrə cari ilin yanvar-fevral ayları ərzində 1 244 351 vətəndaşa 5 465 999 tibbi xidmət göstərilib. Beləliklə, bu dövrdə əhalinin 13 %-i icbari tibbi sığortadan yararlanıb. 2 507 890 müraciət üzrə tibbi xidmətlərin 82 %-i ambulator, 18 %-i isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərdən istifadə edənlərin 27 %-ni uşaqlar, 73 %-ni isə böyüklər təşkil edir.
Mart ayı üzrə tibbi xidmətlərin statistikası ay bitdikdən sonra açıqlanacaq.
-Uşaqların tibbi sığorta üzrə xidmətlərdən yararlanması proseduru necədir? Bununla bağlı hər hansı tələb varmı?
-Uşaqların da böyüklər kimi eyni səviyyədə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən yararlanmaq imkanı var. Hər hansı tələb yoxdur.
- Müraciətlər daha çox hansı xəstəliklərlə bağlıdır?
-Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, müəyyən simptomlar, habelə mamalıq və ginekologiya ilə bağlı olub.
-2022-ci ildən icbari tibbi sığorta haqlarının ödənişləri artıb. Bu artım tibbi xidmətin keyfiyyətinin artırılması və xidmətlərə əlçatanlığın təmin olunmasında özünü necə göstərəcək?
-Nəzərinizə çatdıraq ki, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilmişdi. Belə ki 2021-ci ildə qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulurdu.
2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən də dövlət və neft sektorunda çalışanlar kimi aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Səhiyyənin inkişafında əsas amillərdən olan kadr təminatının yaxşılaşdırılması, kadrların təkmilləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər icra olunur. Bu məqsədlə Agentlik tərəfindən vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” təsdiq edilib. Proqramda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması məqsədi ilə Avropa İttifaqı ölkələri, ABŞ və Türkiyə Cümhuriyyətində və s. ölkələrdə təhsil almış azərbaycanlı həkim-mütəxəssislərin tibb müəssisələrində işə cəlb olunması üzrə vakansiyalar üzrə işə qəbulu həyata keçirilir. Proqram çərçivəsində hər il üzrə Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrinə və ölkə üzrə tibbi ərazi bölmələri mərkəzlərinə tibb müəssisələrinin hər birinə 10 nəfərdən çox olmamaqla, ümumilikdə 100 nəfər həkim-mütəxəssisin (cərrahi və radioloji profilli ixtisaslar üzrə 60 nəfər, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 40 nəfər olmaqla) cəlb edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, regionlarda tibb heyəti üzrə kadr təminatını gücləndirmək üçün gələcəkdə paytaxtdakı tibb müəssisələrində çalışan tibb heyətinin regionlardakı tibb müəssisələrinə cəlb olunması planlaşdırılır. Bu məqsədlə Agentlik tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına dəyişiklik edilərək regionlara çalışmağa gedən tibb heyətinə əlavə mükafatların verilməsi nəzərdə tutulub. Əsas məqsəd regionlarda vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini və tibbi xidmətlərə əlçatanlığı təmin etməkdir. Həmçinin bu tədbir ixtisaslı həkimlərin öz sahələri üzrə məlumat mübadiləsi aparmaqlarına, əldə olunan təcrübələr nəticəsində bilik və bacarıqlarını artırmaqlarına imkan yaradacaq.
Habelə, Agentlik tərəfindən 2021-ci ildən TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində struktur dəyişiklikləri aparılır. Aparılan dəyişikliklərin məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir. Eyni zamanda bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq.
2022-ci ildə struktur dəyişiklikləri nəticəsində müalicə diaqnostika mərkəzlərinin rayon mərkəzi xəstəxanalarına birləşdirilməsi, ilkin səhiyyə xidmətinin göstərilməsi məqsədilə Ailə Sağlamlıq Mərkəzlərinin yaradılmasının davam etdirilməsi, habelə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərin bəzilərinin fəaliyyətinin optimallaşdırılması həyata keçirilir. Eyni zamanda şəhər xəstəxanalarının Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyinə verilməsi üzrə işlər icra olunur.
- Hazırda Xidmətlər Zərfinə nələr daxildir? Bu il Xidmətlər Zərfində hansı yeniliklər gözlənilir?
-Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət göstərilir:
Ø ilkin səhiyyə xidməti - 35
Ø təcili və təxirəsalınmaz tibbi yardım xidməti - 6
Ø ixtisaslaşdırılmış ambulator yardım xidmət - 508
Ø laboratoriya xidməti – 731
Ø fizioterapiya xidməti – 26
Ø invaziv radiologiya xidməti – 39
Ø stasionar cərrahi xidmət - 950
Ø stasionar terapevtik xidmət – 255
Belə ki, əlillik və ölüm riski olan xəstəliklərin müalicəsi, eləcə də həyati vacib-dəyəri yüksək olan əməliyyatlar Xidmətlər Zərfinə daxildir. Xidmətlər Zərfinə 950-dən çox cərrahi əməliyyat salınıb. Təminata alınmış əməliyyatlar sırasında dəyəri yüksək olan əməliyyatlar əhalinin sağlamlığının və maddi rifahının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Həmin əməliyyatlar sırasına koxlear implantasiya əməliyyatı, oynaq endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları vardır.
Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə Agentliyin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: https://its.gov.az/page/xidmetler-zerfi-3
Bununla yanaşı, Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən 3000-ə qədər tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.
Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji əməliyyatlar, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər aid edilib. Həmçinin Xidmətlər Zərfində sığorta limiti tətbiq olunan tibbi xidmətlər - endoprotezləşdirmə, koxlear implantasiya ilə bağlı sığorta limitinin artırılması nəzərdə tutulub. Bundan əlavə, orqan transplantasiyasının da bu ildən limitli şəkildə icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur.
- Hazırda Agentliyin neçə özəl tibb müəssisəsi ilə əməkdaşlıq müqaviləsi var? Əgər sığortalı vətəndaş özəl tibb müəssisəsinə birbaşa göndəriş olmadan müraciət edərsə, xərclər kim tərəfindən qarşılanır?
-Agentlik 43 müqaviləli tibb müəssisəsi ilə əməkdaşlıq edir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir.
Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.
Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.
Müqaviləli tibb müəssisələrinin adı, ünvanı, əlaqə vasitələri ilə https://its.gov.az/uploads/law/118/103526.pdf linkinə keçid edərək tanış ola bilərsiniz.
-2022-ci ildən vətəndaş müraciətlərinə baxılması prosesində hansı yeniliklər var və gələcəkdə bu sahədə hansı yeniliklər gözlənilir?
-İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar vətəndaşları narahat edən məsələləri həll etmək üçün daxil olan vətəndaş müraciətləri çox əhəmiyyətli olduğundan müraciətlər diqqətlə araşdırılır, müraciətlər əsasında təhlillər aparılır və tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində Agentlik tərəfindən mütəmadi işlər görülür. Qeyd edək ki, “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 6-cı hissəsi ilə verilmiş tapşırığa uyğun olaraq 2021-ci ilin yanvar ayından Agentlik və tabeliyindəki “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsində (TƏBİB) sənəd dövriyyəsi, o cümlədən vətəndaşlardan daxil olan müraciətlər üzrə kargüzarlıq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təqdim olunmuş Elektron Sənəd Dövriyyəsi (ESD) vasitəsilə aparılmaqla elektronlaşdırılmışdır. Bu da vətəndaş müraciətlərinə baxılması işinin daha səmərəli, nəzarətin və hesabatlılığın daha effektiv təşkili ilə nəticələnmişdir.
2022-ci ilin yanvar ayından etibarən TƏBİB-in tabeliyindəki Bakı şəhəri və regionlarda yerləşən tibb müəssisələrində də (92 tibb müəssisəsi) ESD-nin tətbiqinə başlanılmışdır. Bununla yanaşı, vətəndaş müraciətlərinə baxılması, həmçinin sənədlərlə işin daha səmərəli təşkili məqsədilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin strukturunda ümumi şöbələr yaradılmış, hazırda kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlər davam etməkdədir. Tibbi xidmətlərə əlçatanlığının artırılması, ölkədə icbari tibbi sığortanın tətbiqində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Agentlik tərəfindən zəruri tədbirlərin görülməsi davam etməkdədir.
Bununla yanaşı, həssas qruplara daxil olan vətəndaşların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilir. Müraciət etmiş əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar qeydiyyatda olduqları ərazi üzrə tibb müəssisələrinə göndərilir, tibb müəssisələrinə qanunvericilik tələblərinə uyğun olaraq tədbir görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi tapşırılır. Qeyd edək ki, əlillik məsələləri ilə bağlı Agentlik və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu fəaliyyət göstərməkdədir və bu sahəyə nəzarətin səmərəli təşkili məqsədilə Agentlikdə xüsusi struktur bölmə yaradılmışdır. Bununla yanaşı, Vətən müharibəsi iştirakçılarının, həmçinin qazi və şəhid ailələrinin müraciətləri nəzarətə götürülməklə baxılması təmin edilir. Bu kateqoriyadan olan vətəndaşlardan daxil olan müraciətlərin həlli ilə bağlı Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “YAŞAT” Fondu və digər qurumlarla koordinasiyalı şəkildə tədbirlər görülməkdədir. Habelə, şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət göstərilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılmış vahid əlaqələndirmə mərkəzlərində (VƏM) Agentliyin əməkdaşları da DOST mərkəzlərində fəaliyyətə başlamış, Agentlikdə bu məqsədlə xüsusi struktur bölmə yaradılmışdır.
Nəticə olaraq bildirək ki, Agentlik tərəfindən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın və vətəndaşların qəbulunun qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi üçün zəruri addımlar atılmaqdadır. Vətəndaşların müraciət etmək imkanlarının artırılması, rahatlıq və şəffaflıq prinsiplərinin təmin edilməsi məqsədilə Agentliyin rəsmi internet saytında vətəndaşlar üçün xüsusi bölmə (https://its.gov.az/page/e-xidmetler-2) yaradılmışdır. Bölmədə vətəndaşların qəbul günləri, vətəndaşların müraciətlərinə dair qanunvericilik aktları yerləşdirilmiş, habelə onların elektron qaydada müraciət göndərmələri və aidiyyəti vəzifəli şəxsin qəbuluna yazılmaları təmin edilmişdir.