Alman Xəbər Agentliyinin (DPA) xəbərinə görə, Sol Partiyanın parlamentdəki sualını cavablandıran Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi hökumətin bu il təxminən 11,71 milyard avro dəyərində silah və hərbi texnikanın satışını təsdiqlədiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, beləliklə, Almaniyanın 2023-cü ildə silah və hərbi texnika satışı rekordu qırıb. Berlinin silah və hərbi texnika satışında əvvəlki illik rekord 9,35 milyard avro ilə 2021-ci ildə qeydə alınıb.
Nazirliyin cavabına əsasən, Almaniyanın bu il ən çox silah və hərbi texnika satdığı ölkə Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna olub. Berlin Kiyevə 4,15 milyard avro dəyərində silah və texnikanın satışını təsdiqləyib.
Almaniya hökumətinin Ukraynaya ixrac icazələri arasında “Leopard 2” tankları, Patriot hava hücumundan müdafiə sistemləri, Gepard tipli zenit tankları, döyüş sursatları, PzH haubitsaları, Stinq raketləri, əl qumbaraatası, dəbilqə və nəqliyyat vasitələri də var.
Almaniya hökuməti bu il 6,15 milyard avroluq silah və 5,57 milyard avroluq hərbi texnikanın satışını təsdiqləyib ki, bunun da 90 faizi Avropa İttifaqı və NATO ölkələrinə olacaq.
Almaniyada silah ixracına nəzarətə gəldikdə, Ukraynaya Yaponiya, Avstraliya və ya Cənubi Koreya və NATO ölkələri kimi yanaşırlar.
Almaniya hökumətinin İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi digər üçüncü ölkələrə 1,76 milyard avro dəyərində silah ixracına icazə verməsi də diqqət çəkib.
İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin noyabrın 8-də verdiyi açıqlamaya görə, Almaniyanın İsrailə silah və hərbi texnika satışı 10 ayda təxminən 10 dəfə artaraq 303 milyon avroya çatıb. İsrail-Fələstin münaqişəsinin başlamasından sonra ilk bir neçə həftə ərzində federal hökumət İsraildən 185 müraciəti təsdiqləyib.
Almaniyada 2021-ci ildə silah ixracına məhdudiyyətlər qoyacağı vədi ilə hakimiyyətə gələn hökumətin ölkə tarixində ən böyük ixracat göstəricilərinə nail olması da diqqət çəkib.
Ukrayna olmasa belə, Almaniya hökuməti bu il 7 milyard avrodan çox dəyəri olan silah və hərbi texnikanın ixracına icazə verib.
Almaniyada koalisiya danışıqları zamanı Yaşıllar və Sosial Demokrat Partiyasının təzyiqi altında olan hökumət əslində silah ixracını azaltmağı, bu məqsədlə nəzarət qanunu qəbul etməyi qarşısına məqsəd qoymuşdu.
Bildirilib ki, Yaşıllar Partiyasının rəhbərlik etdiyi İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi ölkədə silah ixracına nəzarət qanununun gücləndirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində işlər aparır.
Rusiya-Ukrayna müharibəsi Almaniyanı hərbi yanaşmasında tarixi transformasiyaya sövq etsə də, kansler Olaf Şolz müharibə başlayandan sonra ölkəsinin NATO-nun “ÜDM-in 2 faizini müdafiə xərclərinə xərcləmək” hədəfinə əməl edəcəyini açıqlayıb.
Rusiyanın Ukraynaya qarşı müharibəsini "dönüş nöqtəsi" kimi xarakterizə edən Şolz, Bundesveri müasir silahlarla lazımi səviyyədə təchiz etmək üçün əlavə 100 milyard avro vəsait ayırdığını açıqlayıb.
Almaniyada bütün ili əhatə edən silah ixracatının rəqəmlərinin yanvarın əvvəlində açıqlanması gözlənilir.