Almaniya Hindistan və ərəb ölkələrindən Ukraynaya sursat almağa çalışır

09:10 27.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya və Hindistanın Ukraynaya artilleriya mərmiləri vermək üçün gizli danışıqlar apardığı iddia edilib.

Hafta.az-ın “Der Spiegel” jurnalına istinadən yazdığına görə, Almaniya Ukraynaya veriləcək “bir neçə yüz min artilleriya mərmisi”ni Hindistandan almaq niyyətindədir. Moskva ilə münasibətləri korlamaq istəməyən hindli idarəçilərin danışıqları gizli saxladıqları iddia olunur. “Der Spiegel” həmçinin böyük sursat ehtiyatlarına malik bəzi ərəb ölkələri ilə də oxşar danışıqların aparıldığını yazır.

Almaniya Müdafiə Nazirliyinin rəsmiləri Ukrayna adından sursat almaq üçün 7 milyard avro ayırdıqlarını açıqlayıb. Mütəxəssislər hesab edirlər ki, Balkanlar və bəzi Afrika ölkələrinin də sursat istehsal etmək imkanı var. Alman kəşfiyyat xidmətləri Ukrayna Silahlı Qüvvələrinin iyun ayına qədər silah-sursat ehtiyatlarını bitirəcəyindən ehtiyatlanır.

"Təəssüf ki, artilleriya və zenit sursatları dünyanın hər yerində rəflərdə o qədər də geniş tapılmır" deyib Almaniya Müdafiə Nazirliyinin Ukrayna vəziyyəti mərkəzinin rəhbəri Kristian Freydinq. “Bu il Almaniya hökuməti Ukraynaya silah almaq üçün 7 milyard avro ayıracaq və pul çatışmazlığından söhbət gedə bilməz” əlavə edib.

Ötən həftə Ukraynanın müdafiə naziri Rustəm Umarov ölkəyə vəd edilən silahların yarısının vaxtında çatdırılmadığını bildirib. Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Bärboç Berlində Kiyevə uzaqmənzilli raketlərin tədarükü ilə bağlı danışıqların hələ də davam etdiyini bildirib. Alman mətbuatının yazdığına görə, rəsmi Berlin raketlərin Rusiya ərazisinə hücumlar üçün istifadə oluna biləcəyi qorxusuna görə bunu etmək istəmir.

Oxunma sayı 131