Almaniyada məişət zorakılığı halları rekord həttə yüksəlib

10:30 19.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən il Almaniyada məişət zorakılığı hallarında nəzərəçarpacaq artım qeydə alınıb. 16 əyalətin Daxili İşlər Nazirliyi və Polis qeydlərinə əsaslanan “Welt am Sonntag”-ın xəbərinə görə, 2022-ci ildə ölkə daxilində 179200 məişət zorakılığı qurbanı qeydə alınıb.

Hafta.az-ın yazdığına görə, bildirilib ki, bu rəqəm pandemiyanın hələ də təsirli olduğu 2021-ci illə müqayisədə 9,3 faiz artıma uyğundur. Qeydə alınmamış halların da olduğunu nəzərə alsaq, bir çox qurbanlar şikayət etmədiklərindən, faktiki qurbanların sayının daha çox olacağı proqnozlaşdırılır.

Ölənlərin üçdə ikisinin qadın olduğu bildirilsə də, hadisəni törədənlərin daha çox “şəriklər”, “keçmiş şəriklər” və ailə üzvləri olduğu qeyd edilib.

Alman Karitas Assosiasiyasının prezidenti Eva Maria Velskop-Deffaa, zorakılığın artmasında korona pandemiyasının nəticələrinin rol oynadığını, pandemiya illərində gərgin həyat şəraitinin məişət zorakılığının artmasına səbəb olduğunu bildirib.

“Diakonie” xeyriyyə təşkilatının sosial siyasət direktoru Maria Loheyde də zorakılıq qurbanlarının sayının artmasını "dəhşətli" kimi qiymətləndirib. Loheyde, "Bu artımın bir səbəbi məişət zorakılığı haqqında məlumatlılığın ümumi artımı və qadınların artıq illərlə davam edən qeyri-müəyyənlikdən sonra zorakılıqdan şikayət etməyə başlaması ola bilər" deyib.

Vilayətlərdən gələn məişət zorakılığı ilə bağlı məlumatların da ilk dəfə Federal Cinayət İdarəsi tərəfindən toplandığı və iyulun 3-də Berlində təqdim olunacaq hesabata daxil ediləcəyi bildirilib. Qeydə alınmayan hallarla bağlı da araşdırma aparılacaq.

Ailə naziri Lisa Paus, "Məişət zorakılığı adətən şəxsi, gizli yerlərdə baş verir. Qurbanın utanma və günahkarlıq hissləri çox vaxt hadisələri polisə bildirməməsinə səbəb olur” deyib.

Daxili işlər naziri Nensi Faeser də məişət zorakılığı qurbanlarını cinayətkarlar haqqında şikayət etməyə çağırıb. Faeser deyib ki, qurbanlar şikayət verməyə təşviq edilməlidir ki, daha çox günahkar öz hərəkətlərinin hüquqi nəticələri ilə üzləşsin. Faeser, zorakılıq səbəbiylə evlərindən çıxarılan cinayətkarların geri qayıtmasının qarşısını almaq üçün tez-tez polis yoxlamalarının edilməsi lazım olduğunu deyib. Məişət zorakılığının şəxsi həyat deyil, sosial məsələ olduğunu vurğulayan nazir, "Şiddətin döyülmə və təzyiqlə olması şərt deyil. Təqib və psixoloji terror da şiddətdir" bildirib.