Almaniyalı gənclərin yarıdan çoxu hökumətə inanmır

11:20 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bertelsmann Fondunun keçirdiyi sorğuya görə, Almaniyada 18-30 yaş arasında olanların 52 faizi hökumətə güvənmədiyini bildirib. Bu yaş qrupunda hökumətə güvənənlərin nisbəti 39 faiz olduğu halda, 9 faiz “bilmirəm” cavabını verib.

Hafta.az-ın yazdığına görə, sorğuda iştirak edən 18-30 yaşlılar arasında parlamentə etimad göstərməyənlərin nisbəti 45 faiz, etibar edənlərin nisbəti isə 35 faiz təşkil edib.

Almaniyada gənclərin 79 faizlə təhsil sisteminə, 74 faizlə elmə, 62 faizlə Avropa İttifaqına, 59 faizlə demokratiyaya, 55 faizlə qanunun aliliyinə və NATO-ya inamı yüksəkdir. Onların 53 faizi BMT-yə inam ifadə edib.

Gənclərin 60 faizi mediaya, 58 faizi dinə, 53 faizi transmilli şirkətlərə güvənmədiyini bildirsə də, onların demokratiyaya (50 faiz) və Aİ-yə (57 faiz) inamı yuxarıdadır.

Sorğuda iştirak edən 31-70 yaşlıların 49 faizi hökumətə, 46 faizi isə parlamentə etibar etmir.

18-30 yaşlı gəncləri ən çox narahat edən məsələ 51 faizlə “insan hüquqlarının pozulması”, 46 faizlə “iqlim dəyişikliyi” və 45 faizlə “cinsi təcavüz və zorakılıq” olub. Gənclərin 41 faizinin “psixi sağlamlıq problemlərindən narahat olması” da diqqət çəkir.

31-70 yaş arasında olanların 45 faizi iqlim dəyişikliyi və eyni nisbətdə uşaqlara qarşı zorakılıqdan, 44 faizi zənginlərlə kasıblar arasında uçurumun dərinləşməsindən, 40 faizi isə heyvan və bitki növlərinin nəslinin kəsilməsindən narahatdır.

Bertelsmann Vəqfinin eksperti Regina von Görtz Almaniyada gənclərin ümumiyyətlə demokratiyaya və Aİ-yə inamının olduğuna diqqət çəkərək, “Bu, xüsusilə Avropa Parlamenti və əyalət məclislərinə seçkilər üçün yaxşı xəbərdir. Bu il keçiriləcək, lakin bu inamın itirilməməsi vacibdir” deyə xəbərdarlıq edib.

Görtz bildirib ki, siyasətçilər gənclərin maraqlarına uyğun gələcəyə hesablanmış qərarlar verməli və onları siyasi prosesə daha çox daxil etməlidirlər.

Almaniyada gənclərin əksəriyyətinin hökumətə güvənmədiyinə diqqət çəkən Görtz, "Siyasi qərar vericilərə inamın aşağı olması, xüsusilə gənc nəslin gələcəyə nikbin olmaması demokratik cəmiyyətimiz üçün ciddi problemdir" deyib.