Almanların 70 faizi "Ordu ölkəmizi qoruya bilməz" deyir

10:26 27.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya hücumundan sonra Almaniya ordusunu gücləndirməyə çalışır, lakin bu səylər hələ də ictimaiyyəti inandıra bilməyib. Dərc edilən YouGov sorğusu göstərib ki, almanların 70 faizi ordunun ölkələrini potensial hücumdan qoruyacaq qədər güclü olduğuna inanmır.

Hafta.az yazır ki, 17 iyun - 1 iyul tarixləri arasında Almaniyada 2079 yetkin arasında keçirilən sorğu göstərib ki, respondentlərin yalnız 21 faizi orduya etibar edib, 8 faizi isə fikir bildirməyib.

Müxtəlif ölkələri əhatə edən sorğuda ən aşağı nisbət Almaniyada qeydə alınıb.

Ordularına şübhə edənlərin faizi Polşada 57 faiz, Britaniya və Avstraliyada 53 faiz, Kanadada isə 48 faiz olub, fransızların 52 faizi və amerikalıların 77 faizi ölkələrinin silahlı qüvvələrinə etibar edib.

Almaniyada iştirakçıların 40 faizi ölkələrinin müdafiə büdcəsinin yetərli olmadığını bildirsə də, 77 faizi bu xərcləri ödəmək üçün vergilərin artırılmasını istəməyib.

Ordu üçün dövlət xidmətlərində ixtisarlara qarşı çıxanların faizi 62 faizə çatıb, 59 faizi isə hökumətin daha çox borc almasını istəmir.

ABŞ-da Donald Trampın ikinci administrasiyası ilə Avropa ölkələri müdafiəyə daha çox diqqət yetirməyə başlayıblar.

2035-ci ilə qədər aktiv xidmətdə olan əsgərlərin sayını 184 mindən 260 minə, ehtiyat qüvvələrinin sayını isə üç dəfə artıraraq 200 minə çatdırmağı hədəfləyən Almaniyanın bu rəqəmlərə çatması ehtimalı azdır.

2011-ci ildə dayandırılan Almaniyada məcburi hərbi xidmətin bərpası ilə bağlı danışıqlar gedir. Digər tərəfdən, universal səhiyyə, demək olar ki, pulsuz universitet təhsili və işsizlik müavinətləri təklif edən bu Avropa ölkəsində on minlərlə gənc orduya getmək istəmədiklərini vurğulamaq üçün küçələrə çıxır.

Milli büdcənin böyük hissəsi yaşlıların pensiyalarına xərclənsə də, yüksək yaşayış xərcləri və işsizliklə mübarizə aparan gənclər bu fədakarlığın müqabilində nə qazanacaqlarını sual altına alırlar.