Almanların əksəriyyəti ölkəsini müdafiə etməyə hazır deyil

10:15 07.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyada aparılan sorğu nəticəsində məlum olub ki, almanların əksəriyyəti hərbi hücum baş verərsə, əlinə silah götürüb ölkəni müdafiə etməyə hazır deyil.

Hafta.az-ın yazdığına görə, Forsa araşdırma şirkətinin RTL/NTV televiziya kanalları üçün keçirdiyi sorğuda iştirakçıların 59 faizi “Almaniyanı silahla müdafiə etməyə hazır olub-olmayacağı” sualına “Yəqin ki, yox” və ya “Qətiyyətlə yox” cavabını verib”.

Sorğuda iştirak edənlərin 38 faizi bu suala “mütləq” və ya “yəqin ki” hazır olduqlarını bildirərək cavab verib.

18-29 yaş arasında olan iştirakçıların 51 faizi ölkəni müdafiə etmək üçün əlinə silah götürməyə “ehtimal” və ya “mütləq” hazır olmadığını bildirsə də, 30-44 yaş arasında olanlar üçün bu nisbət yüzdə 60 olub. 45-59 yaş arasında olanlar üçün 54 faiz, 60 yaşdan yuxarı olanlar üçün isə 62 faiz təşkil edib.

Yaşıllar Partiyası tərəfdarlarının 61 faizi, Sosial Demokrat Partiyası (SPD) tərəfdarlarının 59 faizi, Almaniya üçün Alternativ (AfD) Partiyası tərəfdarlarının 55 faizi, Xristian Birliyi (CDU/CSU) partiyaları tərəfdarlarının 50 faizi və Azad Demokrat Partiyası (FDP) tərəfdarlarının yüzdə 47-si ölkəni müdafiə etmək üçün silah götürməyə "yəqin" və ya "mütləq" hazır olmadığını bildirib.

Digər tərəfdən, YouGov şirkətinin Almaniyanın DPA Xəbər Agentliyi üçün keçirdiyi sorğuya görə, almanların 72 faizi Ukraynaya əsgər göndərilməsinə qarşıdır və Almaniya kansleri Olaf Şolsu dəstəkləyir.

Sorğuda iştirak edənlərin yalnız 2 faizi Almaniyanın Ukraynaya qoşun göndərməsinin tərəfdarı olub, 16 faizi isə Almaniyanın Ukraynaya qoşun yeritmək variantını “açıq qalmasını” istəyib.

Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, Almaniya müdafiə xərclərini artırmalı və silahlı qüvvələr modernləşdirilməli və yeni təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək qabiliyyətinə malik olmalıdır: “Biz Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq. Bu o deməkdir ki, biz müharibəyə hazır olmalıyıq”.

Bunun üçün alman ordusuna təkcə silah deyil, həm də şəxsi heyət lazımdır.

2011-ci ildə məcburi hərbi xidmətin ləğv edildiyi Almaniyada 181 min əsgər var. Almaniya hökuməti 2031-ci ilə qədər bu rəqəmi 203 minə çatdırmağı hədəfləyir. Ölkədə əhalinin qocalması və ixtisaslı işçi qüvvəsinin olmaması səbəbindən hərbi xidmət üçün kadr tapmaqda çətinlik yaşanır və 2031-ci il üçün hədəf sayına çatmayacağı bildirilir.