Qəzza zolağında Fələstin xalqının faciəsindən narahat olan Amerika vətəndaşları Oskar mükafatlandırma mərasimi zamanı etiraz aksiyası keçiriblər.
Hafta.az-ın “İslamnews” nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, dünən gecə bütün Qərb elitasının toplaşdığı Los-Ancelesdəki "Dolbi" teatrının qarşısında keçirilən kütləvi mitinqdə iştirakçılar “Siz "Oskar" alırsınız, amma aclıqdan ölən uşaqlar bomba alır” şüarı səsləndiriblər.
Nümayişçilərin gözü qarşısında mərasimin bir çox qonaqları nəzərəçarpacaq dərəcədə əsəbi görünüblər. Hansısa məqamda etirazçılar hasarı aşmağa çalışsalar da, polis cəld reaksiya verib və bunun qarşısını alıb. Buna baxmayaraq, fəallar əsas məqsədlərinə - iki milyonluq əhalisi qıtlıq şəraitində İsrail tərəfindən kütləvi bombardmanlara məruz qalan Qəzza zolağında baş verən faciəli hadisələrə Amerika ictimaiyyətinin diqqətini cəlb etməyə nail olublar.
Bu arada İsrail rəhbərliyi müqəddəs Ramazan ayı ərzində Fələstin anklavına hücumları dayandırmaqdan imtina edib. Ordu Rəfah, Nuseyrat qaçqın düşərgəsi, Cəbəliyə və Xan Yunis də daxil olmaqla yaşayış məntəqələrini bombalamaqda davam edir. Çoxu uşaq olmaqla onlarla yeni ölən və yaralananın olduğu bildirilir.