Antiterror əməliyyatı istənilən an başlaya bilər - Üzeyir Cəfərov

17:59 12.08.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Qarabağ və ətraf rayonlarında hərbi təxribatlar törədən erməni separatçı rejimi son günlər müharibə ritorikasını artırıb. Hətta “humanitar” dəstək üçün hər cür oyunlara əl atıb, Qarabağda yaşayan ermənilərin “blokada”da qaldığını iddia edirlər. Azərbaycanın reinteqrasiya təkliflərini geri çevirən separatçılardan fərqli olaraq, Ermənistan rəhbərliyi sözdə “Qarabağ Azərbaycandır”, – desə də sürətli silahlanmaya başlayıb. Əməlləri ilə sözləri isə tam ziddiyyət təşkil edir. Bu məsələlərlə bağlı Rusiya amili isə öz yerində qalır. Belə olan halda, Azərbaycanın növbəti antiterror əməliyyatlarını başlama ehtimalı daha da güclənir. Müsahibimiz hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovdur.

– 44 günlük Vətən Müharibəsindən sonra hələ də Qarabagda gizlənən erməni separatçılar Azərbaycanın sülh, birgəyaşayışla bağlı təklifini rədd etməklə hansı niyyəti ortaya qoyur? Separatçılar dialoq təklifinə “yox” deməklə nəyə nail olmağa çalışır?

–  Ermənilər özbaşına qərar vermək gücündə deyil. Onlar öz havadarlarının havasına oynayırlar. Məqsəd ondan ibarətdir ki, Azərbaycanla təmaslar maksimum dalana dirənsin, heç bir dialoq alınmasın və nəticədə gərginlik bundan sonra da davam etsin, bununla da tərəflər arsında sülh müqaviləsinin imzalanmasının qarşısı alınsın. Baxın, ötən ilin dekabr ayında guya imzalanmalı olan sülh müqaviləsi ilə bağlı ermənilər hansı fikirlər səsləndirir, bəyanatlar verirlər. Burada da Rusiyanın “buynuzları” görünür. Rusiya Xarici İşlər Nazirliyinin Departament direktoru Denis Qonçar deyir ki, sülh müqaviləsini imzalamaq tezdir, bu sülh müqaviləsi imzalansa, tərəflər arasında konflikt, faciələr olar. Bu da o deməkdir ki, Rusiya məsələnin həllində maraqlı deyil. Məsələ həll olunandan sonra Rusiya adı “sülhməramlı” olan dəstəsini Qarabağdan çıxarmalıdır. Sülhməramlılar özlərini separatçıların səviyyəsinə endiriblər. Rusların Qarabağda separatçıları müşayiət edərək silah-sursat daşımaları, Azərbaycan mövqelərinə qarşı açılan atəşin qarşısının alınmaması, 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin müddəalarının, xüsusilə də 4-cü bəndin yerinə yetirilməməsi bunu deməyə əsas verir. Ona görə də, Araikin sözləri ermənilərin sonuncu hədyanları deyil. Araik Rusiyanın onları çox pis vəiyyətə qoyduğunu anlayır və o da Vaqif Xaçatryanın aqibətini yaşayacağından qorxur. İndi ağalarının verdiyi tapşırığı yerinə yetirir, yəqin ki, ruslar ona da söz veriblər ki, son məqamda onu helikopterlə qaçıracaqlar. Xocalı aeroportu, çox təəssüflər olsun ki, açıqdır. Bizim generallar həmin aeroportla bağlı müəyyən şərtlər qoymalı, əsaslandırmalar həyata keçirməlidir. Onlar Laçın sərhəd-buraxılış məntəqəsindən aparıb-gətirə bilmədikləri yükləri, narkotikləri Xocalı aeroportu vasitəsilə daşıyırlar. Son vaxtlar Xocalı aeroportuna uçan helikopterlərin sayı-hesabı yoxdur. 

Azərbaycan separatçılara vaxt qoymaldır: ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya da ölkəmiz lazım olan addımı ataraq antiterror əməliyyatına başlayacaq. Buna görə də Avropadan, Qərbdən gələn səslərə baxmaq lazım deyil. Söhbət Azərbaycan ərazilərindən gedir və bu torpaqla bağlı qərar vermək  ölkəmizin siyasi, hərbi rəhbərliyinin iradəsinə bağlıdır. Bundan çəkinmək lazım deyil.

Son vaxtlar bir qədər yumşaqlıq, humanistlik nümayiş etdirdikcə, maraqlı qüvvələrin üstümüzə gəldiklərini görürük. Bu, heç də bizə xoş deyil. Separatçı kimdir ki, Azərbaycana şərt qoysun və yaxud nəyisə diqtə etsin? Biz qalib tərəfiksə, qalib tərf kimi də separatçılardan, ermənilərdən və havadarlarından tələb etməliyik:  üzərlərinə düşən məsələləri həll etsinlər. Bu da qeyri-qanuni erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə başlamalıdır.  

– “Erməni separatçılar tapşırıqları yerinə yetirir”, - deyərkən daha çox Rusiyanın adını çəkdiniz. Azərbaycan ərazilərində gərginliyin qalmasında tək maraqı tərəf Rusiyadırmı?

– Əslində, regionda Ermənistanın, Fransanın, İranın,  eləcə də adı çəkilməsə də, bəzi Qərb dövlətlərinin maraqları var. Almaniyadan, Avropadan gəlmiş Avropa İttifaqının müşahidə missiyası Qafqazda özlərinə “sərfəli” iş yeri tapıblar. Yüksək məvacib alır, gündə bir dəfə əllərində “binokl” yayda kondisionerli avtomobildə, qışda isti maşında çıxıb əraziyə baxır, sonra da yeyib-içib yatırlar. Ona görə də məsələnin həllində maraqlı deyillər. Məsələ həll olunarsa, onlara deyiləcək ki, “Xoş gəldin”. Necə ki, vaxtlə ATƏT-in “Minsk Qrupu” adında qurum var idi və hər dəfə bölgəyə turist səfərləri edərək, baş qatırdılar. ATƏT sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprişik var idi. Polşada belə bir diplomatın olduğunu yaddan çıxarmışdılar. Amma 1993-1994-cü illərdən bəri daim bölgədə  idi və kefi nə istəyirdisə onu edirdi. 

– Qarabağdakı mövcud vəziyyət regionla bağlı yeni hərbi zəmin hazırlayırmı? Antiterror əməliyyatları başlaya bilərmi? Bu, vasitəçi Qərbin, Avropanın, Şimalın Azərbaycanın ərazi bütövlüyünü tanıması, təhlükəsziliyinə hörmətlə yanaşması kontekstində necə qarşılana bilər?

– Biz çox hallarda əsas sənədləri bir kənara qoyub, 2-3-cü dərəcəli sənədlərə istinad edirik. Məsələn, BMT-nin 4 məlum qətnaməsi var ki, orada Azərbaycanın ərazi bütövlüyü tanınır və bu, hər hansı bir şübhə və yaxud narahatlıq doğurmur. Bu sənədi bir kənara qoyub, digər kiçik məsələlərlə başımızı necə qatırlarsa, hədəfdən yayınırıq. Hədəfdən yayınmadan bir daha hər kəsə anlatmalıyıq ki, ermənilərin bu gün də silah gücünə iddia etdiyi ərazilər BMT TŞ-nın 4 qətnaməsi ilə təsdiq olunmuş Azərbaycan əraziləridir. Son vaxtlar o qətnamələr dilə gətirilmir. Niyə? Onlardan üstün sənəd varmı? Yoxdur. Ona görə də həmin sənədlərə istinad edərək deməliyik ki, Azərbaycan əraziləri qısa müddətdə boşaldılmalıdır, separatçılar, ermənilər, bölgəyə aid olmayan insanlar ərazidən çıxmalıdırlar. Yerdə qalan məsələlərlə Azərbaycan dövləti özü məşğul olacaq. Bunu dilə gətirmədikcə bizə qarşı müxtəlif şərtlər irəli sürməyə, fikirlər deməyə başlayırlar.

Baxın, bu günlər Gürcüstan hadisələrinin 15 illiyi oldu. Rusiya həmin tarixdə Gürcüstanın 2 ərazisini – Cənubi Osetiya ilə Abxaziyanı işğal etdi və özü kimi separatizmi dəstəkləyən dövlətlərı yığıb həmin ölkələri guya tanıdı. Yaxud Rusiya Ukraynadan qopardığı əraziləri də tanıtmağa çalışdı. Əgər günlərin birində Qarabağı erməni separatçılarının dövləti kimi tanısalar, Rusiya özü kimi dövlət tapacaq və elan edəcək ki, o, “müstəqil dövlət”dir və onların xahişi ilə bölgədə qalırıq. İndi də deyilir ki, Putin bu ayın sonu Ərdoğanla görüşəcək. Anlamaq lazımdır ki, 50 belə görüş keçirilsə də,  Rusiya heç bir beynəlxalq hüquqa hörmətlə yanaşmayan dövlət kimi bundan sonra da öz işğalçılıq siyasətini davam etdirmək üçün əlindən gələni edəcək. Həm bu bölgədə, həm Suriyada, Moldovada, həm də Gürcüstanda… Ona görə də separatçıların nazı ilə az oynamalıyıq.  Deməliyik ki, artıq yetər, 3 ilə yaxın vaxt keçib, Rusiya bunların bölgədən çıxarılmasına cəhd belə etmir, bunun acısını çəkən Azərbaycan dövləti, xalqıdır. Bu günə qədər 300-ə yaxın insanımız mina partlayışı nəticəsində həlak olub, yaralanıb. Hər erməni təxribatı zamanı əsgərimiz yaralanır, şəhid olur.  Buna son qoyulmalıdır. Antiterror əməliyyatı istənilən an başlaya bilər.

- Qarabağda “sülhməramlı” amili Azərbaycanın antiterror əməliyyatları keçirməsini nə dərəcədə real edir?

– Rus orada Azərbaycan Ordusunun qaşısında duruş gətirə bilməz. Biz bunu Fərruxda da gördük, sərhəddə post qoyanda da, digər strateji yüksəklikləri nəzarətimizə götürəndə də.  Antiterror əməliyyatlarında “rus faktoru”nun maneə kimi götürülməsini unutmaq lazımdır. Rusiya öhdəsinə düşəni etmirsə, təbii ki,  Azərbaycan oğulları özləri bunu edəcək. Biz bu məsələni itkisiz həll edə bilməyəcəyik, silahar işləyəcək. Bunların olmaması üçün Azərbaycan təklif edir ki, ermənilər silahı təhvil verib, istəsələr Azərbaycan qanunları çərçivəsində qalıb yaşaya bilərlər. Əks halda, antiterror əməliyyatı qaçılmazdır və biz bir dəfə də güc tətbiq etməyə məcbur olacağıq. Ermənilər xoşluqla Qarabağı boşaltmaq, bizə qaytarmaq fikrində deyillər.

– Regiondakı mövcud gərgin vəziyyət, rus sülhməramlılarının hazırkı davranışları bizə 5 ilin tamamında hansı perspektivi vəd edir?

–  Rusların özləri belə nə istədiklərini bilmirlər. Bir dövlət ki, müharibəni xüsusi əməliyyatdan ayıra bilmir, bir dövlət ki, öz peşəkar ordusunu itirsə də, hələ də guya nəyəsə ümid edir, deməli, hansı addımlar atacaqlarını bilmirlər. Gördükləri işin, fəaliyyətin “sülhməramlı” missiyaya zərrə qədər də aidiyyəti yoxdur. Separatçıların qarşısına düşüb silah-sursat paylamaq nə vaxtdan sülhyaratma missiyasına aiddir?!  Yaxşı, sual olunur: sən ora sülhyaratma missiyası ilə gəlmisənsə, deyə bilərsənmi nə qədər azərbaycanlını öz evlərinə yerləşdiribsiniz... Belə bir fakt yoxdur. Sülhməramlılar Qarabağa ermənilərin, özləinin maraqlarını təmin etmək üçün gəliblər. Sülhməramlıları elə bu gün çıxarmaq lazımdır. Üç ilə heç nə etməyən, beş ilə nə edəcək, heç nə. Onlar çıxmayacaq, biz onları qovub-çıxaracağıq.

– Ermənilər müharibəyə nə dərəcədə hazırdır, nəyə, kimin gücünə güvənirlər?

– Ermənistan odusu 44 günlük savaşda nə edə bildi ki, indi də Qarabağda qalan bir ovuc separatçı Azrərbaycan Ordusuna qarşı nəsə edə bilsin? İndi onlara təxribatlar törədib gərginliyi artırmaq lazımdır ki, Rusiya “Sülhməramlılar çıxsa, vəziyyət daha da gərgin olacaq, sizdən ağıllıyam, gəlin oturun danışaq”, – deyə bilsin. Bu imkanı da Rusiyaya tanımaq lazım deyil. O ki qaldı separatçıların kimə arxalanmasına, biz Araik Arutunyanın Moskvaya, Putinə yazdığı məktubu xatırlasaq, bunu da öyrənmiş olacağıq. Təbii ki, separatçılar, kim söz veribsə, ona da arxalanır. Putin söz vermişdi, indi də görünür, isləri alınmır... Yenə də deyirəm: antiterror əməliyyatları mütləq olacaq. Əks halda ağıllanmayacaqlar. Sadəcə, bu gün ermənilərə vaxtı udmaq lazımdır ki, Hindistandan raketlər gəlsin, İrandan dronlar alsınlar, Rusiya bir az silah-sursat versin və bizi hədələməyə başlasınlar. Bunlar üçün hər ötən gün kimlərləsə dil tapıb özlərinin yaramaz planlarını reallaşdırmaq, güc toplamaq üçün bir fürsətdir. Bütün hallarda erməni separatçıları bizə heç nə edə bilməz. Hər kəs Azərbaycan sərhədlərinə, bütövlüyünə, qanunlarına hörmət etməlidir.