Vətən müharibəsindən sonra Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirmədikcə, iqtisadi layihələrdən kənarda qalır və dalana dirənir. Hazırda Zəngəzur yolu və onun alternativi olan Araz yolunun açılması, bu yolların fərqli tərəfləri, əhəmiyyəti ilə bağlı müzakirələr gedir. Ehtimal edilir ki, Araz yolu işə düşərsə, Zəngəzur dəhlizinin açılması üçün Ermənistanla danışmağa ehtiyac qalmayacaq. Zəngəzur və Araz yollarının region üçün fərqi nədir?
Politoloq Natiq Miri hesab edir ki, Araz yolunun, Zəngəzur dəhlizindən müsbət mənada heç bir fərqi yoxdur. Onun fikrincə, bu, sadəcə verilən geosiyasi qərardır: “Qarabağ münaqişəsinin mövcud olduğu illərdə də bütün qlobal enerji layihələrinin Ermənistandan keçməsinin mümkün olması ilə bağlı məsələ dəfələrlə qeyd edilib. Ermənistan Qarabağla bağlı Azərbaycanın təkliflərini qəbul etmədiyi üçün indiyədək bütün qlobal layihələrdən kənarda qalıb. İndi də mesaj budur ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməsə, Azərbaycan Naxçıvanla gediş- gəliş yolunu Arazın üzərindən salacaq və eyni zamanda, bunu həm də regional və qlobal dəhlizə çevirmək imkanını ortaya qoyacaq”.
Politoloq hesab edir ki, Araz yolu İranın maraqlarına uyğundur. Tranzit olaraq böyük pullar qazanılacaq. Bu yoldan istifadə edərək özünün ticari, iqtisadi əməkdaşlığını, imkanlarını artıracaq.
Politoloq eyni zamanda qeyd edir ki, Araz yolu, həmçinin Ermənistanı Zəngəzur dəhlizinin açılmasına təhrik edən bir addımdır. Əks halda, yolun İrandan Araz yolu üzərindən açılmasının hər hansı bir üstünlüyü yoxdur: “Əksinə, İran stabil ölkə deyil. İran nə qədər dost görüntüsü yaratsa da, səhnə arxasında hər zaman Azərbaycana düşmən mövqeyi ilə tanınıb və düşünürəm, bundan sonra da dəyişən bir şey olmayacaq. Ona görə də bu, məcburi davranışdır”.
N.Miri hesab edir ki, bu yol, həmçinin Azərbaycan-Türkiyənin birləşməsi, eyni zamanda, Orta Asiya türk dövlətlərinin bu dəhlizdən istifadə etməklə inteqrasiyanı sürətləndirməyə xidmət edəcək: “Bu yolun Zəngəzurdan keçməsi Azərbaycan üçün daha sərfəlidir, hər cəhətdən maraqlarımıza uyğundur. Əgər Fransa kimi dövlətlər bu məsələnin həyata keçirilməsi üçün əngəl olarsa, Ermənistan növbəti dəfə yeni kommunikasiya sistemindən kənarda qalacaq.
Bu da o deməkdir ki, Ermənistan 80-90-cı illərin inkişaf səviyyəsində qalmaqda davam edəcək. Bu gün Ermənistanı Gürcüstan və Azərbaycanla müqayisə etmək mümkün deyil. Ermənistan 30 il işğal etdiyi Qarabağ torpağında inkişafa nail ola bilmədisə, eyni hərəkəti Ermənistan ərazisində də müşahidə edirik. Ona görə də Ermənistan vaxtı uzatmadan bu prosesə qoşulmağa qərar verməlidir”.
Politoloq bütün hallarda hesab edir ki, hər iki dəhliz variantı Azərbaycanı qane edən məsələdir: “Heç zaman bir dövlətin iradəsindən asılı olmaq olmaz. Münasibətlər korlandığı təqdirdə, bu dəhlizin rahatlıqla bağlanma ehtimalı var. Bu da həm Azərbaycan-Naxçıvan üçün, eyni zamanda, qardaş Türkiyə və bu məsələdə geosiyasi maraqları olan ölkələr üçün problemlər yaradacaq.
Alternativlər hər zaman olmalıdır. Araz yolu alternativ yol kimi düşünülür. Zəngəzur yolunun açılması ilə bağlı məsələnin Ermənistan tərəfindən uzadılması mümkün olmayacaq. Yaxın zaman çərçivəsində Ermənistanın nə dərəcədə rasional qərar verəcəyini görəcəyik”.