Argentinada sərt qənaət tədbirləri işçiləri küçələrə çıxardı

10:20 26.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Həmkarlar ittifaqları Argentinanın yeni prezidenti Xavyer Mileyin həyata keçirmək istədiyi qənaət tədbirlərinə qarşı ümumi tətil etmək qərarına gəlib. Dünən elan edilən tətillə on minlərlə işçi 12 saatlıq işini dayandırıb.

Hafta.az-ın yazdığına görə, Argentinada da minlərlə insan paytaxt Buenos-Ayresdəki Konqresin binasına doğru yürüş edib.

Həmkarlar İttifaqları Konfederasiyası (CGT) və bəzi siyasi hərəkatların qatıldığı yürüşdə Mileyin bu yaxınlarda parlamentə göndərdiyi omnibus qanun layihəsi etiraz edilib.

Omnibus qanun layihəsinin bir hissəsi CGT-nin etirazı ilə apellyasiya məhkəməsi tərəfindən dayandırılıb.

CNN-ə danışan etirazçı, "Bu, nəvələrim üçün istədiyim Argentina deyil. Bilirsiniz, Argentinanın bəzi hissələrini satırlar? Ölkənin ən yaxşı yerlərini satırlar".

“Reuters”ə danışan yük maşınları həmkarlar ittifaqının lideri Pablo Moyano, "Bu hökumət sərt qənaətə işçilərdən başladı. Onların əmək islahatları yalnız bizim hüquqlarımızı əlimizdən almaq məqsədi daşıyır" deyib.

Ölkədə geniş şəkildə həyata keçirilən tətil nəqliyyatda da fasilələr yaradıb.

Argentina Hava Yolları tərəfindən çərşənbə günü edilən şərhdə, cəmi 295 uçuşun ləğv edildiyi, 20 min sərnişinin ləğvlərdən təsirləndiyi və ümumi dəyərin 2,5 milyon dollar olduğu bildirilib.

Paytaxtda keçirilən nümayişlərə görə bir çox yollar fəallar tərəfindən nəqliyyatın hərəkətinə bağlanıb. Yolun bağlanması ilə bağlı danışan nümayişçi "Burada hüquqlar uğrunda mübarizə gedir və cəmiyyət bunu həll etməlidir. Ona görə də mən bununla bağlı problem görmürəm" deyib.

Hökumət qanadı işçilərin etirazlarına baxmayaraq, qənaət tədbirlərindən geri çəkilməməkdə qərarlıdır. Təhlükəsizlik naziri Patrisia Bullriç tətillə bağlı paylaşımında deyib: “Bizi dayandıracaq tətil, qorxudacaq heç bir təhlükə yoxdur. Bunlar cəmiyyətin demokratik yolla seçilmiş dəyişikliyinə müqavimət göstərən və yalnız öz imtiyazlarını müdafiə edən mafiya ittifaqı üzvləri, yoxsulluq idarəçiləri, ortaq hakimlər və korrupsioner siyasətçilərdir”.

Özünü anarxo-kapitalist kimi qələmə verən Xavyer Miley noyabrda keçirilən seçkilərdə qalib gələrək Argentinanın yeni lideri olub. Seçki kampaniyası zamanı Miley bir nömrəli prioritetinin 200 faizi keçən illik inflyasiyanı cilovlamaq olduğunu bildirib və dövlət xərclərini kəskin şəkildə azaltmağa söz verib.