Artıq su borcu yazılanlar nə etməlidir? - Açıqlama

13:33 17.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son günlər vətəndaşların tez-tez qarşılaşdıqları problemlərdən biri də su sərfiyyatı və ödənişlərlə bağlıdır. Belə ki, bəzən evdə olmayan şəxsə su istifadəsinə görə gələn ödəniş qəbzi həqiqi sərfiyyatdan çox olur. Bəs görəsən faktiki işlədiləndən çox su sərfiyyatı yazılmış bildiriş alan vətəndaşlar nə etməlidirlər? Bu halda hara müraciət olunmalıdır?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən  "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan istifadə qaydaları”na əsasən mexaniki su sayğacları mənzilin daxilində yerləşən abonentlərdə vətəndaş evdə olmadıqda, müəyyən səbəblərdən qapı açılmadıqda orta aylıq sərfiyyata uyğun hesabat aparılır:

"Orta aylıq sərfiyyat son 12 ayda istifadə edilmiş su həcminə uyğun müəyyən edilir və buna uyğun olaraq faktura təqdim edilir. Növbəti ay həmin ünvanda faktiki sayğac göstəricisi oxunduqda insan amili olmadan informasiya sistemləri üzərindən proqramsal qaydada dürüstləşmə aparılır. Əgər, siz bir ay ərzində 10 kubmetr su işlətmisinizsə və orta aylıq sərfiyat 15 kubmetrdirsə, deməli 5 kubmetr artıq sərfiyyat hesablanıb. Belə olduqda, növbəti ayda mənzildə 15 kubmetr su istifadə olunubsa, fakturada bu həcm avtomatik olaraq 10 kubmetr göstərilir. Başqa sözlə, ötən ay artıq hesablanmış 5 kubmetr sərfiyyat bu ay istifadə olunmuş sərfiyyatdan çıxılmaqla dürüstləşmə aparılır".