Avropa Şurasının və ikili standartlar siyasətinə mütənasib cavab verilməlidir - Kamran Bayramov

13:40 01.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan öz xarici siyasət xəttinə uyğun olaraq xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığını qurarkən onun bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında reallaşdırılmasına çalışıb. Lakin bəzi təşkilatlar Azərbaycanın xoş niyyətlərindən sui-istifadə edərək öz çirkin məqsədləri üçün ölkəmizə qarşı yalan və iftira dolu genişmiqyaslı qarayaxma kampaniyasını aparırlar. Onlardan biri də Avropa Şurası və onun Parlament Assambleyasıdır”.

Hafta.az xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat həmin təşkilatları riyakarlıqda ittiham edib:

“Bu siyasi riyakarlıq yuvası bizə ədalətsizlik bəxş etdi, qərəzli münasibət sərgilədi, anti-Azərbaycan mövqeyini üzə çıxartdı. Makronların, Şoltsların, Borellərin, Şvabların qərəzli rəylərini əsas tutdu, illər boyu Azərbaycanla bağlı qəbul etdiyi bütün qərarları daxilindəki ermənipərəst qüvvələrin diktəsi ilə siyasiləşdirdi. Siyasi sirkə bənzəyən bu qurum ölkəmizin daxili işlərinə qarışmağa, diqtə, şantaj və təhdid dilində danışmağa, Azərbaycanı Avropa dövlətlərinin və xalqlarının düşməninə çevirməyə cəhdlər göstərdi. Amma alınmadı! Nə qədər çalışsa da alınmadı!

Bu cür vəziyyətdə nümayəndə heyətimiz yeganə düzgün qərar qəbul etdi. Bu məsələdə heç bir güzəşt edilə bilməzdi! Ya Azərbaycanın, digər üzvlərlə yanaşı, bərabər hüquqları olmalı idi, bərabər münasibət bəslənməli idi, ya da bu qərəz, ədalətsizlik və xainlik məkanından uzaqlaşmalıydıq.

Heç bir şübhə yoxdur ki, bu qərar Azərbaycan üçün deyil, Avropa Şurası və onun qurumları üçün ciddi fəsadlarla nəticələnəcək, statusuna və nüfuzuna birmənalı olaraq xələl gətirəcək, Cənubi Qafqazdakı mövqelərini sıfıra endirəcək.

Hesab edirəm ki, Avropa Şurasının bu cür münasibətinə və ikili standartlar siyasətinə mütənasib cavab verilməlidir,bu qurumla münasibətlərə və birgə layihələrə yenidən baxılmalıdır, bu psevdoqurum nə itirdiyini anlamalıdır”.