Avtomobilsiz zonalar genişləndirilir

19:41 14.10.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bakıda Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək nəhəng piyada zonası yaradılacaq. Bunu “Report”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin (AYNA) sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağının ətrafında həyata keçirilib, hazırda isə bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib: "Hazırda belə zonanın yaradılması metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir”.

Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılmasına gəlincə, AYNA-nın sədri bildirib ki, bu, Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərinin çəkilməsi və onların İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq: "Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə töhfə verəcək. Turizm aspektindən danışsaq, Əziz Əliyev küçəsinin piyada zonasına çevrilməsi və İçərişəhərin sakinlərin avtomobilləri istisna olmaqla nəqliyyat vasitələri üçün bağlanması turistlərin marağını artıracaq, ziyarətçi axınının çoxalmasına əlverişli şərait yaradacaq".

Yeri gəlmişkən, hazırda Xəqani bağının ətrafı avtomobillər üçün bağlanıb. Ərazi "Sahil" metrosunu Fəvvarələr meydanı ilə birləşdirdiyindən burada böyük piyada axını müşahidə edilir - pik vaxtlarda saatda 6 min nəfər bu ərazidən keçir. Belə böyük piyada axını müşahidə edilən ərazidə təhlükəsiz istirahət zonasının yaradılması zəruri idi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xəbər verilib ki, oktyabrın 5-də Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılıb. Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.

Maraqlıdır, görəsən, Bakının mərkəzi küçəsinin avtomobilsizləşdirilməsi tıxaca necə təsir göstərəcək?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, bu cür yanaşma bir çox ölkələrdə tətbiq olunur. “Bakının mərkəzi küçəsinin avtomobilsizləşdirilməsi doğru addımdır. Bu biznesin inkişafına daha çox töhfə verə bilər. Bu yanaşma artıq bir çox dünya dövlətlərində tətbiq olunur. Yaxşı olardı ki, bu yanaşma şəhərin müxtəlif yerlərində tətbiq edilsin. Tək mərkəzdə yox, kənarlarda da bəzi küçələrin piyadalaşması, yəni sırf piyadaların hərəkəti üçün təşkil edilməsi həmin ərazidə yeni bir cazibə mərkəzinin yaranmasına və biznesin inkişafına töhfə verəcək”.

Ekspert bildirib ki, tıxac probleminin həll yollarına təsir edən qərarlar içində piyada zonaları yaradılan küçələr, sürətin azaldılması, zonalar üzrə avtomobil dayanacaqlarının qiymətinin müəyyən olunması, alternativ ictimai nəqliyyatın inkişafı və şəbəkələrinin genişləndirilməsi mövcuddur: “Alternativ ictimai nəqliyyatın inkişafı və şəbəkələrinin genişləndirilməsi dedikdə yüngül reysli dəmiryolu sistemi, velosiped və skuterlərin hərəkətləri üçün ayrılmış zolaqların təşkil olunması nəzərdə tutulur. Bunlar hamısı bugünki tıxac mənzərəsini tam kökündən dəyişəcək qərarlar olacaq. Mərhələli şəkildə bu işlər görülməlidir. Təkliflərdən biri də şəhərin mərkəzində bir neçə küçənin sürətinin azaldılmasıdır. Bu küçələrdə sakitliyin yaradılması eyni zamanda biznesin cəlbediciliyi baxımından önəmlidir. Həmçinin təhüləksizlik məsələsi burada mühüm amildir. Bunlar hamısı yekunda orada yaşayan, işləyən insanlara ümumi şəhər mühitinə müsbət təsir edəcək”.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də bildirib ki, hazırda paytaxtın piyada yönümlü şəhər olması istiqamətində tədbirlər görülür: "Bu yöndə iş gedir. Bu tədbirlər iki hissədən ibarət olmalıdır. Bunlardan birincisi, infrastrukturu, yəni piyada yollarını, səkiləri yaratmaq, ikincisi, insanları piyada hərəkətə təşviq etməkdir. Bəzən infrastruktur olan yerlərdə də insanlarımız piyada yox, avtomobil və ya avtobuslarla gedirlər. Düzdür, şəhərdə çoxlu sayda yeni tikililər inşa edilib və bəzi yerlərdə bu dəyişiklikləri etmək mümkün deyil. Amma bundan sonra tikinti aparan şirkətlərə piyada zolaqlarını qorumaq tapşırılmalıdır. Bu, bir prinsip olaraq mümkün olan hər yerdə sürətlə həyata keçirilməlidir. Səkilər arasıkəsilmədən uzadılmalıdır. Bəzən səki gəlib hansısa obyektə dirənir. Belə olmamalıdır".

O hesab edir ki, iki təkərli nəqliyyat vasitələrinə də üstünlük verərək Bakıdakı sıxlığı aradan qaldırmaq olar: “Bakının potensialı böyükdür. Belə ki, Bakıda Avropa şəhərləri ilə müqayisədə yağıntı daha az olur. Digər şəhərlərdə yağıntı piyadalara və iki təkərli nəqliyyat vasitələrinə maneə törədir. Bu baxımdan Bakıda piyada hərəkət və həmin nəqliyyat vasitələrindən istifadə daha əlverişlidir. Bakıda relyef də buna imkan verir".