Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Rusiyada fəaliyyət göstərən “Thieves in Law” Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Təşkilatının “Mavi bülleten”lə axtarışda olan rəhbərlərindən Şamil Əmirovun İstanbulda keçirilmiş “KAFES-15” əməliyyatı ilə tutulduğunu açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Yerlikaya "Beynəlxalq və milli mütəşəkkil cinayət mərkəzləri və zəhər tacirləri ilə mübarizəmiz getdikcə daha çox davam edəcək. Onların nəfəsini kəsəcəyik" deyib.
Yerlikaya deyib: “İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən mütəşəkkil cinayətkar dəstənin üzvü olan və dələduzluq etdiyinə görə barəsində İnterpol tərəfindən mavi bülleten çıxarılan Şamil Əmirovun İstanbulun Sarıyer rayonunda yaşadığı müəyyən edilib və yaxalanıb. Əməliyyatı keçirən qəhrəman polislərimizi təbrik edirəm. Biz ölkəmizi beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplardan təmizləməkdə qərarlıyıq. Onları bir-bir tutub ədalətə təslim edəcəyik”.