“Avropa Parlamentinin, Fransa Senatının qərəzli açıqlamaları Azərbaycana mənfi münasibətin göstəricisidir. Bu münasibətin AŞPA-da davam etməsi, bütün beynəlxalq müstəvilərdə ölkəmiz əleyhinə koordinasiyalı fəaliyyətin göstəricisidir”.
Bunu hafta.az-a Avropa Şurası Parlament Assambleyasının Azərbaycan əleyhinə qəbul edilən son qərara münasibət bildirən politoloq Əli Mustafa deyib.
Ə.Mustafa bildirib ki, Qərbdən, Avropadan Azərbaycana qarşı yönələn bu çirkin işlərin arxasında erməni lobbisi dayansa da, ermənilər riyakarlıqla ölkəmizə qarşı sərt ritorikadan qaçır, özlərini sülhpərvər qonşu kimi göstərirlər.
Bu gün başda Fransa, Almaniya və digər Avropa dövlətləri olmaqla Ermənistanın Qərb partnyorları onun vasitəsi ilə müsəlman türk dövlətinə olan əks münasibətindən səmərəli şəkildə faydalanırlar.
“Avropa, Qərb Azərbaycana təzyiqləri davam etdirərək xristian ermənilərin hüquqlarını qoruyurmuş kimi davranır, sanki ermənilərin daha üstün irq olduqlarını göstərir, gözümüzü qorxutmağa çalışırlar. Azərbaycan bu qurumların cavabını sərt şəkildə verməlidir. Çünki 30 il Ermənistanın işğalçılıq siyasətinə, soyqırım cinayətlərinə susan Qərbin indi ermənilər üzərindən insan haqlarının müdafiəsinə diqqət göstərməsinin səbəbləri ifşa olunmalıdır”.
Ə.Mustafa erməni və qərb havadarlarının qərəzli hücumlardan qurtulmağın yolunun öz beynəlxalq müstəvimizi yaradıb orada güclənməkdən ibarət olduğunu deyib.