Azərbaycan millisi Avropa çempionatında çıxış edəcək

18:04 05.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində velosiped idmanının trek növü üzrə gənclər/U-23 yaş kateqoriyalı üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından hafta.az-a verilən məlumata görə, 6 gün davam edəcək yarışda baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Qasımovun rəhbərliyi altında 7 idmançımız çıxış edəcək.

Əsas diqqətçəkən məqam ölkəmizin ilk dəfə gənc qızlar arasında qitə çempionatında təmsil olunmasıdır. Belə ki, Avropa çempionatına yollanan heyətdə Nəzrin İsbəndiyarova da yer alıb.

Digər idmançılara gəlincə, U-23 kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənc oğlanlar arasında isə Çingiz İsayev, Nihad Xudoyev, Rəhim Nağıyev və Murad Nadirov medallar uğrunda mübarizə aparacaqlar.