Azərbaycan müharibədən öncə də bu prinsipləri əldə rəhbər tutan dövlətdir - Hüquqşünas

16:39 17.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan bir neçə gün öncə iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təkliflər paketinni vasitəçilər tərəfindən Ermənistana təqdim edib.

Azərbaycanın münasibətlərin normallaşması üçün təklif etdiyi beş baza prinsipi nə dərəcədə beynəlxalq hüququ özündə ehtiva edir və Ermənistanın  bu təkliflərdən yayınması hansı məqsədi güdür.

Hüquqşünas Əlövsət Abdullayev hafta.az-a şərhində bildirib ki, Azərbaycanın Ermənistana təklif elədiyi sülh danışıqları ilə bağlı təkliflər beynəlxalq hüququn prinsipləridir.  Beynəlxalq hüququn tələbləri bütün dünya dövlətlərindən bir -birinə qarşı güc tətbiq etməkdən çəkinməyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı məsələsinə diqqət yetirməyi tələb edir.  

“Azərbaycan müharibədən öncə də bu prinsipləri əldə rəhbər tutan dövlətdir. Biz müharibənin gedişində və müharibədən sonra da hər zaman dünyaya çatdırmağa çalışmışıq ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, sərhədləri pozulub, Ermənistan Azərbaycan ərazilərini güc tətbiq edərək işğal altında saxlayıb”. 

Hüquqşünas qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanla münasibətlərin normallaşması üçün təqdim etdiyi təkliflər, əvvəllər də verilsə də, Ermənistan bunlara müsbət münasibət bildirməmişdi.

“Əksinə biz sülh danışıqlarından danışdığımız bir vaxtda Ermənistan tərəfdən qızışdırıcı fikirlər səsləndirilirdi ki,  Şuşanı, Hadrutu, Laçını geri alacaqlar.  Görürük ki, ermənilərdə hansısa formada sülh danışıqlarına müsbət reaksiya vermək istəyi olmayıb”.

Hüquqşünas Azərbaycanın təklif elədiyi prinsiplərə diqqət çəkərək, burada dövlətlərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq sərhədlərin toxunulmazlığı və siyasi müstəqilliyinin qarşılıqlı şəkildə tanınması prinsiplərinin hüquqi əhəmiyyətinə toxunub.

“Ümumilikdə. dövlətlər hər biri suverendirlər. Bizim də təklifimiz ondan ibarətdir ki, biz bu suverenliyi və müstəqilliyi qarşılıqlı şəkildə tanıyaq və bir-birimizə hər hansı formada xələl gətirməyək.

İkinci prinsip - Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir.

 Əslində Azərbaycan tərəfinin bu bənd üzrə təklifi çox normaldır. Çünki biz Ermənistanı stabil bir dövlət hesab eləmirik. Yəni bu gün Ermənistan Azərbaycanla hər hansı bir formada sülh danışığına getsə belə, sabah heç kim ona təminat vermir ki, Ermənistan belə bir addımı yenidən atmayacaq. Tarix də göstərib ki, Ermənistan həmişə Azərbaycan ərazilərinə qarşı iddiada olub, Azərbaycan torpaqlarının işğalı ilə bağlı, özünün, havadarlarının dəstəyi ilə işğal altında saxlayıb və özünküləşdirməyə çalışıb. Ona görə də belə bir təminatın olması ölkəmiz üçün olduqca vacib və əhəmiyyətlidir. Düşünürəm ki, bu öhtəlik götürülsə nisbətən təhlükəsizliyin təmin olunmasında tədbirlər görülmüş ola bilər”.

Hüquqşünas növbəti prinsip kimi dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməklə bağlı müddəya diqqət çəkib.  Onun fikrincə, əslində bu da beynəlxalq hüququn başlıca prinsiplərinin tələblərindən biridir - güc tətbiq etməmək və güclə hədələməmək.

“Güc tətbiqi altında həm də təcavüzdən çöhbət gedir. 30 ilə yaxın idi ki, bizim dünyaya çatdırmaq istədiyimiz o idi ki, güc tətbiq olunaraq Azərbaycan ərazisi təcavüzə, işğala məruz qalıb. Bu gün bizim məhz BMT -nin məqsəd və prinsiplərindən olan güc tətbiqinin qadağan olunması, bütün dünyada sülhün təhlükəsizliyin təmin olunması istiqamətində bu prinsipi təklif olaraq irəli sürməyimiz olduqca təqdirəlayıqdir. Bizim Ermənistandan başqa bir tələbimiz yoxdur. Biz Ermənistandan dünyada sülhün, təhlükəsizliyin təminatçısı olan BMT-nin məqsəd və prinsiplərinə uyğun addımlamasını istəyirik. Bu baxımdan hesab edirəm ki, bizim təkliflər normaldır”.

Ə.Abdullayev baza prinsiplərdə yer alan əsas müddüəlardan biri kimi - Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması bəndini xüsusilə əhəmiyyətli hesab edib.

“Sülh sazişi olduğu təqdirdə dövlət sərhədləri müəyyənləşməlidir ki, orda mübahisə doğuran hansısa bir məqam qalmasın.  Dövlətlər arasında diplomatik münasibətlər nə zaman kəsilir, müharibə başlayanda. Artıq müharibə bitib və beynəlxalq hüquqda müharibənin sona yetməsinin hüquqi nəticələri var. Bunlardan biri məhz diplomatik münasibətlrin qurulmasıdır. Artıq bu onu göstərir ki, hər iki dövlət normal münasibət qurmağa hazırdır. Hər iki dövlətin ərazisində yaşayan vətəndaşların hüquq və mənafelərinin qanuni maraqlarının qorunmasına dövlətlər maraqlıdır. Bu baxımdan, həm əvvəlki təkliflər, həm də nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da  beynəlxalq hüququn digər prinsipinu əhatə edir”.

Hüquqşünas bəyan edib ki, Azərbaycanın təklif etdiyi 5 bənddn ibarət bu prinsiplərin hər biri beynəlxalq hüququn prinsiplərindən doğan müddüəlardır. 

“Bu prinsiplərin hamısı Ermənistan tərəfindən normal qarşılanmalıdır.  Normal qarşılanmadığı təqdirdə, istər Avropanın, istərsə digər ölkələrin deməyə sözü olmamlıdır.  Çünki bunlar onların dünyaya çatdırmaq istədikləridir - dünyada sülh olsun, təhlükəsizlik təmin olunsun. Və bunların da həyata keçirilməsi üçün mütləq şəkildə beynəlxalq hüququn başlıca prinsiplərinə əməl olunmalıdır. Bu prinsiplərin şaxələri də bizim təklif etdiyimiz baza prinsipləridir.  Bu təkliflər Ermənistan tərəfindən müsbət qarşılanmalıdır.