“Azərbaycanda prezident seçkilərinin nəticələri geniş mənada həm Cənubi Qafqazda, həm də ölkə daxilində sabitliyin qorunması baxımından proseslərə ciddi təsir edəcək”.
Bunu hafta.az-a siyasi analitik Qulu Məhərrəmli 7 fevral növbədənkənar prezident seçkilərinin nəticələri və Cənubi Qafqazda cərəyan edən proseslərə, Ermənistanla sülh müqaviləsinə təsiri ilə bağlı şərhində bildirib.
Q.Məhərrəmli hazırda Cənubi Qafqaz respublikalarının hər birinin özünəməxsus çətinliklərlə üzləşdiyini qeyd edib. Azərbaycanın işğal faktına əsasən məruz qoyulduğu dağıntıları, məruz qaldığı böyük zərəri qeyd edən ekspert, Gürcüsatanın iqtisadi, Ermənistanın siyasi, hərbi, iqtisadi böhranlar içərisində çabaladığını, hələ də xarici siyasətində aydın xəttin özünü göstərmədiyini vurğulayıb. Onun fikrincə, bununla yanaşı Azəraycan digər region ölkələri ilə müqayisədə iqtisadi cəhətdən güclü, sabit, işğal altında olan ərazilini azad eləmiş, hazırda ciddi quruculuq işləri aparan bir ölkə kimi diqqət mərkəzindədir.
“Cənubi Qafqaz üçün problemlər kənardan gəlir. Bu dəqiqə bölgəyə ABŞ-ın, Avropa ölkələrinin, xüsusən Fransanın aktiv diqqət yetirməsi burda bir sıra məsələlərin həllini vacib edir və problemləri üzə çıxarır. Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın əsas məqsədi Rusiyanı bölgədən çıxarmaqdır. Bunun üçün Ermənistana və Gürcüstana ciddi dəstək verilir və hazırda həmin ölkələrin problemləri göz qabağındadır. Gürcüstan Rusiyaya qarşı çıxmasının zərbəsini alıb, hələ indi də özünə gələ bilmir”.
Q.Məhərrəmli hesab edir ki, bütün hallarda kollektiv Qərb bu düşüncədədir ki, Rusiyanın əvvəl-axır regiondan getməsi burada tamamilə yeni proseslərin başlanması üçün ciddi siqnal olacaq.
“Azərbaycan isə, həm Qərb, həm Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Son günlər İranla müəyyən problemərin çözülməsi özünü aydın göstərir. Ona görə də bu ölkələrin içərisində hərbi siyasi baxımdan ən maraqlı nöqtədə dayanan ölkə Azərbaycandır. Qərb çalışır ki, Ermənistanla Azərbaycan arasında qarşılıqlı sülh müqaviəlsi imzalansın və regionda uzunmüddətli sülh təmin olunsun. Hələlik bu mümkün deyil. Azərbaycan sülhlə bağlı şərtlərini deyib, Ermənistan baş naziri bir-birini təkzib eliyən təkliflər irəli sürür və hələlik belə bir müqavilənin imzalanması yaxın günlər üçün mümkün görünmür. Rusiya bölgədə çox aktiv rol oynamağa çalışır. Onun bu bölgədən uzaqlaşdırılması tendensiyasını qəbul eləmir. Ona görə də Azərbaycana, Gürcüstana, Ermənistana qarşı hərbi, iqtisadi təsir mexanizmini saxlamağa çalışır. Bu mexanizmlər Ermənistanda və Gürcüstanda daha aktivdir. Ona görə də Ruiyanın bölgədən çıxıb gedəcəyi illüziya kimi görünür”.
Q.Məhərrəmli hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müaviləsi imzalanarsa, bu, prosesləri sürətləndirə bilər.
“Bu kontekstdə Prezident seçkilərinin nəticəsi o mənada əhəmiyyətlidir ki, Azərbaycan sabit bir ölkə olaraq qalır, daxili proseslər tənzimlənir. ABŞ, Fransa ilə gərginlik keçici situasiyadır. Tezliklə Avropa və ABŞ arasında ziddiyyətlərin aradan qaldırılması mümkün olacaq. Seçkinin nəticələri iqtisadi layihələrin gerçəkləşməsi, Zəngəzur dəhlizinin işləməsi,Türkiyənin, Rusiyanın, Azərbaycanın, digər region ölkələrinin xeyrinə olacaq. Zəngəzur dəhlizinin işləməsi ilə bölgədə gedən proseslər daha aydın şəkildə görünəcək”.