“Azərbaycan türkləri Pəhləvini istəmirlər...” – Taha Kermani

09:10 22.01.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qonşu İranda dekabrın 28-də başlayan etiraz aksiyaları İslam Respublikasında ciddi iqtisadi-sosial problemlərin olduğunu üzə çıxardı. Əvvəlcə dövlət başçısı səviyyəsində etirazçılarla görüşüb məsələni sakit həll etməyə səy göstərildi. Sonrakı günlərdə proses dəyişdi, təhlükəsizlik qüvvələri aksiyalara sərt müdaxilə etdi, minlərlə insan qətlə yetirildi. İranın rəsmi mənbələri dinc nümayişlərin müəmmalı şəkildə iğtişaşa çevrildiyini, dövlət və özəl mülklərə ciddi dağıdıcı zərərlər vurulduğunu və bu məsələdə xarici kəşfiyyatların, hətta terrorçu ünsürlərin rol aldığını, qarşı tərəf isə tam əksini iddi etdi. Bəs əsl həqiqəti hardan və necə öyrənmək olar?

Hazırda Türkiyədə yaşayan iranlı ekspert Taha Kermani Hafta.az-ın suallarını cavablandırmağa çalışdı:

- Hər şeydən öncə bunu nəzərə almaq lazımdır ki, hazırda İranda geniş miqyasda internet kəsintisi var. İslam Respublikası müstəqil media mənsublarına ölkə daxilində çalışma imkanı vermir. Bizdə olan təsdiqlənmiş məlumatlara görə, hazırda küçələrdə etiraz aksiyaları keçirilmir. Buna baxmayaraq, şəhərlərdə son dərəcə ciddi təhlükəsizlik tədbirləri görülüb, yeni etiraz aksiyalarınln keçirilməsinə imkan verilmir.

Etiraz edənlərin tələblərinə gəldikdə, siyasətdən iqtisadiyyata uzanan və çox geniş olan istəklərlə qarşı-qarşıyayıq. Son hadisələrin çıxış nöqtəsi iqtisadi məsələlər olsa da, İranda, artıq illərdir, xalqlar hər bir problemin və çətinliklərin qaynağını İslam Respublikası rejimində görür. Buna görə də məsələn, hər hansı etirazda prezident əleyhinə bir şüar eşitmirik. Xalqın nəzərində əsas problem İslam Respublikası üsul-idarəsinin varlığıdır. Hökumət illər ərzində haradasa heç bir problemlə bağlı nəinki etirazı Amerika və İsrailin fitnəsi adlandıraraq bunların həlli üçün cəhd göstərməyib, əksinə, məsələni inkar edərək etiraz edənləri cəzalandırıb. Bu üzdən də xalq İslam Respublikası rejimini bütün problemlərin səbəbkarı kimi görür və həllini də onun devrilməsində görür.

– İranın Bakıdakı səfiri deyir ki, insanlar dekabrın 28-dən başlayaraq ilk həftə ərzində qanuni tələblərini səsləndirdilər. Bunlar, əsasən, sosial-iqtisadi məsələlər idi və Prezident Pezeşkian onlarla dialoq qurdu, her şey müsbətə gedirdi ki, 8-9 yanvar tarixlərində aksiyalar bir andaca zorakı iğtişaşa çevrildi – yandırıb-yaxmağa başladılar və sair. Sizcə, hər şey yaxşılığa gedərkən niyə belə oldu? Məncə, dünyanın heç bir ölkəsində zorakı aksiyalara icazə verilməz...

– Səfirin “Hər şey müsbətə gedirdi” sözünə hər hansı bir faktla cavab vermək lazımdır. Məsələn, etirazların başlama səbəbi olan İran rialı dollar qarşısında dəyərləndimi? Bəlkə daha sonra siyasi azadlıqlarla bağlı istəklərə hökumət müsbət cavab verdi? Yaxud heç olmasa, iddia edildiyi kimi, valilər xalqın arasına çıxıb etirazı yaradan səbəblərlə yaxından maraqlandılarmı? Bunların heç biri olmadı. Etiraz aksiyalarının dinc olduğu və xarici qüvvələrlə bağlı kimlərinsə cinayət törətdiyi iddia edilir? İran rəsmilərinin təsdiqlədiyinə görə, minlərlə insanı öldürən terrorçular ölkəyə necə daxil oldular? Bununla bağlı hansısa təhlükəsizlik xidməti əməkdaşı sorğulandımı? Yaxud millətin canı və malı əmanət olunan dövlət bir qüsur olduğunu dedimi? Bunların heç biri olmadı. Biz təkcə dövlətin təktərəfli iddia ortaya qoyub, qarşı tərəfin danışmasına əngəl olduğunu görmüşük. Hansı ki, bütün şahidlər şiddətin dövlət tərəfindən törədildiyini göstərir, tamamən təktərəfli rəvayət və gerçəkliyin təhrif edildiyini görürük.

– Sizcə, xarici təsir hiss olunurdumu aksiyalarda? Ola bilər, küçəyə çıxan insanlar əsl həqiqəti bilməsinlər, amma görünməyən güclərin aksiyaları idarə etməsi mümkündür, məncə. Məsələn, ABŞ və İsrail tərəfindən...

– Xarici güclərin təsirini İran nöqteyi-nəzərindən baxmadan dəyərləndirmək lazımdır. Rəsmi Tehranın rəvayətinə görə, etirazlar tamamən xarici prosedurdur, minlərlə insanın ölümü də etirazçıların içindəki terrorçuların əli ilə olub. Yayılan görüntülərdə isə polis qüvvələrinin xalqı necə öldürdüyü açıq izlənilir. Buna baxmayaraq, İsrail kimi bir ölkənin, əlbəttə, İslam Respublikasının devrilməsindən razı olacağı aydındır. Odur ki, xarici qüvvələrin istər açıq, istərsə də gizli şəkildə bu hadisələrdən və Tehranın zəifləməsindən sevindiyi aydındır.

– Xaricdəki müxaliflərlə bağlı nə düşünürsünüz? ABŞ-də Pəhləvinin nəvəsi, Avropada Rəcəvi soyadlı bir qadın ekranlarda görünərək özlərini guya etirazlara yön verən lider kimi göstərdilər. Onların İran xalqı üzərində təsiri varmı? Pəhləvini devirən ozamankı gənclər indi ahıl yaşlarında niyə onların təkrar qayıtmasına razı olsunlar?

– Bütün xaricdəki müxalif qüvvələrin öz ağırlıqları qədər təsiri var. Pəhləvi şöhrəti bir gecədə yaranmadı, illər ərzində, ciddi bir təbliğat nəticəsində artdığını bilməliyik. Şahlıq rejiminin cazibə halına gəlməsinin sosial-pisixoloji baxımdan bir çox səbəbi var. Media sayəsində Pəhləvi səadətin tək ünvanı olaraq göstərilir. Xüsusilə fars olmayan – Azərbaycan türkləri və kürdlər, onların milli kimliyini yox sayan İslam Respublikası ilə eyni düşüncədə olan Pəhləvini istəmirlər. Bütün bunlar xalqın Pəhləvi kimi birinə ümid bağlaması mövcud duruma verilən cavabdır.

– Venesuelanı bir neçə saatda məğlub edən ABŞ-nin İrana qarşı da eyni ssenarini tətbiq etməsi mümkün görünmür. Yoxsa dövləti içəridən zəiflədərək devirmək istəməzdi. Hər halda, bu ssenarini gerçəkləşdirə bilərmi ABŞ–İsrail ikiliyi?

– İranın özünəməxsus xüsusiyyətləri var. Venesuela modeli İranda mümkün deyil.  Tehran rejiminin dəyişdirilməsi üçün beynəlxalq dəstək lazimdir, əks halda, Xamnei heç vaxt ölkəni rahat buraxmayacaq.

– İndiki durumda İranla qonşu ölkələr burada yaşanan olaylara çox təmkinli yanaşdılar. Bəzən, ABŞ Prezidenti müdaxilə edə biləcəklərini söylədikdə, rəsmi Tehranın yanında yer aldılar. Sizcə, İran qonşuları ilə hər zaman səmimi oldumu ki, belə çətin vəziyyətlərdə özünə dəstək uma bilsin onlardan? Türkiyəyə qarşı PKK-nı, Azərbaycana qarşı Ermənistanı dəstəklədi hər zaman. Yəməndə, Körfəzdə siyasəti zatən bəllidir. Yəni demək istəyirəm, həmişə qonşularına qarşı doğru bildiyi yanlışları etmək İranı indiki qarma-qarışıq dünyada tək buraxmırmı ABŞ və ya İsrailin önündə?

– Burada problem İrana dəstək verməkdə deyil, ölkələrin mümkün rejim dəyişikliyindən sonra qarşılaşa biləcəkləri potensial risklərdədir. İsrail belə Amerikanın təkbaşına hücumla rejimin dəyişdirməsini mümkün görməyib, ciddi risk altında varlıq mücadiləsi edən Tehranın İsrailə necə zərər verə biləcəyini hesabladığı üçün Trampın İrana hücumuna qarşı olduğunu anlayırıq. İranda, hətta rejim dəyişikliyi baş verdiyi halda belə, yerinə gələ biləcək güclü bir alternativin olmaması region ölkələrini qorxudur və bu da normaldır. Rejim dəyişikliyi qaçılmazdır və yerinə gələcək alternativ rejimin necə olacağı aydınlaşarsa, ölkələrin mövqeyi də dəyişəcək.

– İranda internet olmadığı üçün dəqiq məlumatları öyrənmək də çox çətindir. Baxırıq ki, İran iqtidarının əleyhinə olan hər kəs ABŞ mərkəzli xəbər mənbələrinə istinad edir. Sizcə, bu yanlış deyilmi: İran iqtidarı baş verənlərin gizli qalmasını istəyirsə, ABŞ də dünyanı İranda çox təhlükəli vəziyyət olduğuna inandırmaq üçün şişirdilmiş informasiyalar yaya bilər. Bu vəziyyətdə ortaq xəbər mənbəyini necə əldə edək?

– Əvvəla, İranın özünəməxsus olduğunu unutmamalıyıq. Ondan sonra, anti-imperialist fikirləri olduğundan daha ciddiyə almamaq lazımdır. Ən önəmlisi, İran dövlətinin illər ərzində yürütdüyü siyasəti diqqətə alaraq, düzgün və təbliğat təsiri altında olmayan bir çərçivə çıxarmaq vacibdir. Bu çərçivədə hadisələr və məlumatlar almaq olar.

– Deyək ki, aksiyalar başladı və sona çatdı. Dövlət də xalqın ən həssas tələblərinin nə olduğunu, ən azı, 15 gündür davam edən küçə aksiyalarında səslənmiş şüarlardan öyrənib bildi. Yaxşı, hökumət irəlidə təcili olaraq nələri etməlidir ki, xalq təkrar ayağa qalxmasın və təbii ki, xarici qüvvələr də onlardan istifadə edə bilməsin?

- Ən önəmlisi problemlərin ciddiyyətinə varılmalıdır. Cəmiyyətə siyasətdə və ictimai fəaliyyətdə sərbəstlik verilməlidir. Bu gün görünən, eləcə də keçmişdə yaşananlar göstərir ki, İran İslam Respublikası xalqın problemlərini olduğu kimi görüb həlli üçün konkret işlər görməlidir. Təəssüf ki, İran hakimiyyəti islahat aparmaq kimi qabiliyyətini də itirib...