Azərbaycan və Səudiyyə Ərəbistanı arasında bu sahədə əməkdaşlıq müzakirə edilib

10:21 08.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş təşkil olunub.

Hafta.az xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilir ki, görüşdə “Bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” imzalanmış Anlaşma Memorandumunun müddəalarının icrası müzakirə edilib. Ölkə daxilində məhdud dairələrdə tətbiq olunan zərərverici orqanizmlərin siyahısı və idxal karantin tələbləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Görüş zamanı Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığına yumurta, ət, süd məhsulları və fitosanitar nəzarət altında olan digər kənd təsərrüfatı məhsullarının ixracının artırılması məsələləri diqqət mərkəzində olub. Həmçinin baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşün yekununda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.