“Qardaş Azərbaycanı və cənab Prezident İlham Əliyevi növbəti inamlı qələbə münasibətilə təbrik edirəm. Növbədənkənar prezident seçkilərində hörmətli İlham Heydəroviçin qələbəsinə heç bir şübhəmiz yox idi”.
Hafta.az-ın yazdığına görə, bu sözlər Özbəkistanın ölkəmizdəki səfiri Bahram Əşrəfxanovun təbrik məktubunda deyilir.
Məktubda qeyd edilir ki, sitat: Azərbaycan xalqı növbəti dəfə düzgün seçim etdi, bacı-qardaşlarımız qalib prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin işıqlı gələcəyinə, onun çiçəklənməsinə, respublika daxilində genişmiqyaslı islahatların davam etdirilməsinə və beynəlxalq aləmdə yeni-yeni irimiqyaslı uğurların qazanılmasına səs verdilər. Azərbaycan xalqı öz liderinə sadiqliyini təsdiq etdi. Başqa nəticə gözləmirdik.
Özbəkistan səfiri qeyd edib ki, son seçkilər Azərbaycanın bütün suveren ərazisində ilk dəfə keçirildiyi üçün ən yaddaqalan seçkilərdən biri oldu. Səsvermədə ilk dəfə iştirak edən bacı-qardaşlarımıza, xüsusən də Azərbaycanın gənc vətəndaşlarına doğma torpaqlarında yerləşən seçki məntəqələrində konstitusion hüquqlarından istifadə edərək seçkiyə qatıldıqları üçün sevinirik.
“Bu seçkilər bizdə xoş təəssürat yaratdı, çünki qanunvericiliyə uyğun təşkil olunmaqla, aşkarlıq, şəffaflıq və demokratiya şəraitində keçməsi ilə yanaşı, yüksək fəallıq nümayiş etdirən vətəndaşların ümumi həmrəyliyini də gördük. Seçicilərin bayram günü kimi ailə üzvləri ilə birlikdə seçkiyə necə getdiyini görmək çox xoş idi”, - təbrik məktubunda deyilir.