Son vaxtlar Cənubi Qafqaz üstündə Avropa İttifaqı (Aİ) ilə Rusiya arasında mübarizə güclənib. Qəribədir ki, onlar təzyiqi bir-birinə deyil, məsələn, Aİ Azərbaycana, Rusiya isə Ermənistana edir. Nə baş verir, bu iki cəbhənin öz problemləri azdırmı ki, Cənubi Qafqazda yeni problem axtarırlar?
Suallarımızı Hafta.az-a müsahibəsində Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri, Beynəlxalq Münasibətlər üzrə mütəxəssis Məhmət Göghan Özçubukçu cavablandırıb.
– Əslində, Cənubi Qafqazda baş verənləri yalnız Azərbaycan–Ermənistan oxu üzərindən oxumaq səhv olardı. Region, artıq təkcə iki ölkə arasındakı münaqişə məkanı deyil, enerji yollarının, nəqliyyat dəhlizlərinin, geosiyasi nüfuz mübarizələrinin və Avrasiya təhlükəsizlik memarlığının kəsişmə nöqtəsinə çevrilib. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqının Rusiya enerji resurslarından asılılığı azaltma siyasəti Cənubi Qafqazın strateji əhəmiyyətini fövqəladə dərəcədə artırdı.
Azərbaycanın Avropaya təbii qaz ixracında oynadığı rol, Orta Dəhlizin Çindən Avropaya uzanan alternativ ticarət xətti kimi önə çıxması və Türkiyə mərkəzli regional bağlantı layihələri regionu qlobal rəqabətin mərkəzlərindən birinə çevirdi. Bu səbəbdən, Avropa İttifaqı ilə Rusiyanın Cənubi Qafqazdakı mübarizəsi birbaşa hərbi qarşıdurma formasında deyil, region ölkələri üzərindən nüfuz savaşı şəklində davam edir. Avropa son dövrlərdə Azərbaycana qarşı II Qarabağ müharibəsindən sonrakı proseslər üzərindən siyasi təzyiqi artırarkən, Rusiya isə Ermənistanın Qərbə doğru yönəlməsindən ciddi narahatlıq duyur və İrəvan üzərində iqtisadi, siyasi və təhlükəsizlik təzyiqi qurmağa çalışır. Burada diqqət edilməli məqam budur ki, hər iki güc əslində bir-birinə qarşı deyil, qarşı tərəfin regionda nüfuz qazanmasının qarşısını almağa çalışır. Beləliklə, bu gün regionda baş verənlər əslində yeni problem axtarışı deyil, yeni dünya nizamının Cənubi Qafqaz üzərində təzahürüdür.
– Rusiya prezidenti Ermənistanın qarşısında şərt qoydu: Ya Rusiya, ya da Avropa. Və Ermənistanı iqtisadi vasitələrlə hədələdi. Necə bilirsiniz: Avropa ilə əməkdaşlıq niyə Rusiyanı qorxudur?
– Rusiyanın Ermənistana yönəltdiyi “Ya Rusiya, ya Avropa” kimi sərt mesajlar, əslində Kremlin yalnız Ermənistanı deyil, bütün postsovet məkanını əhatə edən strateji narahatlıqlarının nəticəsidir. Çünki məsələ təkcə kiçik bir ölkənin xarici siyasət seçimi deyil, Rusiyanın Sovet sonrası məkanda təsir gücünün zəifləməyə başlamasıdır. Kremlin baxışına görə Ermənistanın Qərbə yönəlməsi domino effekti yarada biləcək son dərəcə kritik bir inkişafdır.
Ermənistan iqtisadiyyatının böyük hissəsi hələ də Rusiyadan asılıdır. Enerji infrastrukturlarından bank sisteminə qədər bir çox strateji sahə Rusiya kapitalının təsiri altındadır. Gümrüdə Rusiya hərbi bazası yerləşir və Ermənistan hələ də Avrasiya İqtisadi İttifaqının üzvüdür. Buna baxmayaraq, Paşinyan hökuməti son illər Qərblə münasibətləri inkişaf etdirməyə başlayıb. Xüsusilə II Qarabağ müharibəsindən sonra Ermənistanda Rusiyaya qarşı etimadın ciddi şəkildə azaldığı müşahidə olunur. Erməni ictimaiyyətində “Rusiya bizi qorumadı” fikri geniş yayılıb. Məhz bu mühit Qərbin Ermənistana təsir imkanlarını artırıb.
Rusiyanın əsas narahatlığı Ermənistanın iqtisadi ölçüsü deyil, geosiyasi simvol dəyəridir. Ermənistan uzun illər Moskvanın Cənubi Qafqazda ən sadiq müttəfiqi kimi qəbul edilirdi. Əgər belə bir ölkə Qərbə yönəlirsə, bu, digər postsovet ölkələrinə də güclü mesaj verə bilər. Kremlin bu səbəbdən Ermənistanın Avropa ilə yaxınlaşmasını təkcə ikitərəfli münasibət məsələsi kimi deyil, Rusiyanın regional nüfuzuna yönəlmiş strateji təhdid kimi qiymətləndirir. Bu səbəbdən Rusiya bu gün Ermənistana təkcə iqtisadi təzyiq göstərmir, həm də psixoloji və strateji mesaj verir.
– Putin deyir ki, Paşinyan 29 mayda Astanada keçiriləcək Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısınadək qəti qərar verməlidir: Avropa bazarı ilə əməkdaşlıq edir, yoxsa Rusiyanın yaratdığı Avrasiya bazarı ilə. Başda Qazaxıstan olmaqla, bütün Orta Asiya ölkələri son illər Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Elədirsə, Putin eyni şərti o ölkələr üçün niyə qoymur?
– Burada, əslində, Rusiyanın Orta Asiya ilə Ermənistana fərqli yanaşmasının əsas səbəbi bu ölkələrin geosiyasi çəkisi və Moskva ilə qurduqları münasibət modelidir. Qazaxıstan başda olmaqla Orta Asiya ölkələri uzun illərdir “çoxvektorlu xarici siyasət” həyata keçirirlər; yəni eyni vaxtda həm Rusiya ilə, həm Çin ilə, həm Avropa İttifaqı ilə, həm də Türkiyə ilə münasibətləri inkişaf etdirməyə çalışırlar. Moskva da artıq bu reallığı qəbul etmiş vəziyyətdədir. Rusiya anlayır ki, Orta Asiya dövlətlərini tam şəkildə Qərbdən uzaqlaşdırmaq artıq mümkün deyil.
Bundan əlavə, Qazaxıstan kimi ölkələr iqtisadi və strateji baxımdan Ermənistandan xeyli güclü aktorlardır. Enerji resursları, coğrafi böyüklükləri, Türk dünyası ilə inteqrasiyaları və Çinlə bağlantıları sayəsində daha müstəqil hərəkət edə bilirlər. Rusiya bu ölkələrə açıq təzyiq göstərməyin əks nəticələr doğura biləcəyini hesablayır. Xüsusilə Qazaxıstanın həm Rusiya, həm Çin, həm də Avropa üçün kritik enerji və logistika mərkəzi olması Moskvanı daha ehtiyatlı davranmağa məcbur edir.
Ermənistan isə yalnız iqtisadi tərəfdaş deyil, eyni zamanda təhlükəsizlik mərkəzli bir müttəfiq kimi qəbul olunurdu. Yəni Kremlin düşüncəsində Ermənistan “tərəfsiz qala biləcək” ölkə deyil, Rusiya orbitində olması lazım olan dövlət kimi dəyərləndirilir. Bu səbəbdən, Moskva İrəvanın Avropa ilə yaxınlaşmasını sadə diplomatik açılım kimi deyil, strateji istiqamət dəyişikliyi kimi qəbul edir.
– Kreml Ukrayna prezidenti Volodimir Zelenskinin Yerevanda keçirilən Avropa Siyasi Birliyinin iclasında çıxışı zamanı Moskvanın ünvanına səsləndirdiyi tənqidin cəzasını məhz Paşinyana kəsmək istəyir. İzahat tələb edilir ki, Zelenski niyə Yerevanda Rusiyanın əleyhinə danışıb. Sizcə hansısa liderin çıxışında işlətdiyi ifadələrə ev sahibi ölkə cavabdehdir?
– Beynəlxalq diplomatiya baxımından yanaşıldıqda, çoxtərəfli zirvə toplantılarında liderlərin çıxışlarına görə ev sahibi ölkəni məsul tutmaq texniki olaraq düzgün deyil. Çünki belə beynəlxalq platformalar dövlət başçılarının öz xarici siyasət xətt və mövqelərini ifadə etdikləri formatlardır. Əgər hər çıxışa görə ev sahibi ölkə məsuliyyət daşısaydı, bu halda heç bir dövlət beynəlxalq tədbirlərə ev sahibliyi etmək istəməzdi. Lakin burada Rusiyanın məsələyə hüquqi deyil, tamamilə geosiyasi prizmadan yanaşdığını görmək lazımdır. Kreml əslində Zelenskinin çıxışından çox, Ermənistanın son dövrlərdə sürətlənən siyasi istiqamət dəyişikliyinə reaksiya verir. Moskvanın baxışına görə, İrəvan artıq bitərəf diplomatik platforma rolundan uzaqlaşır. Avropa Siyasi Topluluğu Zirvəsinin Ermənistanda keçirilməsi, Avropa liderlərinin Paşinyana açıq dəstək mesajları verməsi, Fransanın Ermənistanla müdafiə sahəsində əməkdaşlığı genişləndirməsi və Avropa İttifaqının regionda daha aktiv görünməsi Kremlin narahatlığını artırıb.
– Zelenski daha əvvəl Azərbaycana da səfər etmişdi və Ukrayna ilə Azərbaycan arasında müdafiə sahələrini də əhatə edən çoxlu sazişlər imzalandı. O vaxt da Rusiya deputatları Bakının ünvanına sərt ifadələr işlətmişdilər. Amma nədənsə, o vaxt Moskva ilə düşmənçilik etdiyi deyilən Avropa liderləri Azərbaycanı dəstəkləyən açıq bəynatlar səsləndirmədilər...
– Bu durum əslində beynəlxalq siyasətdə dəyərlərdən çox maraqların ön plana çıxdığını göstərən mühüm nümunələrdən biridir. Avropa İttifaqı və ümumilikdə Qərb ölkələri zaman-zaman demokratiya, insan haqları və suverenlik kimi dəyərləri vurğulasalar da, praktikada dövlətlərlə münasibətləri daha çox strateji maraqlar əsasında formalaşdırırlar. Azərbaycan nümunəsində də məhz belə bir mənzərə ortaya çıxır.
Zelenskinin Bakıya səfəri zamanı Rusiya siyasi dairələrinin Azərbaycana qarşı sərt açıqlamaları olmuşdu. Çünki Moskva Ukrayna ilə müdafiə və strateji sahələrdə inkişaf edən əlaqələri diqqətlə izləyir. Buna baxmayaraq, Avropadan Azərbaycana yönəlmiş çox güclü və açıq siyasi dəstək mesajları gəlmədi. Bunun bir neçə səbəbi var.
Birinci səbəb ondan ibarətdir ki, Avropa Azərbaycanı tam şəkildə öz siyasi orbitində görmür. Çünki Bakı çoxvektorlu və müstəqil xarici siyasət həyata keçirir. Türkiyə ilə strateji müttəfiqlik qurur, Rusiya ilə münasibətləri tam kəsmir, Çin ilə iqtisadi əlaqələri genişləndirir, Türk Dövlətləri Təşkilatı çərçivəsində aktiv rol oynayır və eyni zamanda Avropaya enerji tədarük edir. Yəni Azərbaycan heç bir blokun tam tərkib hissəsi olmağı qəbul etmir. Bu da Qərbdə bəzən “idarə edilməsi çətin, lakin vazkeçilməz aktor” təsəvvürü yaradır.
İkinci səbəb Avropanın Cənubi Qafqaz siyasətinin öz daxilində tam vahid olmamasıdır. Xüsusilə Fransa ilə bəzi Şərqi Avropa ölkələrinin regiona yanaşması fərqlənir. Fransa daha açıq şəkildə Ermənistan yönümlü xətt izləyərkən, Almaniya və bəzi digər Avropa ölkələri enerji təhlükəsizliyi səbəbilə Azərbaycanla münasibətlərin qorunmasına daha çox önəm verir. Bu səbəbdən Brüsseldən zaman-zaman ziddiyyətli mesajlar eşidilir.
Üçüncü və ən mühüm məqam isə Azərbaycanın strateji müstəqilliyidir. Bakı bu gün nə Moskvanın təzyiqi ilə, nə də Qərbin yönləndirməsi ilə siyasət müəyyən etmir. Qarabağ sonrası formalaşan yeni geosiyasi reallıqda Azərbaycan artıq regional oyun qurucu aktorlardan birinə çevrilib. Bu vəziyyət bəzi Qərb çevrələrində narahatlıq yaradır. Çünki Qərb bir tərəfdən enerji tərəfdaşı kimi güclü Azərbaycan istəyir, digər tərəfdən isə daha proqnozlaşdırıla bilən və Qərb xəttinə yaxın siyasi davranış gözləyir.
Digər tərəfdən, Avropanın Ukrayna məsələsində nümayiş etdirdiyi həmrəylik ritorikasının Azərbaycan mövzusunda eyni səviyyədə görünməməsi regionda “ikili standartlar” müzakirəsini gücləndirir. Çünki Avropa Ermənistana daha açıq siyasi dəstək verərkən, Azərbaycana qarşı daha ehtiyatlı və bəzən tənqidi dil istifadə edir.
Nəticə etibarilə, burada məsələ təkcə Zelenskinin səfəri deyil, Cənubi Qafqazdakı güc balansıdır. Avropa Azərbaycanı itirmək istəmir, lakin onun həddindən artıq güclənməsini də tam olaraq arzulamır. Rusiya isə Azərbaycanın Qərblə müdafiə və siyasi əlaqələrini diqqətlə izləyir. Bakı isə bütün bu mürəkkəb mənzərə daxilində müstəqil və balanslaşdırılmış strateji xətt yürütməyə çalışır.
– Avropa Parlamenti iki həftə öncə Azərbaycanı guya erməniləri qovmaqda, ermənilərin hüququnu pozmaqda ittiham edərək əslində Ermənistan-Azərbaycan sülh prosesinə mane olmağa çalışdı. Üzdə özünü Azərbaycanla dost göstərən ölkələrin millət vəkilləri də parlamentdə Azərbaycanın əleyhinə səs verdilər...
– Avropa Parlamentinin son dövrlərdə Azərbaycana qarşı qəbul etdiyi qərarlar və istifadə etdiyi sərt siyasi dil Bakı tərəfindən ciddi narahatlıqla qarşılanır. Xüsusilə II Qarabağ müharibəsindən sonrakı mərhələdə yalnız erməni əhalinin vəziyyətinə fokuslanılması, lakin 30 il ərzində işğal səbəbilə məcburi köçkün düşən yüz minlərlə azərbaycanlının yaşadığı humanitar problemlərin kifayət qədər gündəmə gətirilməməsi Azərbaycan ictimaiyyətində açıq şəkildə ikili standart kimi qiymətləndirilir.
Bakının əsas iradı bu nöqtədə cəmləşir: “Əgər insan haqları və beynəlxalq hüquq həqiqətən universal dəyərlərdirsə, o zaman eyni həssaslıq Qarabağın işğal dövründə də göstərilməli idi.” Lakin uzun illər ərzində Avropa institutlarının Ermənistanın Qarabağı işğalı məsələsinə daha çox susqun qalması, status-kvonun dəyişməsindən sonra isə Azərbaycana qarşı tənqidlərin sərtləşməsi təbii olaraq siyasi suallar doğurur.
Bununla belə, məsələ təkcə insan haqları müzakirəsi ilə məhdudlaşmır. Burada daha geniş geosiyasi hesablamalar da mövcuddur. Çünki bu gün Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, eyni zamanda Orta Dəhlizin mərkəzi aktorlarından biri, Türk dünyasının əsas bağlantı nöqtəsi və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətdir. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Avropanın Azərbaycan qazına olan ehtiyacı əhəmiyyətli dərəcədə artıb. Cənub Qaz Dəhlizi bu gün Avropa üçün strateji əhəmiyyət daşıyır.
Məhz bu səbəbdən Azərbaycanın artan geosiyasi çəkisi bəzi Avropa dairələrində narahatlıq yaradır. Çünki Bakı artıq təkcə enerji təchizatçısı deyil, regionda güc mərkəzinə çevrilməkdədir. Türkiyə ilə qurulan strateji ittifaq, Türk Dövlətləri Təşkilatı daxilində artan aktivlik, Orta Dəhliz layihələri və müstəqil xarici siyasət xətti Azərbaycanı klassik “kiçik enerji dövləti” modelindən çıxararaq regional aktora çevirib.
Avropa Parlamentindəki bəzi siyasi qruplar isə məsələyə daha çox ideoloji prizmadan yanaşır. Xüsusilə Fransa təsirində olan çevrələrin Ermənistan tərəfinə daha yaxın mövqe sərgilədiyi müşahidə olunur. Bu da nəticə etibarilə Avropa institutlarının bəzi qərarları ilə Avropanın real strateji maraqları arasında ziddiyyət yaradır: bir tərəfdə enerji təhlükəsizliyi baxımından Azərbaycana ehtiyac, digər tərəfdə isə siyasi təzyiq ritorikası mövcuddur.
Bu səbəbdən məsələni yalnız emosional “nankorluq” anlayışı ilə izah etmək doğru deyil. Əsas problem Avropanın Azərbaycanla münasibətlərdə hansı balansı seçmək istəməsidir. Avropa bir tərəfdən Bakı ilə enerji tərəfdaşlığını davam etdirmək istəyir, digər tərəfdən isə siyasi təsir imkanlarını qorumağa çalışır. Azərbaycan isə buna qarşı suverenlik və müstəqil xarici siyasət xəttini daha da gücləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdəki bəyanatları da məhz bu reallığa işarə edir. Bakı hesab edir ki, Avropadan gələn bəzi açıqlamalar sülh prosesinə töhfə vermək əvəzinə, əksinə yeni etimadsızlıq mühiti yaradır. Çünki regionda dayanıqlı sülhün formalaşması üçün balanslı və obyektiv yanaşma zəruridir. Tərəfli siyasi təzyiqlər isə həm diplomatik prosesi çətinləşdirir, həm də regional qütbləşməni daha da dərinləşdirir.
- İstər Rusiyanın Ermənistana, istərsə də Avropa Parlamentinin Azərbaycana olan xoşagəlməz münasibətinə qarşı Türk Dövlətləri Birliyinin, eləcə də Orta Dəhlizlə yük göndərən və alan Çindən Avropaya qədər bütün ölkələrin ən yüksək səviyyədə münasibət bildirməsi düzgün olmazdımı? Axı Cənubi Qafqazda siyasi vəziyyətin qarışması birbaşa Orta Dəhlizin əhatə etdiyi bütün ölkələrə mənfi təsirini göstərəcək…
–– Son illər Cənubi Qafqazın beynəlxalq sistem daxilində mövqeyi ciddi şəkildə dəyişmiş, region artıq klassik mənada yalnız yerli münaqişələrin yaşandığı bir məkan olmaqdan çıxıb. Bu gün bu coğrafiya qlobal aktorların enerji strategiyalarının, nəqliyyat dəhlizlərinin və təhlükəsizlik hesablamalarının kəsişdiyi daha geniş bir geosiyasi düsturun tərkib hissəsinə çevrilib. Xüsusilə qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı, enerji təhlükəsizliyinin ön plana çıxdığı və alternativ ticarət yollarının əhəmiyyət qazandığı bir dövrdə Cənubi Qafqazın strateji dəyəri daha da görünən hala gəlib. Bu vəziyyət regionu yalnız regional aktorların deyil, həm də qlobal güc mərkəzlərinin yaxından izlədiyi rəqabət meydanına çevirib.
Cənubi Qafqazda baş verən hər siyasi və təhlükəsizlik xarakterli inkişaf artıq dar coğrafiyanın daxili məsələsi deyil, daha geniş Avrasiya geosiyasətinin balansına təsir edən amil kimi qiymətləndirilir. Məhz buna görə də Türk Dövlətləri Təşkilatının bu prosesdə daha görünən, daha koordinasiyalı və daha strateji rol oynaması son dərəcə vacibdir. Çünki bu gün Türk dünyasının inteqrasiya prosesi yalnız mədəni həmrəylik məsələsi deyil. Artıq bu proses enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, iqtisadi bağlantısallıq, rəqəmsal infrastruktur və Avrasiya ticarətinin gələcəyi ilə birbaşa bağlıdır.
Türk Dövlətləri Təşkilatı son illərdə simvolik birlik görüntüsündən çıxaraq geosiyasi çəkisi artan regional aktora çevrilməkdədir. Xüsusilə Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan xəttində formalaşan iqtisadi və strateji yaxınlaşma Avrasiyada yeni güc balanslarına təsir edən mühüm faktorlardan birinə çevrilib.
Burada Orta Dəhlizin strateji əhəmiyyəti ayrıca vurğulanmalıdır. Çünki Orta Dəhliz təkcə bir dəmir yolu və ya ticarət xətti deyil. Bu layihə Rusiya mərkəzli şimal dəhlizinə və dəniz yollarına alternativ yaradan yeni nəsil Avrasiya bağlantı modelidir. Çindən çıxan yüklərin Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çatması artıq qlobal ticarət baxımından kritik əhəmiyyət daşıyır. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra şimal xəttində yaranan risklər Orta Dəhlizin geosiyasi dəyərini daha da artırıb. Avropa İttifaqı da bu gün enerji və logistika təhlükəsizliyi baxımından bu xəttin əhəmiyyətini daha aydın şəkildə dərk etməyə başlayıb.
Azərbaycan isə bu sistemin mərkəzi ölkələrindən biridir. Çünki həm Xəzər keçidinin əsas halqasıdır, həm enerji xətlərinin təhlükəsizliyində kritik rol oynayır, həm də Türkiyə ilə Orta Asiya arasında strateji körpü funksiyası daşıyır. Bu səbəbdən Azərbaycana yönələ biləcək siyasi təzyiqlər və ya regionda yarana biləcək yeni gərginliklər təkcə Bakını deyil, bütövlükdə Orta Dəhliz sistemini təsir altına sala bilər. Eyni məntiq Ermənistan üzərindən formalaşa biləcək Rusiya–Qərb gərginliyi üçün də keçərlidir. Çünki Cənubi Qafqazda sabitliyin zəifləməsi nəqliyyat layihələrinə, enerji investisiyalarına və regional inteqrasiya proseslərinə ciddi zərər verə bilər.
Bu nöqtədə Türk Dövlətləri Təşkilatının daha aktiv diplomatik refleks göstərməsi xüsusi əhəmiyyət daşıyır. Çünki Türk dünyası tarixdə ilk dəfə Xəzərdən Anadoluya qədər uzanan fasiləsiz strateji bağlantı imkanına bu qədər yaxınlaşıb. Zəngəzur dəhlizi müzakirələri də məhz bu səbəbdən yalnız Azərbaycan–Ermənistan məsələsi deyil, birbaşa Türk dünyasının fiziki inteqrasiyası ilə bağlı strateji mövzudur. Əgər Orta Dəhliz tam gücü ilə işlək hala gələrsə, Türkiyədən başlayan ticarət xətti Xəzər üzərindən Orta Asiyaya və oradan Çinə qədər uzana bilər ki, bu da təkcə iqtisadi deyil, həm də geosiyasi transformasiya deməkdir.
Eyni zamanda Çin də bu prosesdə ehtiyatlı və maraqlı mövqe sərgiləyir. Pekin qlobal ticarət marşrutlarını diversifikasiya etmək üçün Orta Dəhlizə strateji əhəmiyyət verir. Avropa isə Rusiya asılılığını azaltmaq məqsədilə alternativ enerji və logistika yollarını dəstəkləməyə çalışır. Yəni əslində Cənubi Qafqazdakı sabitlik təkcə region ölkələrinin deyil, Çindən Avropaya qədər uzanan geniş aktor şəbəkəsinin ümumi maraq sahəsidir.
Bu səbəbdən Türk Dövlətləri Təşkilatının, Orta Asiya ölkələrinin və Orta Dəhlizlə iqtisadi bağlılığı olan dövlətlərin Cənubi Qafqazdakı proseslərə daha yüksək strateji səviyyədə yanaşması qaçılmazdır. Çünki bu gün məsələ artıq iki ölkə arasındakı sərhəd mübahisəsi deyil, Avrasiyanın gələcək iqtisadi və geosiyasi istiqamətinin hansı ox üzərində formalaşacağı məsələsidir.
Gələcək mərhələdə Türk Dövlətləri Təşkilatının yalnız mədəni həmrəylik platforması kimi deyil, enerji təhlükəsizliyi, nəqliyyat strategiyaları, regional diplomatiya və iqtisadi koordinasiya sahələrində daha institusional və təsirli bir quruma çevrilməsi gözlənilə bilər. Çünki mövcud reallıq göstərir ki, Cənubi Qafqazda sabitliyin qorunması artıq yalnız regional sülh məsələsi deyil, Türk dünyasının inteqrasiyası, Orta Dəhlizin gələcəyi və Avrasiya geosiyasətinin yenidən formalaşması baxımından tarixi əhəmiyyət daşıyır.