“Azərbaycanla Pakistan arasında ittifaq qurulmalıdırr” - Musavar Hamid Tanoli

15:10 23.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib, yüksək səviyyəli görüşlər keçirdi, hətta birgə hərbi təlimlərin keçirilməsi də qərara alındı və sair. Söhbət ondan gedir ki, Azərbaycan müstəqilliyini bərpa edən gündən qardaş Pakistan dövləti yanımızdadır. Hər zaman dəstəyini ölkəmizdən və xalqımızdan əsirgəməyən bu qardaş dövlət bizə görə indiyədək Ermənistanın müstəqilliyini belə tanımayıb. Məlum 44 günlük Vətən müharibəsi vaxtı da Pakistan Türkiyə ilə bərabər bütün sahələrdə Azərbaycanın yanında durdu.

Bütün bu dostluq və qardaşlıq münasibətlərimizin inkişafında ölkələrimizin siyasi dairələri yanaşı, ictimai sferası, xüsusilə gəncləri də böyük rol oynayıblar. Onlardan biri də beynəlxalq münasibətlər üzrə mütəxəssis, Pakistan, Azərbaycan, Türkiyə Gənclər Forumunun rəhbəri Musavar Hamid Tanolidir. Gəlin onun ölkəmizlə bağlı fikirlərindən bəhs edən müsahibəyə birlikdə nəzər salaq:

- Bizim ölkədə də hər kəs Pakistanla Azərbaycan arasında əla münasibətlərin olduğunu bilir. Xüsusilə ikinci Qarabağ müharibəsindən sonra qardaşlıq əlaqələrimiz güclənib. Pakistan xalqı, xüsusilə Bakı, Füzuli, Cəbrayıl, Qubadlı, Suşa və digər Azərbaycan şəhərlərində Pakistan, Azərbaycan və Türkiyənin bayraqlarının yan-yana dalğalandığını bilir. Xalqımız bu sevgini görəndən sonra Azərbaycana marağı daha da artıb, çoxları ölkənizə səfər etmək arzusundadır. Biz Pakistan xalqı olaraq Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsindən qürur duyuruq. Onu da qeyd edim ki, ikinci Qarabağ müharibəsindən əvvəl sadə pakistanlılar Azərbaycan haqqında bəlkə də çox məlumatlı deyildilər, lakin müharibədən sonra insanlarımız nəinki bilgilərini artırıblar, hətta Azərbaycana getmək istəyirlər.

- Pakistan ilk gündən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə başlayanda, bizə ciddi dəstək verdi. Bu münasibətləri rəsmiləşdirmək, yəni Azərbaycanla Pakistan arasında müttəfiqlik sazişi bağlamaq olmazmı?

- Bəli, Pakistan Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Azərbaycanı dəstəkləyib. Azərbaycan da öz növbəsində Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə edib. Hər iki ölkə ilk gündən əsas məsələlərdə prinsipial mövqe nümayiş etdirdi. Mən də belə düşünürəm ki, sosial, siyasi, iqtisadi, mədəni və hərbi, habelə müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün Azərbaycanla Pakistan arasında mütləq ittifaq qurmaq lazımdır.

- Hazırda Pakistan Quru Qoşunlarının komandanı, general Qamar Caved Bacva Azərbaycanda səfərdədir. Sizcə belə yüksək səviyyəli səfərlər nədən xəbər verir?

- Mətbuatdan da izlədiyim qədər, Pakistanın ordu rəhbəri Azərbaycanda yüksək rütbəli şəxslərlə ciddi görüşlər keçirir, danışıqlar aparır. Onun Prezident İlham Əliyev və Azərbaycan Ordusunun rəhbərliyini təmsil edən yüksək vəzifəli şəxslərlə görüşdüyünü bilirik. Bizdəki məlumata görə, səfərin məqsədi hərbi əməkdaşlığı gücləndirmək, ortaq hərbi təlimlər keçirmək, eləcə də iki ölkə arasında müxtəlif silah-sursatın alınmasına dair danışıqlar aparmaqdır. Baş Qərargah rəisinin dediyi kimi, Pakistan gələcəkdə də Azərbaycanla hərbi əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Onu da bilin ki, Pakistanın ordu rəhbərliyi Azərbaycanın ikinci Qarabağ müharibəsində göstərdiyi yüksək döyüş hazırlığı və nəticədə qazandığı şanlı qələbəni yüksək qiymətləndirib.

- Müttəfiqlikdən söz açılanda, bəziləri sual edir: Pakistan böyük dövlətdir, cəmi 10 milyon əhalisi olan Azərbaycanla müttəfiq olmaq Pakistana fayda verə bilərmi? Bu suala siz cavab verin: Azərbaycanla müttəfiqlik Pakistana nə verə bilər?

- Azərbaycan enerji sektorunda, xüsusilə də neft və qaz sahəsində çox vacib rol oynaya bilər. Düşünürəm ki, əlbəttə, əhalinin sayı iki ölkə arasında mövcud əməkdaşlıq səviyyəsini müqayisə etmək üçün vacib amildir. Potensial böyükdür, Pakistan dövləti Azərbaycanla bir çox sahələrdə, xüsusən də neft və qaz layihələrində, eləcə də təhsil sahəsində əməkdaşlıq edə bilər.

- Heç kimə sirr deyil ki, yuxarıda da dediyiniz kimi, Kəşmir münaqişəsinin həlli məsələsində Azərbaycan Pakistanın yanındadır. Bu, birlikdə olmaq münaqişənin həlli demək deyil. Sizcə, Kəşmir münaqişəsinin həllində biz azərbaycanlılar nə edə bilərik, Azərbaycan dövləti nə kimi rol oynaya bilər?

- Kəşmir məsələsində Azərbaycan Respublikasının prinsipial yanaşmasını yüksək qiymətləndiririk. İlk gündən Azərbaycan hökuməti və xalqının Kəşmir məsələsində Pakistanı dəstəklədiyini yaxşı bilirik. Biz hər birimiz Azərbaycana verdiyi dəstəyə görə minnətdarıq. Təəssüf ki, Pakistanda Dağlıq Qarabağ, Azərbaycanda isə Kəşmir məsələsini bilməyən adamlar da var. Buna görə nə edə bilərik: Pakistan və Azərbaycan cəmiyyətlərinin, xüsusilə də gənclərinin  sözügedən münaqişələri öyrənib-bilməsi, milli sərvətimiz olan adət və ənənələri daha yaxşı mənimsəməsi üçün mübadilə proqramları təqdim edə bilərik. Məncə, belə proqramların tətbiqi çox yaxşı effekt verə bilər.

- Yəqin, xəbəriniz var, Pakistan hələ də Ermənistanı dövlət olaraq tanımır. Bir ziyalı və beynəlxalq siyasətlə məşğul olan biri kimi, bu haqda nə deyərdiniz?  Qarabağ münaqişəsi tam olmasa da, müəyyən faiz aradan qalxıb. Bundan sonra Pakistan Ermənistanı tanıya və onunla iqtisadi-siyasi əlaqələr qura bilərmi?

- Sizin də dediyiniz kimi, Pakistan məhz Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımır. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsi tam həll olunduqdan, işğal siyasəti aradan qaldırıldıqdan sonra Pakistanla Ermənistan arasında diplomatik münasibətlər yaratmağa mane olacaq heç bir səbəb qalmır. Yenə deyirəm, Ermənistanla azərbaycan aarsında tam sülh yarandıqdan, ölkələrarası əlaqələr bərpa edildikdən sonra Pakistan da Ermənistanla diplomatik əlaqələr qura bilər.

- Yeri gəlmişkən, siz Pakistan, Azərbaycan və Türkiyə Gənclər Forumunun rəhbərisiniz. Elə forum rəhbəri olaraq deyin: bu üç qardaş ölkə hər hansı ad altında siyasi, iqtisadi, hərbi və sair sahələrdə güclü ittifaq qura bilərmi? Bunun üçün potensial görürsünüzmü?

- Pakistan, Azərbaycan və Türkiyə arasında ittifaq yaratmaq üçün çox böyük potensial mövcuddur. İkinci Qarabağ müharibəsindən sonra bölgədə proseslər tamamilə dəyişib. Bu üç ölkə arasında dost və qardaş münasibətlər mövcuddur. İqtisadi və hərbi ittifaq qura bilsək, bu, Azərbaycan, Türkiyə və Pakistan üçün böyük nailiyyət olacaq. Pakistan onsuz da Azərbaycan və Türkiyə ilə ikitərəfli şəkildə güclü siyasi əlaqələrə malikdir, lakin üçtərəfli ittifaq qursaq, bu bizim üçün əlavə fürsətlər yaradacaq.

- Üç dövlət aarsında siyasi müttəfiqlikdən söz açırıq, bəs siz necə oldu ki, Pakistan, Azərbaycan və Türkiyə Gənclər Forumu təsis etdiniz? Maraqlıdır, bu forum vasitəsilə indiyədək hansı layihələri həyata keçirmisiniz, işinizi uğurlu hesab etmək olarmı?

- Pakistan, Azərbaycan, Türkiyə Gənclər Forumunu, təxminən, iki il əvvəl, Azərbaycan Respublikasının İslamabaddakı səfirliyində stajımı başa vurduqdan sonra yaratdım. Bu forumun məqsədi Pakistan, Azərbaycan və Türkiyə gəncləri arasında əməkdaşlığı inkişaf etdirmək, bu üç ölkə haqqında müstəqillik günü və digər milli bayramlar kimi xüsusi günlərdə məlumatları bölüşməkdir. Doqquz mindən çox üzvümüz var. Forumdan gözləntilərim budur ki, Pakistan, Azərbaycan və Türkiyənin ortaq şəkildə bir mübadilə proqramı təşkil edək. Sonra həmin proqram əsasında hər üç ölkədən olan gənclərimiz, bu ölkələrin milli adət və ənənələri, dəyərləri, mədəniyyəti, məişəti, tarixi və sairlə daha yaxından tanış olmaq və sonra görüb-öyrəndiklərini öz cəmiyyətlərində təbliğ edə bilmək üçün qarşılıqlı səfərlər edə bilsin. Gördüyümüz işlərdən, məsələn, Azərbaycan torpaqlarını işğaldan azad edərkən ciddi dəstək verdik, bu haqlı davanı sosial mediada yaydıq və həqiqəti Pakistan xalqına söylədik. Bu 44 günlük müharibə zamanı Ermənistan tərəfindən törədilən bütün fəaliyyətləri, vəhşilikləri və hərbi cinayətləri bir-bir xalqımıza çatdırdıq,  Ermənistanın beynəlxalq hüquqa zidd şəkildə Azərbaycana qarşı yürütdüyü düşmən siyasətin məğzini insanlara söylədik.

- Elə əvvəlki sualın davamı olaraq, deyin: Forum vasitəsilə Azərbaycanın Pakistanda tanınması üçün nə kimi layihələriniz olub? Məsələn, Ermənistanın Azərbaycan ərazisinə qarşı təcavüzü və ötən ilin payızında Azərbaycan ordusunun düşməni torpaqlarımızdan qovmaq üçün başlatdığı Vətən müharibəsi zamanı gördüyünüz işlərdən söz açdınız, bu müstəvidə başqa hansı addımları atmısınız?

- Azərbaycanın rəsmi saytları, beynəlxalq təşkilatlar, xüsusən də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupu və sair tərəfindən yayılan məlumatları mütəmadi şəkildə izləmişəm və Ermənistanın törətdiyi müharibə cinayətlərinə daiz bütün məlumatları sosial mediada paylaşmışıq. Eləcə də twitter səhifəsində açdığımız #PakistanAzərbaycanlabirlikdədir və #Pakistan4Azərbaycan həştəg etiketlərindən istifadə edərək, Azərbaycanı dəstəklədik. Ümumiyyətlə, bütün Pakistan gəncləri qardaş Azərbaycanın müdafiəsinə qalxmışdılar, Azərbaycan həqiqətlərinin yayılması üçün çox fəallıq göstərdilər. Pandemiya səbəbi ilə onlayn sosial hesablar vasitəsilə məlumat paylaşdıq. Amma düşünürəm ki, pandemiya vəziyyəti başa çatandan sonra, ola bilər, canlı konfrans təşkil edək.