Portuqaliyanın paytaxtı Lissabonda 36 yaşlı azərbaycanlı turistin başına inanılmaz əhvalat gəlib. Ötən həftə sonu adı açıqlanmayan azərbaycanlı Portuqaliyanın paytaxtında restoranlardan birində nar şirəsi sifariş edib. Az sonra antiterror polisi restorana basqın edib, kişini yerə yıxıb və əlini qandallayıb. Portuqaliya mətbuatı xəbər verir ki, buna səbəb anlaşılmazlıq olub.
Belə ki, rusdilli azərbaycanlı telefonunun dil genişlənməsindən istifadə edərək “Nar suyu istəyirəm” sözlərini rus dilindən portuqal dilinə tərcümə edib. Lakin proqram bu mətni portuqal dilinə belə tərcümə edib: “Mənim qumbaram var”.
Turist bu sözləri bir kağıza yazıb ofisianta verib. Ofisiant düşünmədən polisə zəng edib. Az sonra restorana avtomatlarla silahlanmış antiterror polisinin xüsusi təyinatlı 5 əməkdaşı daxil olaraq azərbaycanlı turisti yerə yıxıb və əllərini qandallayıblar.
Polis sözçüsü bildirib ki, azərbaycanlı “zərərsizləşdirildikdən” sonra restoran hərtərəfli yoxlanılıb. Adı açıqlanmayan turist ən yaxın polis bölməsinə aparılıb. Təbii ki, onun üzərində heç bir silah, dahası qumbara tapılmayıb. Lakin polis həmin şəxsin qaldığı oteldə də axtarış aparıb. Nəhayət, hər şey aydınlaşdıqdan sonra azərbaycanlı turist buraxılıb.
Bu hadisə ərəfəsində Fransa və Belçikada radikal islamçılar tərəfindən törədilən terror aktlarından sonra Portuqaliyanın təhlükəsizlik orqanları ölkədə terror təhlükəsi səviyyəsini 3-cü səviyyəyə qaldırıb.
Haqqın.az