“Azərbaycanda nəzəri olaraq məhkəməyə müraciət hər kəs üçün açıqdır. Təəssüflər olsun ki, təcrübədə maddi maneələr səbəbindən bu hüquqdan istifadə etmək hər kəs üçün mümkün olmur”.
Bunu hafta.az-a aztəminatlıların məhkəmə xərcləri ilə bağlı açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədr müavini, hüquq müdafiəçisi Əhməd Rəhmanov bildirib.

Ə.Rəhmanov vurğulayıb ki, məhkəməyə getməyin real xərcləri acınacaqlıdır. O, sadə bir mülki iş üzrə prosesə başlamaq üçün vətəndaşın qarşısına çıxan xərclərə diqqət çəkib:
“İlkin hüquqi məsləhət: 30-50 manat, ilk instansiya üçün Vəkil xidməti təxminən 600 manat, mediasiya isə ən azı 61 manatdır. Qeyd edim ki, bir çox ölkələrdə könüllü xarakter daşıyan mediasiya Azərbaycanda bir çox işlər üzrə məcburidir. Bu prosesdə isə şəhid ailələri, qazilər və digər həssas qruplar üçün heç bir güzəşt nəzərdə tutulmur”.
MHB sədr müavini qeyd edib ki, məhkəmə xərcləri xüsusilə aztəminatlı vətəndaşlar üçün ciddi problemə çevrilir. O, əmək hüquqları pozulan işçilərin, ailədaxili zorakılığa məruz qalan qadınların, qazilərin, əlilliyi olan şəxslərin çox vaxt hüquqlarını müdafiə edə bilmədiyini bildirib:
“Məsələn, Xətai Rayon Məhkəməsində 300 manat pensiya ilə yaşayan yaşlı bir qadın mediasiya və vəkil xərclərini eşidəndə göz yaşlarını saxlaya bilməyərək - “bu pulu haradan tapım” -deyə sual da etdi. Vəziyyətin necə acınacaqlı olduğu elə bu sualdan tam aydın görünür. Buradan o da bəlli olur ki, maddi baryerlər aradan qaldırılmadıqca və mediasiya həqiqətən könüllü olmadıqca, məhkəməyə çıxış yalnız imkanlıların əlində qalacaq. Bu isə sosial problemlərin daha da dərinləşməsi riskini artırır”.